SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Ərdəbil Məhkəməsinin çıxardığı həbs cəzası ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət edib

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Ərdəbil Məhkəməsinin çıxardığı həbs cəzası ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət edib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar Ərdəbil 2 nömrəli Məhkəməsinin 103-cü Şöbəsinin barəsində çıxardığı həbs cəzasına etiraz edib.

 

O bu barədə Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin rəisinə etirak məktubu göndərib.

 

M.Dustdar bundan öncə Ərdəbil 2 nömrəli Məhkəməsinin 103-cü Şöbəsi tərəfindən hökmün 2 il ərzində icra olunması şərti ilə 3 ay həbs cəzasına məhkum edilib. Məhkəmə hökmü yanvarın 18-də açıqlanıb.

 

Azərbaycanlı fəal fevralın 1-də yazdığı etiraz məktubunda məhkəmənin ona qarşı irəli sürdüyü bütün ittihamları rədd edərək bir daha ölkədə ana dilində təhsilin olmaması və bu haqda İran Konstitusiyasının 15-ci maddəsinin icra olunmamasına etiraz edib.

 

Azərbaycanın sistemli şəkildə mədəni hücumlara məruz qaldığını diqqətə çatdıran fəal qeyd edib ki, bizim əsas problemimiz şovinist qüvvələrin Azərbaycanın tarix, dil və mədəniyyətini məhv etməsi məsələsidir.

 

Azərbaycanlı fəal Apelyasiya Məhkəməsinə ünvanladığı məktubda gənclərin problemləri, işsizlik, bahalıq, əhalinin təbəqələşməsi, söz və qələm azadlığının olmaması kimi bir çox ictimai problemlərə də toxunub. O vurğulayıb ki, “Azərbaycanın əsas problemlərindən biri üzləşdiyi mərkəzçi siyasətdir. Bu, Azərbaycanın əhalidən boşalmasına gətirib çıxarır.”

 

Milli-mədəni fəal sözlərinin sonunda hakimləri ədalətsizliyə son qoymağa çağıraraq onları qanunları düzgün icra edərək barəsində bəraət hökmü çıxarmağa çağırıb.

 

Təhlükəsizlik qüvvələri 2017-ci il oktyabrın 26-da M.Dustdarı şəhərdə təbliğat aparmaq ittihamı ilə (Azərbaycanın milli və demokratik hüquqları uğrunda aparılan mədəni fəaliyyət nəzərdə tutulur) saxlayıb. O Ərdəbil zindanında 1 həftə saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

 

M.Dustdar nəhayət qövmlər məsələsini gündəmə gətirmək və millətçilərin lideri ilə əlaqədə olmaqda günahlandırılıb. Ərdəbil 2 nömrəli Məhkəməsinin 103-cü Şöbəsi islam cəza qanunlarının 500-cü maddəsini rəhbər tutaraq onu sistemin əleyhinə təbliğ etmək ittihamı ilə həbs cəzasına məhkum edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar