SON XƏBƏRLƏR

Azərbaycanlılar ayrı-seçkiliyə qarşı etiraz yığıncağı keçirib – Bicarda / VİDEO

2021.10.20, 07:36
Azərbaycanlılar ayrı-seçkiliyə qarşı etiraz yığıncağı keçirib – Bicarda / VİDEO

Gunaz.tv

GünAz TV: Kürdistan Əyalətində yerləşən Bicarın Kerani məntəqəsinin əhalisi əyalət rəhbərliyinin ayrı-seçkilik siyasətinə qarşı etiraz yığıncağı keçirib.

 

Kerani əhalisi Azərbaycan türkləridir. Onlar məsulların məntəqədə “Süngər dəmir” fabrikinin təsis edilməsinə mane olduqlarını bildirərək Kerani Bəxşdarisinin (Şəhər İcra Hakimiyyətinə bağlı orqandır) qarşısına toplaşıblar.

 

Yığıncaqdan çəkilən video və görüntülər dekabrın 4-nə aiddir, lakin etirazların təxminən bir ay əvvəl başladığı bildirilir.

 

Etirazçılar bildirir ki, məsullar Keranidə tikilməli olan “Süngər dəmir” fabriki layihəsini ləğv edərək onu əyalətin kürd məntəqələrində icra etmək istəyirlər.

 

Etirazçılar ““Süngər dəmir” Kerani əhalisinin haqqıdır” yazılmış banner nümayiş etdirərək sözügedən layihənin icrasını tələb ediblər. Onlar həmçinin Kerani məntəqəsinin mədən məhsullarının xammal kimi satılmasının dayandırılmasını istəyib.

 

Kerani əhalisi məntəqədə “Süngər dəmir” fabrikinin təsis edilməsində israrlıdır. Onların fikrinə görə, fabrik təsis edilərsə, əhali işsizlikdən kürd məntəqələrinə köçmək məcburiyyətində qalmaz.

 

Etirazçıların sözlərinə görə, Bicar Şəhər İcra Hakimiyyəti və bölgənin millət vəkili hər ikisi də kürddür. Onlar sözügedən fabrikin başqa məntəqədə tikilməsi ilə bağlı Kürdistan Valiliyi ilə razılaşıb.

 

Etirazçılardan biri əhalinin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Zəncan-Bicar yolunu bağlayacaqlarını bildiriblər.

 

Hal-hazırda Kerani məntəqəsinin mədən məhsulları xammal kimi Sənəndəc şəhərinin fabriklərinə daşınır.

 

Bir neçə Azərbaycan şəhəri Kürdistan Əyalətinin inzibati ərazi bölgüsündə yerləşir. Bicar və Qorvə Kürdistanda yerləşən ən böyük Azərbaycan şəhərləridir.

 

https://www.youtube.com/watch?time_continue=11&v=BFlMeO-UWIk

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar