SON XƏBƏRLƏR

Azəri Cəhromi: “İranın elektron hökumət infrastrukturlarına qarşı böyük kiber hücum həyata keçirilib”

2021.10.20, 07:36
Azəri Cəhromi: “İranın elektron hökumət infrastrukturlarına qarşı böyük kiber hücum həyata keçirilib”

Gunaz.tv

GünAz TV: İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ölkənin elektron hökumət infrastrukturuna qarşı geniş miqyaslı kiber hücumun həyata keçirildiyini deyib.

 

Nazir hücumun xarici dövlətlərdən biri tərəfindən həyata keçirildiyini iddia etsə də, həmin ölkənin adını çəkməyib.

 

“Bir müddət əvvəl elektron hökumət infrastrukturlarına qarşı xarici dövlət tərəfindən həyata keçirilən mütəşəkkil və böyük kiber hücumu aşkarlayıb, qarşısını ala bildik. Hələlik hücumun hansı ölkə tərəfindən təşkil edildiyini açıqlaya bilmirik.”, - deyə Azəri Cəhromi əlavə edib.

 

Cəhrominin dediyi hücumun ötən gün İranın 3 bankına qarşı kiber hücum təşkil edilməsilə bağlı yayılan xəbərlərlə əlaqəsi olmadığı nəzərə çarpır.

 

Xatırladaq ki, dünən “New York Times” qəzeti İran banklarına təşkil edilmiş kiber hücum nəticəsində 15 milyon vətəndaşa məxsus kart hesablarının məlumatlarının əldə edildiyi barədə xəbər yaymışdı. Qəzet mütəxəssislərə istinadən hücumun xarici dövlətlərdən birinin hakerləri tərəfindən həyata keçirildiyi, bunun İranın maliyyə sistemində böyük problemin yaranmasına yol aça biləcəyini qeyd edib.

 

Azəri Cəhromi bu xəbərə münasibətində bankların kiber hücuma məruz qalmadığını, keçmiş texniki podratçının çıxışı olduğu məlumatlardan böyük hissəsini kopyalaraq ələ keçirdiyini və bununla da onları təhdid etdiyini iddia edib.

 

Qeyd etmək lazımdır ki, dövlət səviyyəsində kiber hücumlarla məşğul olan İran özü də tez-tez bu cür hücumlara məruz qalır.

 

Cari ilin iyun ayının sonların Amerika Birləşmiş Ştatları uğurlu kiber hücumla “Sepah” terror təşkilatının raket sistemlərini sıradan çıxardığını bəyan etmişdi.

 

Sentyabrın 21-də isə naməlum hakerlərin İranın neft təsisatları və həyati infrastrukturlarına qarşı uğurlu hücum təşkil etdikləri barədə xəbərlər yayılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar