SON XƏBƏRLƏR

Brayan Hukdan İsmayil Qaaniyə xəbərdarlıq: “Amerikalıları öldürmək yolunu davam etdirsən, səni də Qasım Süleymaninin taleyi gözləyəcək”

2021.10.20, 07:36
Brayan Hukdan İsmayil Qaaniyə xəbərdarlıq: “Amerikalıları öldürmək yolunu davam etdirsən, səni də Qasım Süleymaninin taleyi gözləyəcək”

Gunaz.tv

GünazTV: Yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısına qatılmaq üçün İsveçrənin Davos şəhərinə səfər edən ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk “Al-Sharq al- Awsat” qəzetinə müsahibəsində “Sepah”ın “Qüds” briqadasının yeni komsndanı İsmayıl Qaanidən danışıb.

 

Huk deyib ki, əgər “Sepah” terror təşkilatının “Qüds” briqadasının yeni komandanı Amerika vətəndaşlarını öldürmək yolunu davam etdirsə, onun da sonu Qasım Süleymaninin taleyi kimi olacaq: “ABŞ prezidenti hələ bir neçə il əvvəldən açıq şəkildə demişdi ki, Amerika mənafeyinə və ya ABŞ vətəndaşlarına qarşı hər hansı bir hücuma kəskin cavab verəcək. Qasım Süleymaninin öldürülməsi İran rejimi üçün elə bir boşluq yaratdı ki, o, bu boşluğu asanlıqla doldura bilməyəcək.

 

Biz, dünyanın ən təhlükəli terrorçusunu aradan götürdük. Nəticədə, hesab edirəm ki, region bundan sonra daha təhlükəsiz bir yer olacaq. Çünki, Qasım Süleymani İranın regiondakı təmsilçi qüvvələrini öz ətrafına yığan saqqız kimi idi. Lakin onun ölümü elə bir boşluq yaratdı ki, İran rejimi hələ-hələ bu boşluğu doldurmağa qadir deyil.

 

İran rejimi başa düşüb ki, o Amerikaya və onun vətəndaşlarına hücum edərsə, artıq öz canını qurtara bilməyəcək. Biz regionda Amerika mənafeyinə və onun vətəndaşlarına qarşı həyata keçiriləcək hər bir hücuma görə İran rejimini və onun amillərini məsul kimi tanıyacağıq.

 

Burada “Sepah”ın “Qüds” briqadasının yeni komandanı İsmayıl Qaaniyə xəbərdarlıq edib deyirəm ki, əgər o, amerikalıları öldürmək yolunu davam etdirsə, onun da aqibəti, Qasım Süleymaninin taleyinə oxşar olacaq” –deyə, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar