SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Murtaza Pərvin məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Murtaza Pərvin məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Murtaza Pərvin Babək qalası mərasiminə qatılması ilə əlaqədar üzləşdiyi ittihamlarla bağlı məhkəməyə çağırılıb.

 

Kəleybərin 2 saylı Məhkəməsinin 101-ci Şöbəsi azərbaycanlı fəaldan yanvarın 29-da məhkəməyə müraciət etməsini tələb edib.


“Kəleybər Ettelaat İdarəsinin əleyhinizə olan şikayət və iddiaları ilə əlaqədar məhkəməyə müraciət edin”- deyə çağırış vərəqəsində qeyd olunub.

 

2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən yüzlərlə mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin  azadlığa buraxılmasını tələb etmişdilər. M.Pərvin həmin mərasimdə daha 11 fəalla birlikdə yaxalanaraq Əhər zindanına aparılmışdır.

 

 

Azərbaycanlı fəalın ümumi asayişi pozmaqda ittiham olunduğu bildirilir.

 

M.Pərvin 2016-cı ildə də siyasi məhbusların azadlığını tələb edən plakat nümayiş etdirdiyinə görə ümumi asayiş pozmaq ittihamı ilə 3 ay həbs və 30 şallaq zərbəsi hökmü ilə üzləşib.

 

Ərdəbilli sənətçi həmçinin ötən aylarda rəsm əsərləri sərgisinin keçirilməsinə icazə verilmədiyinə öz kəskin etirazını bildirmişdir.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar