O, İran hökumətinin müxaliflərinin toplantısına bombalı saldırı düzənləməkdə günahlandırılıb.
Gunaz.tv
Belçikanın "Antorp" şəhərində 2018-ci ildə “İslam Respublikası” müxaliflərinin toplantısına qarşı bombalı suiqəsd planında şübhəli bilinən bir iranlı diplomat və 3 başqa iranlı 27 Noyabr cümə günü məhkəmə qarşısına çıxacaq. Bu, bir Avropa ölkəsinin ilk dəfə olaraq İran rəsmisini terrorizm ittihamı ilə mühakimə etməsidir.
Belçika prokurorları, Viyanada qərarlaşan diplomat “Əsədullah Əsədi”ni və digər üç nəfəri mərkəzi qərargahı Parisdə yerləşən Milli Müqavimət Şurasının toplantısına hücum planı hazırlamaqda günahlandırıb. Bu toplantıda əsas məruzəçi prezident Donald Trampın vəkili Rudi Culiyani idi.
Əsədi İranın Viyanadakı səfirliyinin üçüncü konsulu idi. Fransa rəsmiləri onun Cənubi Avropada kəşfiyyat məsulu olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini söyləyirlər.
“Associated Press”, Belçika kəşfiyyat və təhlükəsizlik agentliyinə istinadən Əsədullah Əsədinin İran rəsmilərinin əmri ilə hərəkət etdiyini və Avropaya partlayıcı maddələr gətirdiyini bildirib.
30 iyun 2018-ci il tarixində Belçika polisi, “Mucahidin Xalq”ın illik toplantısına ola biləcək hücum ilə əlaqədar şübhəli bir cütlüyün Mercedes avtomobilini saxladı. Məmurlar avtomobildə olan bir çamadanın içərisində 550 qram qeyri-sabit TİTP tipli partlayıcı maddə (aseton peroksid) və bir patladııcı başlıq aşkar etdilər. Belçikadakı “bomba zərərsizləşdirmə bölməsi” hesabatında cihazın peşəkar keyfiyyətdə olduğunu söylədi.
“Aseton peroksid”, son illərdə Avropada bir sıra hücumlarda, o cümlədən 2016-cı ildə Brüssel metrosunda və hava limanında 32 nəfərin ölümü ilə nəticələnən intihar bombasında istifadə olunub. Bu bombanın Parisin kənarında təxminən 25.000 nəfərlik izdihamın ortasında partlaması böyük faciəyə səbəb ola bilərdi.
Müstəntiqlərə görə, İranın Viyanadakı səfirliyinin üçüncü konsulu Belçikanın Antorp şəhərində yaşayan Belçika-İranlı cütlük Əmir Səduni və Nəsimə Məanini bombanı daşımaq üçün işə götürmüşdü. Davanın dördüncü müttəhimi Mehrdad Arifani isə Parisə, İran müxaliflərinin toplandığı yerə getmişdi.
Əsədullah Əsədinin məhkəmədə təqsirli bilinməsi halında, məhkəmə onu və əlbirlərini beş ildən 20 ilədək həbs cəzasına məhkum edə bilər. Məhkəmənin dekabrın sonuna qədər qərar verəcəyi gözlənilir.
Tehran bu iddiaları dəfələrlə rədd edib. Əsədi hələ də iddialara münasibət bildirməyib. Vəkili Əsədinin məhkəmədə izahat verəcəyini söylədi.
Qeyd edək ki, 2018-ci il iyunun 30-da Fransanın Vilpent kommunasında iranlı müxaliflər - İran Milli müqavimət Təşkilatının toplantısı keçirilib. İranın Vyanadakı səfirliyinin əməkdaşı Əsədulla Əsədi bu toplantıya qarşı terror aktı hazırlamaq ittihamı ilə iyulun 1-də həbs edilib. İş üzrə təhqiqat çərçivəsində Belçika, Fransa və Almaniyada daha 5 nəfər saxlanılıb. Fransa və Almaniya saxlanılan şəxsləri istintaq hərəkətlərinin aparılması üçün Belçikaya göndərib.
C.E