SON XƏBƏRLƏR

Brayan Huk: “Maksimum təzyiq siyasəti nəticəsində İran 50 miyard dollardan məhrum olub”- FOTO

2021.10.20, 07:36
Brayan Huk: “Maksimum təzyiq siyasəti nəticəsində İran 50 miyard dollardan məhrum olub”- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk maksimum təzyiq siyasəti nəticəsində rəsmi Tehranın 50 milyard dollar əldə etməsinin qarşısının alındığını deyib.

 

O, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində “Asiya Cəmiyyəti Müəssisəsi”ndə təşkil edilmiş toplantıda etdiyi çıxışı zamanı deyib. Huk əlavə edib ki, İran əgər bu gəlirləri əldə etsəydi, onu məzhəbçilik və regionda əmin-amanlığın pozulması üçün istifadə edəcəkdi.

 

“İran hökuməti ötən illər ərzində Suriya, İraq, Livan, Fələstin və Yəmən kimi ölkələrdə döyüşən təmsilçi qruplaşmalarına 100 milyonlarla dollar pul verib. Hətta nüvə razılaşması da İranın bu addımlarının qarşısını ala bilmədi”- deyə diplomat əlavə edib.

 

Huk həmçinin qeyd edib ki, maksimum təzyiq siyasəti İranın Hizbullah kimi təşkilatlara verdiyi pulların kifayət qədər azalmasına səbəb olub. Nəticədə bu terror qruplaşmaları ilə İran arasında narazılıqlar yaranıb.

 

 

Dövlət Departamentinin rəsmisi yürütdükləri sözügedən siyasətin əsas məqsədinin terrorizmin qarşısını almaq olduğunu deyib və bunu strateji addım adlandırıb.

 

Xatırladaq ki, Amerika 2018-ci ilin may ayının 8-də rəsmi Tehrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyinin anonsunu verərək, İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından çıxdığını rəsmən bəyan edib. Bundan sonra tətbiq etmiş sanksiyalar nəticəsində İran iqtisadiyyatı böyük problemlərlə üzləşib. Ölkənin xarici gəlirlərinin təqribən 70%-ni təmin edən neft ixracatı kəskin enib. Sanksiyalardan öncə gündəlik təqribən 2.6 milyon barel qara qızıl satan İran hazırda günlük 120 min barelə yaxın neft ixrac edə bilir.

 

Brayan Huk çıxışı zamanı İranda qadınların stadionlara buraxılması məsələsinə də toxunub və bildirib ki, FİFA-nın İrana qarşı bu xüsusda mövqeyi göstərdi ki, təzyiqlə İran hökumətinin öz rəftarlarını dəyişməyə nail olmaq olar. Bundan başqa, diplomat özünü yandıraraq intihar edən Səhər Xudayarinin ölümünü böyük faciə adlandırıb və İran rəsmilərinin qadınların stadionlara girişi məsələsini həll edəcəklərilə bağlı FİFA-ya söz verdiklərini, Amerikanın isə nəticəni gözlədiyini deyib.

 

 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino sentyabrın 22-də İranın Dünya çempionatına vəsiqə qazanmaq üçün Tehranda keçiriləcək maçlara qadınların buraxılacağıyla bağlı vəd verdiyini bəyan etmişdi.

 

 

Huk sonda İranın regionda yürütdüyü təxribatçı siyasətlərə və “Sepah” terror təşkilatının təmsilçi qruplaşmalar vasitəsilə digər ölkələrdə idarəçiliyi almaq istiqamətində göstərdiyi təlaşlara diqqət çəkib, eləcə də Səudiyyə Ərəbistanına qarşı hücumu rəsmi Tehranın həyata keçirdiyini deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar