SON XƏBƏRLƏR

Təbrizli fəal Məhəmməd Mərdi məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Təbrizli fəal Məhəmməd Mərdi məhkəməyə çağırılıb

Gunaz.tv

Bildirişdə qeyd olunur ki, Məhəmməd Mərdi oktyabrın 26-ı, yerli vaxtla saat 11:00-da Cəza Məhkəməsinin 111-ci bölməsində olmalıdır.

Bundan öncə Təbriz prokurorluğunun 15-ci bölməsində Mərdiyə qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülüb, barəsində qaldırılmış “hökumətə qarşı təbliğat” ittihamı isə ləğv edilib.

İyulun 24-də Məhəmməd Mərdi təhlükəsizlik məmurları tərəfindən saxlanılı. Saxlanıldığı zaman döyülən fəal baş və çənə nahiyəsindən ciddi xəsarətlər alıb.

Mərdi ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra 11 avqustda Təbriz həbsxanasına köçürülüb, 14 avqustda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Məhəmməd Mərdi bundan öncə 2016-cı ildə milli fəal Murtəza Muradpurun zindanda aclıq aksiyasına dəstək verdiyi üçün basqılara məruz qalıb.

2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün saxlanılıb.

Sonuncu dəfə  iyulun 24-də Güney azərbaycanlıların Xuzistan ərəblərinə dəstək aksiyasında iştirak etdiyi üçün tutulub.

Qeyd edək ki, 24 iyul aksiyasında təbrizlilər ölkənin cənub qərbində yerləşən Əhvaz bölgəsində ərəb icmasının etirazlarına dəstək verib. Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və digər şüarlar səslənmişdi.

Etiraz aksiyasından öncə, həmin və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Onlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb.

Sonradan ağır girovlar qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar