Beynəlxalq Əfv Təşkilatı yanvarın 10-da bəyanat yayaraq, İranın “dini lider”i Əli Xamneyinin Amerika və Böyük Britaniyada istehsal edilən vaksinlərin ölkəyə idxalına qadağa qoymasına reaksiya verərək, onun bu qərarına etiraz bildirib.
Gunaz.tv
Bəyanatda deyilir ki, İran rəhbəri Amerika və Böyük Britaniyanın istehsal etdiyi vaksinlərin ölkəyə gətirilməsinə qadağa qoymaqla milyonlarla İran vətəndaşının həyatını real ölüm təhlükəsi ilə üz-üzə qoyub: “Koronavirusdan əziyyət çəkən milyonlarla İran vətəndaşının Amerika və İngiltərə vaksinləri ilə təmin edilməsinə qadağa qoymaq, onların sağlamlığına və yaşam hüququna biganə yanaşmaqdan və insanların həyatı ilə oynamaqdan başqa bir şey deyil.
Koronavirusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görmək və qoruyucu vaksinlərlə təmin olunmaq hər bir insanın təbii haqqıdır. Biz, İran İslam Respublikası rəhbərlərindən insan hüquqlarına riayətlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini və bu məsələyə biganə yanaşmamağı tələb edirik.
Hesab edirik ki, kimliyindən, yaşadığı yerdən və gəlir səviyyəsindən asılı olmayaraq, heç kəs tibb və səhiyyə xidmətindən, o cümlədən də vaksindən məhrum edilməməlidir”, -deyə, Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatında bildirilir.
Xatırladaq ki, Xamneyi yanvarın 8-də dövlət televiziyasında çıxış edərək, Amerika və Böyük Britaniyada istehsal olan vaksinlərin ölkəyə idxalına qadağa qoyub: “Amerika və İngiltərə vaksinlərinin ölkəyə gətirilməsi qadağandır. Bunu mən ölkə məsullarına demişəm, indi isə ümumi şəkildə bildirirəm.
Əgər amerikalılar vaksin istehsal etməyi bacarsaydılar, indi öz ölkələrində yaranmış bu biabırçı vəziyyətlə üz-üzə qalmazdılar. Amerikalıların bir neçə gün əvvəl sutka ərzində xəstəlikdən 4 min nəfər itkisi qeydə alınıb. Əgər onlar vaksin düzəltməyi bacarırlarsa və əgər onların Phizer zavodu şirkəti vaksin istehsal edə bilirsə bu vaksindən özləri istifadə etsinlər ki, bu qədər itkiləri olmasın. Bəs niyə onu bizə vermək istəyirlər.
Bu dediklərim Böyük Britaniyanın istehsal etdiyi vaksinə da şamildir. Bunlara (ABŞ və Böyük Britaniya) inanmaq olmaz. Mən isə şəxsən onlara etimad etmirəm. Bəzi vaxtlar onlar istehsal etdikləri vaksini digər millətlərin üzərində sınaqdan keçirirlər və onun təsirli olub-olmamasını öyrənməyə çalışırlar. Hesab edirəm ki, Amerika və Böyük Britaniyadan vaksin alınmamalıdır...” -deyə, Xamneyi bildirib.
A.M