SON XƏBƏRLƏR

Təbrizin millət vəkili Məsud Pezeşkiyan hücuma məruz qalıb

2022.10.21, 09:31
Təbrizin millət vəkili Məsud Pezeşkiyan hücuma məruz qalıb

Gunaz.tv

Oktyabrın 20-də Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyana hücum edilib.

O, Təbrizdə "Rəsulullah" məscidindən çıxarkən naməlum şəxs tərəfindən təhqir olunub və sonra fiziki zorakılığa məruz qalıb.

Bu, son həftələr hakimiyyətin mühafizəkar qanadına bağlı media orqanları və şəxsləri Təbrizin nümayəndəsinə qarşı növbəti hücumlarından biridir.

Məsud Pezeşkiyanın Məhsa Əmininin öldürülməsi və ondan sonra ölkədə baş verənlərlə bağlı hakimiyyəti tənqid etməsi ona qarşı hücumların çoxalmasına səbəb olub.

Bir neçə gün bundan öncə İran Polis Qüvvələrinin komandiri Hüseyn Əştəri Təbrizin millət vəkilini məhkəməyə verib. Hüseyn Əştəri Məsud Pezeşkiyanın Məhsa Əmininin ölümü və etiraz aksiyaları ilə bağlı tutduğu mövqeyə görə məhkəməyə məktub yazıb.

Xatırladaq ki, Məhsa Əmininin öldürülməsindən sonra Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan mediada verdiyi açıqlamalarda əxlaq polisi və hökumətin fəaliyyətini tənqid edib.

O, məsələlərin təhrif edildiyini, Məhsa Əmininin öldürülməsində əli olanların cəzalandırılmadığını, kamera qeydlərinin gizlədildiyini və vətəndaşlara doğru məlumat çatdırılmadığını demişdi.

Parlamentin azərbaycanlı üzvü hökumətin vətəndaşlara qarşı saymazlığı sürdürəcəyi təqdirdə hadisələrin nəzarətdən çıxacağını və qarşısıalınmaz məcraya yönələcəyini proqnozlaşdırmışdı.

Onun açıqlamalarından sonra təhlükəsizlik qurumları tərəfindən təzyiqlərə məruz qalıb və vətəndaşları təmkinli olmağa çağıran müraciət yazmağa məcbur edilib.

Bir neçə dövr İran parlamentinin nümayəndəsi və keçmiş səhiyyə naziri olan Məsud Pezeşkiyan İranda islahatçı və hazırkı hökumətə qarşı sərt tənqidi mövqeyi ilə seçilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar