SON XƏBƏRLƏR

"Türkiyə və Azərbaycanla normal münasibətlər qurulmalıdır"-Təbrizli deputatdan hökumətə çağırış

2021.12.01, 12:24
"Türkiyə və Azərbaycanla normal münasibətlər qurulmalıdır"-Təbrizli deputatdan hökumətə çağırış

Gunaz.tv

Əhməd Əlirzabeygi İranın qonşu ölkələrlə, xüsusilə Türkiyə və Azərbaycan cümhuriyyətləri ilə normal münasibətlər qurmasının vacib olduğunu deyib.


“Ölkənin inkişafı və iqtisadi irəliləyişi üçün qonşularla xoş niyyətli münasibətlərin qurulması vacibdir. Dil, din və mədəniyyət bağlarını nəzərə alaraq, Türkiyə və Azərbaycan cumhuriyyətləri ilə əlaqələrin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır”-deyə, millət vəkili bildirib.


O, Türkiyə və Azərbaycanla əlaqələrdə qeyd olunan ortaq cəhətlərin xarici siyasət və diplomatik münasibətlərdə nəzərə alınmasının zəruriliyini qeyd edib.  


Əlirzabeygi bundan öncə xarici siyasət sahəsində baş verən yanlış yanaşmaların bu günkü böhranlara gətirib çıxartdığını, bunun öncəki hökumətlərdən qalan yanlış ənənə olduğunu iddia edib.


Təbrizli nümayəndə Azərbaycan Cümhuriyyəti və İranı “iki dövlət, bir millət” adlandırıb və bundan ikitərəfli münasibətlərin yaxşılaşdırılmasında düzgün istifadə etməyin əhəmiyyətli olduğunu söyləyib.


Qeyd edək ki, Təbrizin İran parlamentindəki nümayəndələri Əhməd Əlirzabeygi və Məsud Pezeşkiyan ikinci Qarabağ müharibəsi dövründə Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirdiklərinə görə İranda tənqidlərə məruz qalıblar.


Hər iki nümayəndə qonşularla, xüsusilə Azərbaycanla münasibətdə İranın yanlış siyasət yeritdiyini etiraf etdikləri üçün radikal fars miliyyətçiləri və ifratçı cərəyanlar tərəfindən ölkəyə xəyanət etməkdə günahlandırılıblar.


Millətçilik və Azərbaycanın tərəfini saxlamaqda ittiham olunan millət vəkilləri isə belə mövqelərinin İranı təcrid vəziyyətindən çıxarmaq və böhranın dərinləşməsinin qarşısını almaq məqsədi daşıdığını bildiriblər. 


C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar