SON XƏBƏRLƏR

Böyük Britaniya işğal altında olan Azıx mağarasında qazıntı işlərinin aparılması ilə bağlı Azərbaycanın məktubuna cavab verib

2021.10.20, 07:36
Böyük Britaniya işğal altında olan Azıx mağarasında qazıntı işlərinin aparılması ilə bağlı Azərbaycanın məktubuna cavab verib

Gunaz.tv
Böyük Britaniya işğal altında olan Azıx mağarasında qazıntı işlərinin aparılması ilə bağlı Azərbaycanın məktubuna cavab verib “Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazisində yerləşən paleolit dövrünə aid Azıx mağara düşərgəsində Böyük Britaniya və İspaniya arxeoloqları tərəfindən qazıntı işlərinin aparılmasından xəbərsizdir”. Bunu Böyük Britaniyanın mədəniyyət, yaradıcı sənayelər və turizm naziri, xanım Marqaret Hoc Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyi məktubda bildirib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, məktubda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması bir daha təsdiqlənməklə yanaşı, Britaniya hökumətinin işğal altında olan Azərbaycan ərazilərində Böyük Britaniya və İspaniya arxeoloqlarının qazıntı aparmasından xəbərsiz olduğu rəsmi şəkildə qeyd edilir. Britaniyalı nazirin məktubunda, həmçinin bildirilir ki, işğal edilmiş ərazilər də daxil olmaqla, Azərbaycana səyahət haqqında vətəndaşlara məsləhətlər verilir: “Britaniya vətəndaşları öz səyahət planlarına dair qərar vermədən öncə bunu nəzərə almalıdırlar”. Qeyd edək ki, 2008-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazisində yerləşən paleolit dövrünə aid Azıx mağara düşərgəsində Böyük Britaniya və İspaniya arxeoloqları tərəfindən qazıntı işlərinin aparılması haqqında İnternet şəbəkəsində məlumatlar yayılıb. Bununla əlaqədar, cari ilin mart ayının 17-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Böyük Britaniya Birləşmiş Krallığın Mədəniyyət, Yaradıcı Sənayelər və Turizm Nazirliyinə və İspaniyanın Mədəniyyət Nazirliyinə məktub göndərilib. Müraciətlərdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində tarix və mədəniyyət abidələrimizin dağıdılması, qəsdən korlanması və talan edilməsi ilə məşğul olduqları xüsusi vurğulanıb, ermənilərin bu vandal hərəkətlərinə Böyük Britaniya və İspaniya arxeoloqlarını cəlb etmələrindən narahatlıq ifadə olunub. Etiraz məktublarında həyata keçirilən qazıntı işlərinin “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına zidd olduğu bildirilib, Azərbaycanın əzəli torpaqlarında aparılan qazıntı işlərinin dayandırılması və beynəlxalq konvensiyaların müddəalarına əməl olunması tələb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar