SON XƏBƏRLƏR

Bakıya İran milyardları gəlir

2021.10.20, 07:36
Bakıya İran milyardları gəlir

Gunaz.tv
Bakıya İran milyardları gəlir dollar_18iyun2.jpg İran Avropa Birliyinin banklarındakı valyuta aktivlərinin əksəriyyətini təşkil edən $75 milyardı çıxararaq müxtəlif dövlətlərin banklarına yerləşdirib. Həmin banklar arasında Asiyanın maliyyə institutları əksəriyyət təşkil edir. Bir qədər əvvəl İsveçrənin UBS və "Credit Suisse", Almaniyanın "Deutsche Bank" və "Commerzbank", daha sonra Fransanın "BNP Paribas" bankları İranın ən böyük "Mille", "Mellat" və "Sederat" bankları ilə bütün əməliyyatları dayandırıblar. Həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaq niyyətində olmayan, buna görə də Qərbin ticari, iqtisadi, maliyyə və siyasi sanksiyalarının güclənərək sərtləşəcəyini bilən rəsmi Tehran bu minvalla Avropadakı pullarını "dondurulma"dan xilas etmək üçün qabaqlayıcı addımlar atıb. Çıxarılan vəsaitin böyük qismi Asiya və Afrikanın kiçik və orta banklarındakı hesablar arasında paylanıb, bir qismi qızıla döndərilib, bir qismi də qiymətli kağız və istiqrazlara yatırılıb. İranın bank dairələrindəki mənbələrin "The Tehran Times", "Həmşəhri" və "Keyhan" qəzetlərinə verdikləri açıqlamalara görə, ölkə prezidenti Mahmud Əhmədinecatın göstərişi ilə Avropa banklarından çıxarılan pulların Asiya və Afrika ölkələri ilə yanaşı, Türkiyə, Yaxın Şərq və postsovet məkanı ölkələrinin banklarına yatıralacağı gözlənilir. "Əsas diqqət İrana qonşu ölkələrə veriləcək. Rusiya, Azərbaycan və Türkiyə ilə bağlı variantları nəzərdən keçiririk", - İranın ən böyük banklarından biri "Sədarət"dəki mənbə "Baztab"a bildirib. Ekspertlərin fikrincə, Azərbaycan, Rusiya və Türkiyə variantları gerçəkdən də Türkiyə üçün olduqca məntiqi, sərfəli sayıla bilər. Adları çəkilən dövlətlərin dünya maliyyə-bank sistemi ilə inteqrasiyası güclü, Qərb ölkələri ilə maliyyə təmasları sıxdır. Ən başlıcası odur ki, Azərbaycan, Rusiya və Türkiyə ABŞ və Avropa Birliyinin bütün təzyiqlərinə rəğmən, İrana qarşı maliyyə, ticari, iqtisadi və siyasi sanksiyalara qoşulmayıblar. Sadəcə, bir fakt: İranın ən böyük "Bank Melli" bankının hər üç ölkədə nümayəndəlikləri var və uğurla da fəaliyyət göstərir. Bu baxımdan Avropa Birliyindəki bankların depozit hesablarından çıxarılan və ya qiymətli kağızlarla istiqrazlara yatırılmış vəsaitlərin nağd pula döndərilən hissəsinin bir qisminin Azərbaycana da gəlişi mümkündür. İlkin hesablamalara görə, ilin sonunadək İranın Azərbaycana yönəldəcəyi maliyyə axınının həcmi $3 milyarda çata bilər. Azərbaycan Milli Bankı ilə Maliyyə Nazirliyi yetkililəri bununla bağlı olaraq "Ekspress"ə konkret açıqlama verə bilməyəcəklərini söylədilər. "Hələlik heç bir yenilik yoxdur. İranın avuarlarının Azərbaycana gəlişi barədə məsələ qalxarsa, yalnız o halda nəsə demək olar", - Milli Bank mənsubları əməkdaşımıza bildirdilər. Analitiklərin fikrincə, İranın indiyədək fəal ticari və maliyyə tərəfdaşı olan Yaxın Şərq və Fars Körfəzi ölkələri Qərbin, ilk növbədə ABŞ-ın sərt təzyiqləri altında istənilən an Tehrana arxa çevirə biləcəyindən iranlılar alternativ yatırım və investisiya, ən başlıcası isə pullarını etibarlı saxlaya biləcəyi məkan arayırlar Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar