SON XƏBƏRLƏR

Azərbaycanlı yeniyetmə Salar Tahir Əfşar bir il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı yeniyetmə Salar Tahir Əfşar bir il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar 1 il həbs cəzasına məhkum edilib.

 

Hakimin avqustun 19-da keçirilən məhkəmə iclasında fəala danışmaq icazəsi vermədiyi bildirilir.

 

S.T.Əfşar bundan əvvəl götürülən şəxsi əşyalarını almaq üçün məhkəməyə müraciət etdiyi zaman belə bir hökmlə üzləşib.

 

Məlumata görə, azərbaycanlı fəalın vəkili onun hüquqlarını müdafiə edə bilməyib, dosye məhkəmənin qərarı ilə vəkildən geri alınıb.

 

Urmiyə məhkəməsinin məsulları “təhlükəsizliklə bağlı yazılı hökm kimsəyə verilmir” deyərək fəalın 1 illik həbs cəzası hökmünü yazılı olaraq elan etməkdən imtina ediblər.

 

17 yaşlı azərbaycanlı yeniyetmə iyulun 7-də Azərbaycanın tarixi milli qəhrəmanı Babək Xürrəmdinin doğum gününün ildönümündə şokolad payladığı üçün təhlükəsizlik qüvvələri tərəfindən Urmiyənin “Güllər bağı” parkında yaxalanıb, o 10 gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Fəal Urmiyə “Sepah”ının təhlükəsizlik bölümündə saxlandığı müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb, işgəncə nəticəsində ürəyi gedən fəal iki dəfə “Arefiyan” xəstəxanasına aparılıb.

 

Təhlükəsizlik qüvvələri iyulun 14-də məhkəmə hökmü təqdim etmədən S.T.Əfşarın ata evinə hücum çəkib, evdə axtarış aparıblar. Axtarış zamanı fəala aid bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptop və bir neçə kitab məmurlar tərəfindən götürülüb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal bir neçə gün əvvəl də Urmiyənin Qədir parkında Ettelaat əməkdaşları tərəfindən təhdid edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar