SON XƏBƏRLƏR

Beynəlxalq Valyuta Fondu: “İranda böyük büdcə kəsri gələn il də davam edəcək”

2021.10.20, 07:36
Beynəlxalq Valyuta Fondu: “İranda böyük büdcə kəsri gələn il də davam edəcək”

Gunaz.tv

GünAz TV: Beynəlxalq Valyuta Fondu yeni yaydığı hesabatda İranın mövcud büdcə kəsrinin qarşısını almaq üçün 155.6 dollar dəyərində neft satmağa ehtiyacının olduğunu bildirib.

 

Hesabata əsasən, İranın büdcə kəsri gələn il də davam edəcək və rəsmi Tehran yalnız neftin 1 barelini 194.6 dollara satmaqla, bu prosesin qarşısını almağa qadirdir. Hazırda dünya bazarında neftin qiymətinin göstərilən rəqəmlərdən kifayət qədər aşağı olduğunu nəzərə aldıqda, bunun reallaşmayacağı və İranda büdcə kəsrinin gələn il daha böhranlı şəraitdə davam edəcəyi proqnozlaşdırılır.

 

Hazırda İran neftindən bir qədər baha satılan brend markalı neftin qiyməti təqribən 62 Amerika Birləşmiş Ştatları dollarıdır. Beynəlxalq Valyuta Fondu, eləcə də ABŞ Enerji Məlumatları İdarəsinin proqnozlarına görə, brend markalı neftin qiyməti cari ilin sonuna qədər 62, gələn il isə 60 dollar civarında olacaq.

 

Buna görə də, gələn il İranın büdcə kəsri daha da dərinləşəcək.

 

Beynəlxalq Valyuta Fondunun yeni hesabatına əsasən, cari və gələn ildə İranın büdcə kəsri müvafiq olaraq Ümumi Daxili Məhsulun 8 və 8.1% dəyərində olacaq. Ölkənin Ümumi Daxili Məhsulu isə cari ildə 458.5 dollar təşkil edəcək.

 

Qeyd etmək lazımdır ki, cari il üçün İranın büdcəsi 1 dollar 4200 tümən valyutası ilə hesablanaraq, 415 milyard dollar planlaşdırılıb. Eləcə də, layihədə ölkənin günlük neft ixracatı 1.5 milyon barel nəzərdə tutulub, halbuki, hazırda İran gündəlik 120 min barel neft ixrac edə bilir. Digər tərəfdən, ölkə valyutasının dollar qarşısında dəyərini təqribən 70% itirməsini, eləcə də İranın neft ixracatının kəskin azalmasını nəzərə aldıqda, büdcə daxilolmalarında böyük kəsrlərin yarandığı müşahidə edilir.

 

Beynəlxalq Valyuta Fondu həmçinin qeyd edir ki, sanksiyalardan öncə qaz ixracatı istisna olmaqla, günlük 2.15 milyon barel təşkil edən qara qızıl satışı cari ilin sonuna qədər və gələn il ərzində 600 bareldən aşağı olacaq.

 

Qeyd etmək lazımdır ki, sözügedən qurum yeni hesabatda İran iqtisadiyyatının inkişaf tempinin bu il ərzində mənfi 9.5% olacağını proqnozlaşdırıb. İran rəsmiləri bir müddət əvvəl qeyri-neft sektorunda iqtisadi inkişafın müsbət olduğunu iddia etsələr də, Fond bu sahədə olan göstəricini mənfi 4.2%, neft sektorunda isə -28.3% kimi dəyərləndirib.

 

Fond həmçinin İranın neft, qeyri-neft və digər əmtəələr də daxil olmaqla, 103 milyarddan çox təşkil etmiş ümumi ixracat həcminin bu il təqribən 60.3, növbəti il isə 55.5 milyard dollara enəcəyini hesab edir.

 

Ötən il 76.5 milyard dollar təşkil etmiş ümumi idxalat həcmi isə cari il təxminən 73.3, gələn il 71.7 milyard ABŞ dollarına düşəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar