SON XƏBƏRLƏR

Azərbaycanlı çempion “Məhliqə” at sürmə yarışında yıxılaraq xəstəxanalıq olub

2021.10.20, 07:36
Azərbaycanlı çempion “Məhliqə” at sürmə yarışında yıxılaraq xəstəxanalıq olub

Gunaz.tv

GünAz TV: Ötən həftə Şərqi Azərbaycan Əyalətində yerləşən  Kəleybərin “Qara Qaya” məntəqəsində elat-əşayir tayfalarının 26-cı festivalı keçirilib. Festivalda həyata keçirilən proqramlardan biri də at sürmə yarışı olub.

 

Məlumata görə, əşayir tayfalarının keçirdiyi ənənəvi at sürmə yarışlarında 26 ildir qalib gələn Məhliqə Xani bu yarışda xoşa gəlməz hadisə ilə üzləşib. O yerə yıxılan bir atçı ilə toqquşduğu üçün bədən xəsarəti alıb və finiş xəttinə çata bilməyib. Məliqənin barmaqları, əl və çənəsinin qırıldığı bildirilir.

 

At sürmə yarışlarının hər zaman qalibi olan Məhliqə bu günə qədər dövlət dəstəyindən məhrum olub. Hazırda Təbrizin Şöhəda xəstəxanasında müalicə alan çempiona yenə də heç bir yardım edilmir, hətta siğorta belə onun xəstəxana xərcini qarşılamaqdan imtina edir.

 

Məhliqənin xalası qızı bu barədə bildirib ki, məsullar bizdən bura gələn jurnalistlərə müsahibə verməməyimizi tələb edir. Çənəsinin qırıldığından çətinliklə danışan Məhliqə xalası qızının dediyi sözlə əlaqədar bildirib ki, onlar özlərinə görə belə deyir. İstəmirlər ki, əhali 26 ildə nə qədər ayrı-seçkilik və zülmə məruz qaldığımı bilsinlər.

 

Məhliqənin həyat yoldaşı xəstədir, o 15 ildir ki, Təbrizin Razi xəstəxanasında müalicə alır. Onun övladlarından biri ailə qurub, hazırda 18 yaşlı qızı və 14 yaşlı oğlu ilə yaşayır. O ailəsinin keçimini çətinliklə təmin edir.

 

“Yadıma gələndən məsulların vədini xatırlayıram. Onlar dəfələrlə söz veriblər ki, yarışlara qatılacağım təqdirdə mənə ev verib, siğorta edib və digər imkanlar yaradacaqlar. Lakin verilən vədlər yerinə yetirilmir.

Ötən il yarışlarda 500 min tümən mükafat aldım. Çoxları məni lağa qoyur. Deyirlər ki, adam 500 min tümənə görə yarışa qatılar?! Lakin onlar bilmir ki, mən at sürməyi sevdiyim üçün bunu edirəm, pula görə deyil...”- deyə azərbaycanlı çempion bildirib.

 

Məlumata görə, Məhliqəni müalicə edən həkim onun cərrahi əməl olunması üçün Şöhəda xəstəxanasında imkan olmadığını bildirib. Onun sözlərinə görə, bunun üçün özəl xəstəxanaya müraciət olunmalıdır.

 

Xatırladaq ki, hər il “Qara qaya” məntəqəsində keçirilən festivalda atıcılıq, at sürmə, güləş, ipçəkmə və qaçış kimi idman növləri üzrə yarışlar təşkil olunur. Bu il də mayın 3-də keçirilən festivalda İdman və mədəniyyət sahəsində əşayirlərin həyat tərzini əks etdirən müxtəlif proqramlar icra olunub.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar