SON XƏBƏRLƏR

Beynəlxalq Valyuta Fondu: "İran iqtisadiyyatı yenidən 6% kiçiləcək"

2021.10.20, 07:36
Beynəlxalq Valyuta Fondu: "İran iqtisadiyyatı yenidən 6% kiçiləcək"

Gunaz.tv

GünAz TV: Beynəlxalq Valyuta Fondu dünya ölkələri ilə bağlı yaydığı yeni hesabatda İran Ümumi Daxili Məhsulunun 2020-ci ildə yenidən 6% kiçilməyə məruz qalacağını proqnozlaşdırıb.

 

Bununla da, İran iqtisadiyyatı ard-arda olaraq, 2-ci dəfə azalma ilə üzləşəcək. İranın 2019-ci il üzrə iqtisadi inkişaf tempi mənfi 7.6%, 2018-ci il üzrə isə 5.4% olmuşdu.

 

BVF 2019-cu ilin oktyabr ayında yaydığı araşdırmada İran iqtisadiyyatının -9.5% inkişaf tempi izləyəcəyini proqnozlaşdırsa da, yeni tədqiqatı göstərir ki, bu rəqəm həmin il ərzində mənfi 7.6%-dən ibarət olub.

 

Fond yanvar ayında yaydığı hesabatda 2020-ci il ərzində İran iqtisadiyyatının 0 faiz inkişaf tempi izləyəcəyini təxmin etmişdi. Lakin yeni dəyərləndirmədə bu rəqəmin -6% olaraq göstərilməsi Amerika Birləşmiş Ştatlarının sanksiyalarının, neft qiymətlərinin kəskin ucuzlaşmasının, habelə koronavirusun yayılmasının ölkə iqtisadiyyatına təsirsiz ötüşmədiyindən xəbər verir.

 

Dəniz naviqasiya şirkətlərinin yaydıqları məlumatlara əsasən, rəsmi Tehran mart ayı ərzində gündəlik cəmi 144 min barel neft ixrac edə bilib. Halbuki, sanksiyalardan əvvəl günlük təqribən 2.5 milyon barel satışla İranın neft sektoru illik ölkəyə 40 milyard dollardan çox gəlir gətirirdi.

 

Hazırki 31 dollar ətrafında dəyişən neft qiymətlərinin, eləcə də İranın mart ayında edə bildiyini neft ixracatı həcminin stabil qalacağını nəzərə alsaq, 2020-ci il ərzində ölkə qara qızıl satışından yalnız 1.5 milyard dollardan bir az çox vəsait əldə edəcək.

 

BVF həmçinin qeyd edir ki, İranda 2019-cu il ərzində 41.1% təşkil etmiş
inflyasiya həddinin, cari il ərzində 34.2%, 2021-ci ildə isə 33.5%-ə düşəcəyi təxmin edilir.

 

İnflyasiya həddinin azalması qiymətlərin ucuzlaşması deyil, əvvəlki dövrlərə nisbətən müəyyən qədər aşağı sürətlə bahalaşmağa davam etməsi anlamına gəlir.

 

İran cari ildə dünya üzrə Venesuela, Zimbabve və Sudandan sonra ən yüksək inflyasiya həddinə sahib 4-cü ölkə olacaq.

 

Hesabatda ölkədə keçən il 13.6 faiz olan işsizlik həddinin cari il ərzində 16.3, 2021-ci ildə isə 16.7%-ə qədər yüksələcəyi proqnozlaşdırılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar