SON XƏBƏRLƏR

Brayan Huk: “İran Amerika ilə kompromisə getməlidir”

2021.10.20, 07:36
Brayan Huk: “İran Amerika ilə kompromisə getməlidir”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Hukun “New York Times” qəzetində məqaləsi dərc edilib.

 

Məqalədə Huk iki ölkə arasında mövcud olan ziddiyyətlərə toxunub və bildirib ki, normal münasibətlərin qurulması üçün “İran Amerika ilə kompromisə getməlidir”.

 

İran hökumətinin dünyada rüşvətxor, səmərəsiz, xarici ölkələrdə təfriqə yaradan dövlət kimi tanındığını xatırladan amerikalı diplomat 1979-cu il inqilabından da söz açıb və qeyd edib ki, hazırda bir qrup rəsmidən başqa ölkədə heç kim mövcud rejimin qurulmasına sevinmir, eləcə də Ruhullah Xomeyninin “ədalət” və “rifah”la bağlı verdiyi vədlərin heç biri reallaşmayıb.

 

Məqalədə həmçinin vurğulanır ki, İran Suriya, İraq, Yəmən, Əfqanıstan və Livan kimi ölkələrdə şiə yaraqlılara hərbi və maddi yardım göstərməklə münaqişələr və ziddiyyətləri qızışdırır. Bundan başqa rəsmi Tehran Livan Hizbullahına göstərdiyi dəstəklə bu ölkənin İsraillə sərhəddində qanlı döyüşlərin baş verməsi və insan tələfatının yaşanmasına vəsilə olur.

 

Xatırladaq ki, tez-tez Qərbdən bu cür fikirlər səsləndirilsə də, İran rəsmiləri digər ölkələrin daxili işlərinə qarışdıqlarını qəbul etmirlər. Onların iddialarına görə, digər ölkələrin “rəsmi müraciəti”nə əsasən, İran onlara mövcud münaqişələrin həllində “kömək” göstərir.

 

Huk “xeyriyyə” məqsədi ilə ödənilmiş pulların “dini lider” Əli Xamneyi tərəfindən mənimsənilməsi məsələsini də qabardıb və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-red) ölkə iqtisadiyyatının böyük hissəsini öz inhisarında saxladığını bildirib.

 

Qeyd etmək lazımdır ki, “Reuters” agentliyi 2013-cü ildə dərc etdiyi məqalədə İran “dini lideri” Əli Xamneyinin nəzarətində olan “İmam Xomeyninin Fərmanlarının İcra Qərargahı” adlı qurumun 95 milyard dollar sərvətə malik olduğundan xəbər vermişdi. Elə həmin il Amerika Maliyyə Nazirliyi qeyd edilən qurum və ona bağlı 37 ticari şirkətə qarşı sanksiyalar tətbiq etmişdi.

 

Məqalədə Huk ölkəsinin İranla münasibətləri normallaşdırmaq və diplomatik münasibətlər qurmağa maraqlı olduğunu da qeyd edib.

 

“Tezliklə amerikalı ziyalılar Tehranın çirkli havası, zəlzələdən sonra evlərin tikilməsi, İran- İraq müharibəsi veteranlarına tibbi yardım göstərilməsi, Urmu gölünün quruması və digər bu kimi problemlərin aradan qaldırılmasına kömək edəcəklər”-deyə amerikalı diplomat vurğulayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar