SON XƏBƏRLƏR

Bölgəmizin təhlükəsizliyi və Azərbaycanın xarici siyasəti

2021.10.20, 07:36
Bölgəmizin təhlükəsizliyi və Azərbaycanın xarici siyasəti

Gunaz.tv
Bölgəmizin təhlükəsizliyi və Azərbaycanın xarici siyasəti Geosiyasi fəallığın yaratdığı situasiyanın özəllikləri Güney Qafqaz ətrafında geosiyasi proseslərin yeni çalarlar kəsb etməsi ilə təhlükəsizlik məsələsi daha da aktuallaşıb. Rusiya və ABŞ-ın bölgə uğrunda mübarizələrinin intensivləşməsi ilə yanaşı İranın atdığı addımlar bölgə dövlətləri qarşısında müəyyən suallar yaratmaqdadır. O baxımdan Azərbaycanın təhlükəsizlik sahəsində həyata keçirdiyi tədbirlər diqqəti çox çəkir. Gürcüstan Rusiyanın təzyiqləri qarşısında bir qədər çətin vəziyyətə düşüb. Abxaziyada rus hərbçilərinin sayının artması və bir neçə gürcü təyyarəsinin vurulması əsəbləri tarıma çəkib. Rəsmi Tiflis dost ölkələrə müraciət edərək Kremli durdurmağa çağırıb. Avropa Birliyi və ABŞ buna reaksiya olaraq Rusiyadan yumşaq davranmağı tələb ediblər. AB Rusiyanın Gürcüstana qarşı hərbi əzələ nümayiş etdirməsini qəbul etmədiyini bildirib. Ancaq belə xəbərdarlıqların Rusiyanı dayandırması ehtimalı çox azdır. Hesab edirlər ki, Rusiya Qafqaz istiqamətində son bir ildə yeritdiyi siyasəti daha da sərtləşdirəcək. Rusiyalı ekspertlər hökumətə tövsiyə ediblər ki, postsovet məkanında yeni ittifaq yaratmaq çıxış yoludur. Qalan ssenarilərdə Rusiyanın 10-15 ilə parçalanması ehtimalı çoxdur. Bu haqda ABŞ-ın MKİ-nin gəldiyi nəticələrə ciddi yanaşırlar. Ona görə də Rusiyaya çıxış yolu kimi yaxın xaricdəki müstəqillik əldə etmiş ölkələri nəzarət altında saxlamaq və dağılma prosesini orada dayandırmaq tövsiyə edilir. Bu səbəblərdən Güney Qafqazda Rusiyanın öz mövqeyini möhkəmlətməyə yönələn addımlar atacağı təxmin edilir. Həmin aspektdə də Gürcüstana qarşı Kremlin siyasətinin yumşalmasını gözləməyə dəyməz. Ancaq bu məqam Güney Qafqazda təhlükəsizlik məsələsində də düzəlişlər etməyi zəruri edir. Çünki Rusiyasız burada hər hansı təhlükəsizlik sistemi qurmaq mümkün deyil. Gürcüstanın təkbaşına nəsə edə biləcəyi gözlənilən deyil. Gürcüstan hakimiyyəti rəsmi Moskva ilə dil tapa bilmir. Əslində Rusiya rəhbərliyi də birmənalı Qərbyönlü siyasət yeridən rəsmi Tiflislə ortaq iş görmək arzusunda deyil. Gürcüstanın siyasi imkanlarının məhdud olması təhlükəsizlik məsələsində Azərbaycan üçün müəyyən çətinliklər yaradır. Məsələ bütövlükdə Azərbaycanın üstünə düşür. Çünki Ermənistan onsuz da bölgədə təhlükəsizlik sisteminin qurulmasına qarşı çıxmaqdadır. Ermənistan seçkidən sonra da siyasətində dəyişiklik etməyib. Serj Sərkisyanın kriminal bir şəraitdə Ermənistana başçılıq etməyə başlaması vəziyyəti daha da ağırlaşdırıb. Ermənistanın daxili durumu o qədər həssas olub ki, indi onun sabitliyi müzakirə mövzusudur. Yəni rəsmi İrəvanın siyasətində müsbətə doğru hər hansı dəyişiklik etməsi gözlənilən deyil. Siyasi müxalifətin etirazları fonunda bunun mümkünsüzlüyü tam aydındır. Eyni zamanda, Ermənistanın terror təşkilatı olan PKK-ya yardımlar etməsi, qanunsuz silahlar satması və Dağlıq Qarabağda onlara sığınacaq verilməsi bu cırtdan ölkənin təhlükə mənbəyi olaraq qaldığını göstərir. Təbii ki, Ermənistanın bölgədə bu funksiyanı yerinə yetirməsi arzuolunan deyil. Reallıq isə göstərir ki, hələlik Ermənistanın Güney Qafqazın təhlükəsizliyinə töhfə verməsini gözləmək sadəlöhvlükdür. Deməli, bölgənin təhlükəsizliyi məsələsi böyük ölçüdə Azərbaycanın öhdəsinə düşür. Azərbaycan bu vəzifənin öhdəsindən gəlmək qüdrətinə malikdir. Ölkənin xarici siyasət kursu bunu deməyə tam əsas verir. Azərbaycan siyasi sabitlik baxımından bölgədə nümunə sayıla bilər. Onun iqtisadi inkişafının sürəti daxili sabitliyi daha da möhkəmləndirməyə imkan yaradır. Cəmiyyətdə konsolidasiyanın yüksəlməsi ilə milli birliyin təmin edilməsi baş tutur. Azərbaycan hərbi cəhətdən də nailiyyətlər əldə edir. Ordunun güclənməsi ölkənin təhlüksizliyinin təmini işini yüksək səviyyədə qurmağa şans yaradır. Nəhayət, Azərbaycan bölgənin enerji təhlükəsizliyinin qarantı kimi də funksiya yerinə yetirir. Onun verdiyi qərarlardan Qərbin də enerji ilə təmin edilməsi məsələsi xeyli dərəcədə asılıdır. Bütün bunlar Azərbaycanın aktiv xarici siyasət yeritməsi vacibliyini təsdiqləyir. Rəsmi Bakı kifayət qədər fəal xarici siyasət yeridir. Bu proses indi də davam edir. Azərbaycanın atdığı addımların bölgənin geosiyasi durumuna ciddi təsir etdiyini nəzərə alsaq, yaxın perspektivdə ölkəmizin aparıcı rolunun qalacağını söyləmək olar. Bu maraqlı bir situasiya formalaşdırır, etnik münaqişələrin həllində nəzərəçarpacaq yeniliklərin ola bilməsi ehtimalını artırır. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar