Noyabrın 9-da günorta saatlarında Təbriz-Tehran yolunun bağlanması və polis qüvvələri ilə qarşıdurmaya səbəb olan Təbrizin Kərgə bölgəsində yerüstü dairəvi körpünün tikilməməsi ilə bağlı baş verən etiraz aksiyasından sonra yerli məsullar açıqlama veriblər.
Təbrizin fərmandarı Behruz Məhdəvi mediaya verdiyi açıqlamada etiraz aksiyasından sonra yerli məsulların, o cümlədən əyalət valiliyi, bələdiyyə məsulları və başqalarının toplantı keçirdikləri və etirazçı əhalinin istəklərinin yerinə yetirilməsi iə bağlı qərar verdiklərini deyib.
“Qarşıdakı həftənin ilk günlərində Kərgənin məscidində məsullar əhali iə görüşüb və problemləri müzakirə edəcəklər”-deyə, fərmandar verdiyi açıqlamada qeyd edib.
Təbrizin 5-ci bölgəsinin bələdiyyə başçısı Mir Əliəsgər Nəssac da məsələ ilə bağlı açıqlama verib.
O, əhalinin istəyinin nəzərə alınacağını və dekabr ayından yerüstü dairəvi körpünün tikintisinə başlanılacağını bildirib.
Qeyd edək ki, noyabrın 9-da Təbrizin Kərgə bölgəsinin əhalisi etiraz aksiyası keçirib və Təbriz-Tehran yolunu bağlayıblar.
Aksiya nəticəsində kilometrlərlə avtomobil tıxacı yaranıb. Bölgəyə cəlb olunan polis və xüsusi təyinatlı qüvvələrlə əhali arasında qarşıdurma və toqquşma baş verib.
Axşam saatlarında yerli məsulların bölgəyə gəlməsi və problemin həlli ilə bağlı yenidən vəd vermələrindən sonra aksiya dayandırılıb və yol açılıb.
Xatırladaq ki, bundan bir neçə il öncə heç bir dəqiq layihə və büdcə olmadan seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində Kərgə bölgəsində dairəvi yerüstü körpünün tikintisi ilə bağlı təməlatma mərasimi həyata keçirilib.
Mərasimin üstündən illər keçməsinə baxmayaraq, vacib layihənin başlanmaması, bölgədə tixacların, yol qəzalarının və insan ölümlərinin sayının çoxalmasından hiddətlənən əhali müraciətlərinin cavabsız qaldığına görə etiraz aksiyasına əl atmağa məcbur olublar.
C.E
Mir Əliəsgər Nəssac-5-ci bölgənin bələdiyyə başçısı