SON XƏBƏRLƏR

Təbrizdə siyasi məhbusa dəstək aksiyası keçirilib

2022.05.09, 03:23
Təbrizdə siyasi məhbusa dəstək aksiyası keçirilib

Gunaz.tv

Milli fəallar Ruzbeh Pirinin afişalarını yapışdırıb, onun həyatının təhlükədə olduğunu bildiriblər.

“Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü” münasibətilə keçirilən aksiyada fəallar Təbriz zindanının 15-ci bölməsində saxlanılan mədəni fəalın sağlıq durumunun yaxşı olmadığını və zindan məsullarının onun müalicəsinə imkan vermədiyini qeyd ediblər.

“Azərbaycan övladlarını həbs etməklə Azərbaycan xalqının hüquqlarını gizlədə bilməzsiniz”, “8 may Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü Ruzbeh Pirinin həyatı təhlükədədir”-Ruzbeh Pirinin fotosu əks olunan afişaların üzərində bu cür şüarlar yazılıb.

Qeyd edək ki, Ruzbeh Piri mədə xorası xəstəliyindən əziyyət çəksə də, zindan məsulları onun müalicəsinə şərayit yaratmır. Onun zindandan qıraqda xəstəxanada yerləşdirilməsinə imkan verilmir.

Bununla yanaşı məsullar siyasi məhbusa təzyiq göstərmək üçün onu narkotik maddə istifadəçilərinin saxlanıldığı 15-ci bölməyə köçürüblər.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.  

“Təbriz” tələbə jurnalının baş redaktoru, "Müstəqil Tələbələrin İslam Cəmiyyəti" təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar