SON XƏBƏRLƏR

Bəhreyn: “İrana birgünlük belə Hörmüz boğazını bağlamağa imkan verilməyəcək”

2021.10.20, 07:36
Bəhreyn: “İrana birgünlük belə Hörmüz boğazını bağlamağa imkan verilməyəcək”

Gunaz.tv

GünazTV: Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Al Xəlifə mayın 2-də jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə müdaxiləsindən danışaraq, İran rəsmilərinin Hörmüz boğazının bağlanması ilə bağlı səsləndirdikləri son təhdidlərinə reaksiya verib.

 

O bildirib ki, İran rejimi bölgədə yürütdüyü təxribat xarakterli siyasəti ilə sürətlə uçuruma doğru hərəkət edir: “İran region ölkələrinin daxili işlərinə qarışıb onlara pul, silah və hərbi qüvvə göndərməklə böyük səhvə yol verib. Regionda İranın ballistik raketləri və onun bölgədə öz hegemonluğunu bərqərar etməyə cəhdi kimi problemlər öz həllini tapmadığı bir vaxtda, bu ölkə (İran) məntəqədə yürütdüyü əvvəlki siyasətini hələ də davam etdirir, Hörmüz boğazını bağlayacağını bildirir, bununla da region ölkələrini təhdid edir.

 

Lakin İran yaxşı bilir ki, Hörmüz boğazını bağlayacağı təqdirdə, birinci özü boğulacaq. İranın belə bir addımı körfəz ətrafında olan bütün ölkələrə qarşı ciddi bir təhdiddir. Yaxşısı budur ki, İran bu addımı atmaqdan əvvəl yaxşıca fikirləşsin. Çünki İranın belə bir addımı bölgədə yaşanan mövcud çaxnaşmanı çox təhlükəli bir həddə gətirib çıxara bilər. İran bilməlidir ki, ona birgünlük belə Hörmüz boğazını bağlamağa imkan verilməyəcək.

 

Hesab edirəm ki, İran region və Amerika ilə bağlı siyasətinə yenidən baxmalı, onu dəyişməlidir. İran üçün belə bir fürsət hələ də var. Əks təqdirdə əminəm ki, İranın indiki siyasəti onu uçuruma doğru aparır” –deyə Şeyx Xalid bin Əhməd Al Xəlifə əlavə edib.

 

 

Qeyd edək ki, iki həftə əvvəl “Sepah”ın ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısına salınmasından və İran neftinin satışına qoyulan məhdudiyyətlərin artmasından sonra, son günlər prezident Həsən Ruhani, eləcə də “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri və İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri, Hörmüz boğazını bağlayacaqları ilə bağlı təhdid dolu bəyanatlar səsləndiriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar