SON XƏBƏRLƏR

Bəhram Qasimi: “Hollandiya rəsmiləri hazırkı həssas beynəlxalq və regional şəraiti düzgün qiymətlənirməlidir”

2021.10.20, 07:36
Bəhram Qasimi: “Hollandiya rəsmiləri hazırkı həssas beynəlxalq və regional şəraiti düzgün qiymətlənirməlidir”

Gunaz.tv

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi martın 4-də jurnalistlərə açıqlamasında Tehranla Amsterdam arasında yaşanan diplomatik böhrandan və iki holland diplomatının ölkədən qovulmasından danışıb.

 

Qasimi bildirib ki, Hollandiya diplomatlarının ölkədən deportasiya edilməsi ilə bağlı qərarı İran Ali Milli Təhlükəsizlik Şurası verib: “Hollandiya hökumətinin iki diplomatımıza qarşı əsassız ittihamlar irəli sürərək, onları bu ölkədən qovmasının ardınca, biz də qarşılıqlı addım atmağa qərar verdik. Belə ki, məsələ araşdırıldıqdan sonra, nəhayət İran Ali Milli Təhlükəsizlik Şurası iki holland diplomatını “arzu olunmaz” şəxs adlandıraraq, ölkədən qovulmasına qərar verdi.

 

Hesab edirik ki, Hollandiya rəsmiləri hazırkı həssas beynəlxalq və regional şəraiti düzgün qiymətlənirməli, iki ölkə arasındakı münasibətlərin pisləşməsini istəyən müxalif qüvvələrin istiqamətində hərəkət etməməlidir. İran İslam Respublikası Avropa ölkələri ilə münasibətdə hər hansı bir çaxnaşma yaranmasının tərəfdarı deyil. Lakin buna baxmayaraq, biz milli mənafeyimizə qarşı olan hər hansı bir addıma qarşılıqlı addımla cavab verəcəyik”.

 

Xatırladaq ki, Hollandiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Tehrandakı səfirliyinin iki əməkdaşının İrandan deportasiya edilməsindən sonra martın 4-də Tehrandan səfirini geri çağırıb. Hollandiyanın Tehrandakı səfiri bildirib ki, bu qərar İranın iki holland diplomatı “arzuolunmaz şəxslər” siyahısına salaraq, ölkədən deport etməsindən sonra qəbul edilib.

 

Qeyd edək ki, İran rejimi bir neçə ay əvvəl Hollandiyada yaşayan 2 iranlı müxalifə qarşı terror aktı törətdikdən sonra rəsmi Amsterdamla Tehran arasında diplomatik qalmaqal yaşanır.

 

2018-ci ilin iyun ayında Hollandiya hökuməti qətllərlə əlaqəli olaraq iki iranlı diplomatı bu ölkədən qovmuşdu. Bunun səbəbinin isə İran xüsusi xidmət orqanlarının bu terror aktlarında əllərinin olması bildirilmişdi. Bundan əlavə, Hollandiyanın xüsusi xidmət orqanlarının kəşfiyyat məlumatlarına əsasən, Hollandiya-İran vətandaşlıqları olan bu şəxslərin İran rejimi tərəfindən öldürüldüyü barədə hökumətə raport təqdim etmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar