SON XƏBƏRLƏR

Brayan Huk: “İranın izi olan hər bir yerdə mütləq korrupsiya olur”

2021.10.20, 07:36
Brayan Huk: “İranın izi olan hər bir yerdə mütləq korrupsiya olur”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk İran hökumətini adi insanları girov götürməkdə günahlandırıb.

 

O, Amerikanın Tehrandakı səfirliyinin əməkdaşlarının inqilab zamanı Ruhullah Xomeyninin tərəfdarları olan tələbələr tərəfindən girov götürülməsinin növbəti il dönümü münasibətilə ötən gün xarici media orqanlarından birinə verdiyi müsahibə zamanı rəsmi Tehranın hələ də sivil insanları girov götürmək siyasətinə davam etdiyini deyib.

 

Huk ABŞ-ın Tehrandakı səfirliyinin işğalının iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi və münasibətlərin getdikcə şiddətlənməsinin başlanğıcı olduğunu bildirib.

 

Qeyd etmək lazımdır ki, 1979-cu ilin 4 noyabrında özlərini “İmam Xəttinin Davamçıları” adlandıran tələbələr ABŞ səfirliyinin Tehrandakı binasına hücum edərək, diplomatları 444 gün müddətinə girov saxlamışdılar. Bu hadisə iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnmişdi.

 

Brayan Huk hazırda İranın girov götürmə siyasətinə davam etdiyini, bir neçə günahsız ABŞ vətəndaşını Evin zindanında saxladığını bildirib.

 

Diplomat İranın girovlardan xarici siyasətdə digər ölkələrə qarşı təzyiq siyasəti kimi istifadə etdiyini, bu kimi qeyri-insani addımlara son verməli olduğunu deyib.

 

Huk İraqda baş verən proseslərə də münasibət bildirib. O, “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin bu ölkəyə səfərinin İranın uzun illərdir İraqı öz vassalına çevirməyə çalışması istiqamətində göstərdiyi fəaliyyətlərin davamı kimi dəyərləndirib.

 

“İran uzun illərdir İraqı tam olaraq özündən asılı hala salmaq istəyir. Qasım Süleymaninin İraqa səfəri və iraqlı rəsmilərlə xalq etirazlarının yatırılmasında qazandığı təcrübələri bölüşməsi İranın uzun illərdir qeyd edilən sahədə göstərdiyi təlaşların uğursuzluğa düçar olma ehtimalından qorxmasından irəli gəlir. Amerika isə İraqın müstəqil, təhlükəsiz, azad və demokratik olmasını istəyir”,- deyə diplomat vurğulayıb.

 

Huk sonda qeyd edib ki, İranın izi olan hər bir yerdə mütləq rüşvətxorluq və bu kimi digər yaramaz fəaliyyətlər də geniş yayılmış olur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar