SON XƏBƏRLƏR

Azərbaycanlı alimin edam hökmü ilə bağlı İran səfiri İsveç XİN-ə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı alimin edam hökmü ilə bağlı İran səfiri İsveç XİN-ə çağırılıb

Gunaz.tv

GünAz TV: İsveçdə daimi iqaməti olan güney azərbaycanlı Prof. Dr. Əhmədrza Calali haqqında çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu ölkənin səfiri İsveçin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Bu barədə mətbuat İsveçin xarici işlər naziri Marqot Vallstroma istinadən xəbər yayıb.

 

Məlumata görə, səfirlə danışıqda edam qərarına etiraz edilib, onun ləğv olunması tələb olunub.

 

M.Vallstrom edam hökmünün təsdiqlənməsi ilə bağlı yayılan xəbərə belə münasibət bildirib: “İsveç Əhmədrza Calali barəsində çıxarılan edam hökmünün ləğvini istəyir. Bununla bağlı Avropa İttifaqının digər ölkələri ilə birlikdə dəfələrlə öz etirazımızı bildirmişik. Bu gün növbəti dəfə etirazımızı İranın ən yüksək rütbəli rəsmi şəxslərinə çatdırdıq.”

 

Azərbaycanlı araşdırmaçı-alimin vəkili ötən günlərdə bir Belçika qəzetinə artıq edam hökmünün qəti olaraq təsdiq olunduğunu açıqlayıb.

 

İran rejimi Əhmədrza Calalini iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır. Lakin müttəhim avqust ayında zindandan Beynəlxalq Əfv Təşkilatına yazdığı məktubda İran kəşfiyyatına casusluq etməkdən imtina etdiyinə görə həbs olunduğunu vurğulamışdır.

 

Məlumata görə, Ali Məhkəmə vəkillərin müdafiə mətnini qəbul etmədən edam hökmünü təsdiqləyib.

 

Tanınmış alim haqda çıxarılan ədalətsiz qərar dünya ictimaiyyəti və insan haqları qurumları tərəfindən kəskin etirazla qarşılanır.

 

Ə.Calalini islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar