SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səfiyyə Qarabaği bəraət qazanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səfiyyə Qarabaği bəraət qazanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Səfiyyə Qarabaği məhkəmədə “yalan şayiə yaymaq” və “ictimaiyyəti təşvişə salmaq” ittihamları ilə bağlı iş üzrə bəraət qazandığını bildirib.

 

O bu barədə Twitter səhifəsində məlumat yayıb.

 

“Hakim Mehdi İsfahaninin sədri olduğu Zəncan Məhkəməsinin 2-ci şöbəsi “yalan şayiə yaymaq” və “ictimaiyyəti təşvişə salmaq” ittihamları ilə bağlı barəmdə bəraət hökmü çıxarıb”- deyə o bildirib.

 

Azərbaycanlı fəal həmçinin qeyd edib ki, son məhkəmə iclasında qadınlara qarşı zorakılıqdan yazdığı, “Qara Məhəmməd” kəndindən olan “Neda” barəsində çıxarılan məhkəmə qərarına etiraz etdiyi və Səid Mətinpurun vəziyyəti haqda yazdığı üçün ona suallar verilib.

 

Bəraət hökmündə qeyd olunub ki, Səfiyyə Qarabağiyə qarşı irəli sürülən ittihamlara əsas verən arqumentlər mövcud vəziyyətə tənqid olduğu üçün ona bəraət verilir.

 

Azərbaycanlı fəal bundan əvvəl Zəncan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma” ittihamları ilə üzləşib, lakin o sonralar irəli sürülən ittihamlardan bəraət qazanıb.

 

Zəncan sakini olan Səfiyyə Qarabaği qadın hüquqları müdafiəçisi və azərbaycanlı mədəni fəallardan biridir.

 

Fəal bundan əvvəl “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğat aparmaq”, “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumat yaymaq” kimi qondarma ittihamlarla Zəncan Ettelaat İdarəsi tərəfindən saxlanmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar