SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Davud Şiridən Urmu gölünün qurudulması ilə bağlı kəskin çıxış – Səs Faylı

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Davud Şiridən Urmu gölünün qurudulması ilə bağlı kəskin çıxış – Səs Faylı

Gunaz.tv

GünAz TV: Təbriz sakini, azərbaycanlı milli-mədəni fəal Davud Şiri İran rejimi məsullarının Urmu gölü böhranına laqeyd münasibətini kəskin pisləyib.

 

Fəalın çıxışı internetdə Səs Faylı şəkilində yayılıb.  Urmu Gölünü Canlandırma Mərkəzinin Şərqi Azərbaycan Əyaləti üzrə nümayəndəsi Dr. Xəlil Saiyə xitabən danışan fəal hökumət rəsmilərini Urmu gölünü qurutmaqda günahlandırıb.

 

Fəal ətraf mühitin mühafizəsi ilə bağlı İran konstitusiyasının 50-ci maddəsinə işarə edərək ətraf mühitə ziyan vuran iqtisadi fəaliyyətlərin qadağan olduğunu xatırladıb.

 

“Mən bir azərbaycanlı mədəni fəal kimi, bölgə əhalisinin əsas problemlərindən olan Urmu gölü böhranı haqda bir neçə məsələyə toxunmaq istəyirəm. Ola bilsin ki, bu sözləri eşidib və bilmək istəyənlər var, baxmayaraq ki, buna şübhəm var.  Mən və mənim kimi bir çoxları Urmu gölünə dəstək məqsədi ilə bir çox tədbir və etirazlara böyük məmnuniyyətlə qatılmışıq və gölün taleyi ilə bağlı heç bir güzəştə getmək fikrimiz də yoxdur. Amma siz məsullar gölün ağır vəziyyətdə olduğunu gördüyünüz halda, onun qurtarılması üçün hər hansı tədbir almırsınız. Siz bu istiqamətdə heç bir iş görmədiniz. Ona görə ki, işinizin nəticəsini kimsə görməyib, quruyan suyun yerində toplaşan duzlar da sizin iddialarınızı təsdiq etmir. Əks halda ətraf mühiti dəstəkləyən daxili və xarici qüvvələrlə əməkdaşlıq edərdiniz və bu gün bir çox xəstəliyə səbəb olan duz təpələrinə də şahid olmazdıq. Bu gün ətraf mühiti müdafiə edən adi insanlar məhkəmələrdə  bölücülük, milli təhlükəsizliyə qarşı əməl etmək, toplaşma, sözləşmə və s. kimi ittihamlarla üzləşir.

Urmu gölünü fiziki olaraq məhv edə bilərsiniz, lakin onu ürəyimizdən heç zaman silə bilməyəcəksiniz. Bu yanaşmanı nə zamanadək davam etdirəcəksiniz?! Görəsən öz övladınız Urmu gölünün qurumasından dolayı əmələ gələn duzdan xərçəng xəstəliyinə (sərətan) düçar olsaydı, yenə də bu münasibətiniz dəyişməyəcəkdi?! Əgər bir müddət ətraf kəndlərdə yaşasaydınız, o zaman bölgədəki ətraf mühit problemləri, əkin yerləri və bağların quruması, müxtəlif xəstəliklər, həmçinin yoxsulluq və işsizliyi yaxından hiss edərdiniz. Artıq xahiş və təmənna vaxtı keçib. Sözlərimi təhlükəsizlik məsələsi kimi yoza biləcəyinizi və bunun ağır nəticələri olacağını da ehtimal edirəm. Lakin mən özüm və çoxlarının ürək sözlərini bəyan etdim. Mənim həyatım istədiyim kimi keçməsə də, Azərbaycan diyarında yaşayan bir insan kimi hər an hüquqlarımın pozulmasına şahid olsam da, yenə də torpaq yeyib amma torpaq verməyən Şəfizadə, Təcəllayi, Bakiri və Səttarxan kimi böyük insanların oğlu olaraq insanın ibtidai hüquqlarının təmini uğrunda canfəşanlıq edib və fədayi olmağı bacara bilərəm. Cənab Dr. Sai mən sadəcə sözdə və zahirdə sizə xitabən danışdım. Sonda dostlarımdan farsca yazdığıma görə üzr istəyirəm. Mən bununla Pəhləvi dövründən qalan irqçilərə demək istədim ki, bizim ləhcəmiz olsa da, fars dilində onlardan daha yaxşı yazıb, oxuyub və söhbət edə bilərik. Ümid edirəm ki, Urmu gölü ən qısa zamanda yaxşı vəziyyətə qayıdacaq, əks halda qurunun oduna yaş da yanacaq”- deyə azərbaycanlı fəal Dr. Xəlil Saiyə xitabən çıxışının bir hissəsində qeyd edib.

 

İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində Azərbaycan türk millətinə Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı vəd verib, lakin aradan 5 ildən çox vaxt keçməsinə baxmayaraq verilən vədlərin heç biri yerinə yetirilməyib. Bu müddətdə Azərbaycan əhalisi ilə yanaşı bəzi millət vəkilləri prezidentə dəfələrlə verdiyi vədləri xatırladıb və bu məsələyə öz etirazlarını bildiriblər, lakin edilən etirazlara bu günə qədər məhəl qoyulmayıb.

 

Səs Faylı:

https://www.youtube.com/watch?time_continue=166&v=K6LqHi8SUns

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar