SON XƏBƏRLƏR

Azərbaycanlı alimin ailəsi və vəkili ona verilən edam cəzasından nigarandır

2021.10.20, 07:36
Azərbaycanlı alimin ailəsi və vəkili ona verilən edam cəzasından nigarandır

Gunaz.tv

GünAz TV: İranda azərbaycanlı araşdırmaçı-alim, İsveç (Sued) sakini Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmünün Ali Məhkəmə tərəfindən yenidən təsdiq edilməsi onun yaxınlarının ciddi nigaranlığına səbəb olub.

 

Alimin Belçikadakı vəkili Zohir Şihəvi onun barəsində çıxarılan hökmün artıq İranın Ali Məhkəməsi tərəfindən qəti şəkildə təsdiqləndiyini açıqladıqdan sonra diqqətlər yenidən hökmün icrasına yönəlib. “Radio Fransa”nın yaydığı məlumata görə, vəkil hökmün hər an icra oluna biləcəyi haqda xəbərdarlıq edib.

 

Təbrizli alimin vəkili bundan öncə yanvarın 24-də hökmün icrasının geriyə atıldığını və bu haqda yeni araşdırmalara başlandığını açıqlamışdır.

 

Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehranniya edam hökmünün yenidən Ali Məhkəmə tərəfindən təsdiqlənməsi haqda “Radio Zəmane”yə danışıb. Övladları ilə birlikdə hazırda İsveçdə yaşadığını deyən Vida Mehranniya bildirib ki, “Əhmədrza İrana xidmət etməkdən başqa heç bir iş görməyib. O ölkə üçün 20 elmi projedə çalışıb. Amma təəssüflər olsun ki, heçnəyi nəzərə almırlar. Onun işinin dəyərinə, ümumiyyətlə bir insanın həyatına fikir verilmir. Əhmədrza günahsızdır, o dosyesinə ədalətli şəkildə baxılmasını tələb edir. Lakin onun tələbinə məhəl qoyulmur. Bu məsələ bizdə ciddi psixoloji gərginlik yaradıb, mən şəxsən başımı itirmişəm...”

 

Vida Mehranniya

 

Alimin həyat yoldaşı ona qarşı irəli sürülən ittihamla bağlı bəyan edib ki, “biz həqiqətən şokdayıq. Bildirilir ki, onun nüvə alimlərinin qətlində əli var. Bu, yalan iddiadır. Bu haqda fakt vəya hər hansı sənəd də göstərilmir. Onlar zor gücünə deyir ki, sənin bu terrorda əlin var!”

 

“Nüvə alimləri terror olduğu zaman elan olundu ki, Atom Enerji Təşkilatı həmin alimlərin adını Beynəlxalq Atom Enerji Agentliyinə açıqlayıb və bu məsələdə Ettelaat Nazirliyi zəif əməl edib. İndi deyirlər ki, alimlərin adını Əhmədrza ifşa edib. Onlar bununla Atom Enerji Təşkilatı və Ettelaat Nazirliyini məsuliyyətdən yayındırmaq istəyirlər”- deyə Ə.Calalinin həyat yoldaşı qeyd edib.

 

V.Mehranniya Ə.Calaliyə Ettelaat Nazirliyi ilə əməkdaşlıq haqda verilən təklifə də toxunub.  “Bəli bu məlumatı təsdiq edirəm. Bu məsələ var idi. Mən əvvəl bu haqda heçnə bilmirdim. Amma sonra öyrəndim ki, Əhmədrzadan Avropada işlədiyi mərkəzlər haqda məlumat verməsini tələb ediblər. Lakin yoldaşım bu təkliflə razılaşmayıb”- deyə o vurğulayıb.

 

Xanım V.Mehranniya sözlərinin sonunda vurğulayıb ki, Ə.Calalinin vəkilləri məhkəmə qərarına yenidən etiraz edəcəklər.

 

Qeyd edək ki¸ İran rejimi azərbaycanlı alimi iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır, alim isə bütün bu ittihamları rədd edir.

 

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

 

Azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

 

Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar