SON XƏBƏRLƏR

Azərbaycanlı öyrəncilərdən Həsən Ruhaninin Təbrizə səfəri ilə bağlı Bəyanat

2021.10.20, 07:36
Azərbaycanlı öyrəncilərdən Həsən Ruhaninin Təbrizə səfəri ilə bağlı Bəyanat

Gunaz.tv

GünAz TV: Azərbaycanlı öyrəncilər İran prezidenti Həsən Ruhaninin yaxın günlərdə Təbrizə edəcəyi səfərlə bağlı bəyanat yayıblar.


Bəyanatda Həsən Ruhaniyə azərbaycanlılara verdiyi vədlərin yerinə yetirilmədiyi xatırladılıb, sözdə islahatçı adlanan düşərgənin Azərbaycana qarşı apardığı siyasət sərt şəkildə pislənilib.


“Cənab Ruhani siz bir prezident kimi nəinki verdiyiniz vədləri yerinə yetirmədiniz, hətta İranda müxtəlif millətlərin yaşamasını inkar edib, türklərə qarşı tədbir almağa çağırdınız. Siz seçkilər zamanı Qərbi Azərbaycana səfər etdiyiniz zaman qarşınızda kürd rəqsi nümayiş etdirildiyi üçün bu əyalətə “Pejak” ruhunda olan bir kürd kökənli vali seçdiniz. Həmin valinin bütün hərəkətləri və rəftarlarının bu diyarın qatillərinin meylinə uyğun olduğu hər kəsə aydındır.

Biz Öyrənci Hərəkatı olaraq Azərbaycan milləti ilə birlikdə Həsən Ruhanini kəskin şüarlar və etirazlarla qarşılayacayıq. Qoy türk millətinin düşməni öz işindən utansın. Həsən Ruhani hökumətindən Azərbaycana düşən pay sıfıra bərabərdir. Bunun səbəbi islahatçıların irqçi baxışıdır. Onlar türklərin konstitusiya çərçivəsində olan tələblərini paniranistlərin fikiri ilə üst-üstə düşmədiyini hesab edir və ona görə də bütün fərqlikləri aradan apararaq hamını bir millətə çevirməyə çalışırlar”- deyə bəyanatın bir hissəsində qeyd olunub.


Azərbaycan öyrənci dərnək və qurumlarının bu vəziyyətdən şikayətçi olduğu qeyd olunan bəyanatda Həsən Ruhani dövründə əkinçilər, müəllimlər, öyrəncilər və şagirdlərin daha çox ziyan gördüyü bildirilib. Vurğulanıb ki, “prezident Ruhaninin Ətraf Mühit Təşkilatının rəisi xanım İbtikarın dövründə Urmu gölündə vəziyyət daha da gərginləşib, göl artıq bir səhralığa çevrilib. Urmu gölünün ölümü Azərbaycan millətinin ölümü deməkdir. Bu, azərbaycanlıların məcburi şəkildə fars bölgələrinə köçməsi və türklərin asimilasyona məruz qalmasına gətirib çıxaracaq.”


Bəyanatda islahatçıların paniranistlərlə birgə hərəkət etməsi, qeyri-fars millətlərinin hüquqlarının günü-gündən məhdudlaşdırılması, inflyasiya, işsizlik, Azərbaycan əyalətlərinə fars əyalətləri ilə müqayisədə daha az büdcə ayrılması və s. kimi problemlərə işarə olunaraq Həsən Ruhaniyə kəskin etiraz bildirilib.


“Əli Yunisi  (prezidentinin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi) nəyə əsaslanaraq min illərlə tarixi olan Azərbaycan türk millətini birdən-birə fars və farsdilli adlandırır! Onun nə haqqı var ki, millətçiliyi fitnə adlandırsın?! Necə ola bilər ki, qanundan danışanlar, millətləri təzyiqlərə məruz qoyub, konstitusiyanın 19-cu maddəsinin icra olunmasına mane olsunlar!”- deyə azərbaycanlı öyrəncilər vurğulayıb.


Bəyanatın sonunda təkidlə qeyd olunub ki, “türkləri təhqirə məruz qoyanlar, o cümlədən irqçi “Qanun” qəzetinin (bu qəzet davamlı olaraq Azərbaycanın milli mənafeyi, tarixi və kimliyinə qarşı çıxış edir. Qəzetdə ötən günlərdə İranda ana dilinin tədrisinə qarşı məqalə dərc edilmişdir) rəhbərliyi cəzalandırılmalı və qəzet mütləq bağlanmalıdır.


Bəyanatda həmçinin elan olunub ki, “çərşənbə axşamı günü böyük Azərbaycan milləti ilə birlikdə irqçiləyə qarşı və verilən vədlərin yerinə yetirilmədiyinə etiraz olaraq aksiyalar keçiriləcək.”


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar