SON XƏBƏRLƏR

Belçika parçalanmanın bir addımlığında

2021.10.20, 07:36
Belçika parçalanmanın bir addımlığında

Gunaz.tv
Belçika parçalanmanın bir addımlığında Avropanın siyasi həyatında önəmli rol oynayan və əksər beynəlxalq təşkilatların yerləşməsi səbəbilə Avropanın paytaxtı adı verilən Belçika (paytaxtı Brüssel) faktiki olaraq parçalanma astanasındadır. Bunu ötən gün Belçikanın koalisiyalı hökumətinin başçısı, əslən flamandiyalı olan Baş nazir Yeves Letermenin istefa verməsi də sübut edir. Leterme istefa səbəbini ölkənin artıq idarəedilməz hala gəlməsi ilə izah edib və bununla əlaqədar, kral Albertə ərizə ilə müraciət edib. Ancaq kral Albert Letermenin istefa ərizəsini qəbul etməyərək, ona ölkədə siyasi böhran aradan qaldırılana kimi vəzifəsini yerinə yetirməyi tapşırıb. Bununla belə, Belçikada baş verən son siyasi böhran istər Belçikada, istərsə də Avropada böyük narahatlıqla qarşılanıb. Əslində, Belçikada baş verən son siyasi böhranın kökləri ötən əsrin 70-80-ci illərinə gedib çıxır. Faktiki olaraq, Belçikanın əsas əhalisi hesab edilən holland dilli flamandlar və fransız dilli vallonlar son 30 ildə dəfələrlə ayrılaraq müstəqilliklərini elan etmək barədə müxtəlif bəyanatlara çıxış edibər. Lakin hər dəfə son məqamda Avropanın bəzi aparıcı liderlərinin məsələyə müdaxilə etməsi nəticəsində Belçikanın parçalanması təhlükəsini müəyyən müddət üçün aradan qaldırmaq mümkün olub. Hələlik Letermenin istefasını qəbul etməyən kral Albert vəziyyətdən çıxış yolu tapmaq üçün siyasi partiya liderləri ilə görüşmək və onların səyləri ilə siyasi böhrandan xilas olmağı planlaşdırıb. Lakin bunu etmək ona olduqca çətin olacaq. Çünki faktiki olaraq, flamandlar müstəqilliklərinə nail olmaları üçün sona kimi mübarizə aparmaq niyyətindədirlər. Leterme: “Federal idarəetmə artıq öz ömrünü başa vurub. Bundan sonra ölkəni köhnə qaydada idarə etmək mümkün olmayacaq. Belə hesab edirəm ki, biz Çexiya və Slovakiya nümunəsi əsasında müstəqilliklərimizi elan edə bilərik”, - deyib. Xatırladaq ki, Belçikanın əsas əhalisi hesab edilən flamandlar ölkə əhalisinin 58, vallonlar isə 31 faizini təşkil edirlər. Rəşad Asif zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar