SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili olduqca ucuz qiymətə özəlləşdirilən Muğan Aqrosənaye Kompleksinin qaytarılmasını tələb edib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili olduqca ucuz qiymətə özəlləşdirilən Muğan Aqrosənaye Kompleksinin qaytarılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərinin İran parlamentindəki millət vəkili Südeyif Bədri olduqca ucuz qiymətə özəlləşdirilən Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin qaytarılmasını istəyib.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışıb.

 

“İctimai və mədəni məsələlərin nəzərə alınmaması, etiraz edənlərin rəyinin eşidilməməsi, qiymətin aşağı olması və ictimaiyyətin mövcud şübhələrə həssaslıq göstərməsi, kompleksin özəl sektora ötürülməsinin qeyri-şəffaf şəkildə həyata keçirilməsi və s. kimi amillər indiki şəraitdə şirkətin geri qaytarılmasını qaçılmaz edir”- deyə o vurğulayıb.

 

Millət vəkili Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin çox ucuz qiymətə özəl sektora buraxıldığının qəbuledilməz olduğunu bildirərək onun sahəsinin bəzi ölkələrin sahəsindən daha çox olduğunu deyib.

 

“Muğan əhalisinin bu kompleksə xüsusi mənəvi bağlılığı var, hətta onların bir növ kimliyinin bir hissəsinə çevrilib. Bu kimi bütün həssas məsələlərə baxmayaraq bu kompleks digər dövlət şirkətləri ilə müqayisədə fərqli prosedurla özəl sektora ötürülüb. Ona görə də bu məsələyə yenidən baxılmalı və müqavilə ləğv olunmalıdır. Düşünürəm ki, özəlləşdirmədən əvvəl hər şey ciddi şəkildə araşdırılmalı, məntəqənin şəraiti isə xüsusi olaraq nəzərə alınmalıdır”- deyə S.Bədri əlavə edib.

 

Ötən günlərdə İran rejimi Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini dəyərindən 1000 milyard tümən aşağı qiymətə özəl sektora buraxıb.

 

“Tabnak” xəbər agentliyi bu barədə yaydığı məlumatda bildirib ki, 2016-cı ildə (Hicri-şəmsi təqvimi ilə 1395-ci il) Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinə 2700 milyard tümən qiymət qoyulub, lakin ötən günlərdə min milyard tümən endirim edilərək 1700 milyard tümənə özəlləşdirilib.

“Tabnak” saytı heç bir şəxs və ya qrupun adını çəkmədən bu məsələ ilə bağlı pərdə arxasında olanları mafiya bandaları, dəllal və fürsətçilər adlandırıb.

 

Təbrizin keçmiş millət vəkili Əkbər Ə`ləmi isə yazdığı etiraz məktubunda bildirib ki, “əgər kompleksin əmlak, bina, avadanlıq, texnika və bol məhsullu bağ sahəsini (2600 hektar bağ sahəsi mövcuddur) nəzərə almayıb onu boş ərazi kimi nəzərdə tutsaq da, bu torpağın 1 kvadrat metri 2800 tümənə, yəni iki paket 100 qramlıq popkorndən (püfək) daha ucuz qiymətə özəlləşdirilib, bu qəbuledilməzdir.”

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar