SON XƏBƏRLƏR

BU GECƏ QƏLBİMİZ TÜRKİYƏ İLƏ VURACAQ...

2021.10.20, 07:36
BU GECƏ QƏLBİMİZ TÜRKİYƏ İLƏ VURACAQ...

Gunaz.tv
14 nəfərlə qalan “ay-ulduzlu” mehmetciklər almanlarla savaşa çıxır Bu gün Avropa çempionatının ilk yarımfinal matçında Almaniya ilə tarixi qarşılaşmaya çıxacaq Türkiyə millisinin heyətində ciddi itkilərin olduğu bəllidir. Qardaş ölkənin “ay-ulduzlu” komandası vacib oyuna ikisi qapıçı olmaqla cəmi 14 futbolçu ilə hazırlaşıb. Zədədən əziyyət çəkən Əmrə Belözoğlu və Sərvət Çətinin də almanlara qarşı forma geymək şansının olmadığı bildirilir. Tümər Mətinin oynayıb-oynamayacağı isə sual altındadır. Volkan Dəmirəl, Arda Turan, Tuncay Şanlı və Əmrə Aşık cəzalı durumda olduqlarından 1/2 finalda meydana çıxa bilməyəcəklər. Nihat Qəhvəçi və Əmrə Güngör isə ciddi zədə aldıqlarından AÇ-2008-i vaxtından əvvəl başa vurublar. Türkiyə mətbuatı Terimin Almaniya ilə görüşə hansı heyəti buraxacağını da yazıb. Bildirilir ki, qapı yenə təcrübəli Rüştü Rəncbərə tapşırılacaq. Müdafiə xəttində Səbri Sarıoğlu, Gökhan Zan, Hakan Balta və Uğur Boralın ilk dəqiqələrdən meydana çıxacağı vurğulanır. Çalışdırıcının orta xətdə 5 oyunuya - Kolin Kazım, Həmid Altıntop, Mehmet Aurelio, Mehmet Topal və Göydəniz Qaradənizə güvənəcəyi gözlənilir. Hücumda isə Semih Şəntürk rəqib müdafiəsini yarmağa hazırlanıb. Almaniya komandası isə Türkiyə ilə matça tam qüvvəsi ilə çıxacaq. Bundestimin heyətində nə cəzalı, nə də zədəli futbolçu yoxdur. Baş məşqçi Yoahim Löv Türkiyəyə qarşı matçda düşərgəyə cəlb etdiyi 23 futbolçunun hər birinin xidmətindən istifadə etmək şansına malikdir. UEFA-nın Türkiyəyə qərəzi AÇ-96-da Almaniyanın əlavə oyunçu çağırmasına icazə verilsə də AÇ-2008-də Türkiyəyə eyni güzəşt edilmədi Türkiyə milli komandasının AÇ-2008-də tarixi uğurlara imza atmasını deyəsən, UEFA da qısqanclıqla qarşılayır. Qitənin ali futbol təşkilatı qardaş ölkənin komandasının heyətə əlavə oyunçular cəlb etməsinə icazə verməyib. Hazırda ən azı 9 oyunçusu zədəli və cəzalı olan Türkiyə millisi almanlarla matçda ikisi qapıçı olmaqla cəmi 14 oyunçunun ümidinə qalıb. UEFA Türkiyənin bu istəyini rədd edərkən bəyan edib ki, turnir çərçivəsində heyətə əlavə oyunçu cəlb olunması qaydalara ziddir. Amma məlum olub ki, UEFA məhz bu gün Türkiyənin rəqibi olacaq Almaniyaya belə situasiyada güzəşt edibmiş. Belə ki, AÇ-96-da Almaniya yığmasında 4 zədəli, 2 cəzalı oyunçu olduğuna görə UEFA “Verder”in futbolçusu Yens Todtun milliyə çağırılmasına icazə vermişdi. UEFA Volkanın cəzasını azaltmadı UEFA Türkiyə milli komandasının qapıçısı Volkan Dəmirələ verilən iki oyunluq cəzanın azaldılması ilə bağlı şikayətini rədd edib. Qitənin ali futbol qurumu türkiyəli azarkeşlər, oyunçular və futbol funksionerlərinin yolverilməz davranışı üzündən kəsdiyi 42 min 100 dollarlıq cəriməni də qüvvədə saxlayıb. Yada salaq ki, V.Dəmirəl qrup mərhələsinin son oyununda Çexiya yığmasının forvardı Yan Kolleri vurduğu üçün meydandan qovulmuşdu. Artıq Xorvatiya ilə 1/4 final matçını buraxan 27 yaşlı qolkiper bu gün İsveçrənin Bazel şəhərində Almaniya millisi ilə keçiriləcək yarımfinal qarşılaşmasında da çıxış etməyəcək. Semih Şəntürk: “1:0 hesabı ilə qələbə qazanacağıq” “Bu günə qədər dediyim bütün proqnoz və hesablar düz çıxıb. Almaniya ilə matçda isə içimdən keçir ki, 1:0 hesabı ilə qələbə qazanacağıq. İnşallah, bu qolu da mən vuracağam”. Bu sözləri Türkiyə komandasının forvardı Semih Şəntürk deyib. “Fənərbaxça”nın oyunçusu heyətdə zədəli və cəzalı oyunçuların çoxluğuna baxmayaraq Almaniyanı udacaq gücdə olduqlarını vurğulayıb. Gökhan Zan: “Belə getsə, finalda oynamağa 11 futbolçu da tapmayacağıq” Türkiyə milli komandasının oyunçusu Gökhan Zan finala yüksələcəklərinə əmin olduğunu bildirib: “Almaniya çox güclü komandadır, rəqibə hörmətlə yanaşırıq. Amma rəqibdən çəkinmirik, cəsur şəkildə matça çaxacağıq. Heç kimdən qorxumuz yoxdur, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. “Beşiktaş”ın futbolçusu heyətdə zədəli və cəzalı oyunçularının çoxluğunun da zəfər çalmalarına əngəl olmayacağını önə çəkib. G.Zan finala çıxacaqları təqdirdə daha ciddi problemlə üzləşəcəklərini də istisna etməyib: “Hazırda 13 nəfər qalmışıq. Belə getsə, finalda oynamağa heç 11 futbolçu tapmayacağıq”. Sərvət Çətin: “Ayağım qopsa da oynamaq istəyirəm” Sərvət Çətin Avropa çempionatının Almaniya ilə yarımfinal oyununda meydana çıxmaq üçün alışıb-yanır. Zədəli futbolçu mübarizəyə hazır olduğunu bildirib: “İndiyə kimi üzərimə düşən vəzifəni yerinə yetirmişəm və çətinlikdən qaçmamışam. Yenə fədakarlıq etməyə hazıram. Ayağım qopsa da bu matçda oynamaq istəyirəm”. Qeyd edək ki, “Qalatasaray”ın Azərbaycan əsilli müdafiəçisi Sərvət ciddi zədə səbəbindən komandasının Xorvatiya ilə oyununda da oynamayıb. Rəcəb Tayyib Ərdoğan: “Yüz milyonlarla qardaşımız Türkiyənin qələbəsi üçün dua edəcək” “Bu gün təkcə 70 milyon vətəndaşımız deyil, yüz milyonlarla dost və qardaşımız da Türkiyə yığmasını dəstəkləyəcək, komandamızın qələbəsi üçün dua edəcək”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun fikrincə, Türkiyə milli komandasının Almaniya ilə keçirəcəyi Avropa çempionatının yarımfinal matçında da qələbə qazanacaq. R.T.Ərdoğan “ay-ulduzlular”ın qələbəsinin təkcə Türkiyədə yox, Avropa, Asiya, Afrika qitələrində və dünyanın hər bir guşəsində də qeyd olunacağını açıqlayıb. Baş nazir həmçinin Türkiyə millisinin son qələbələrində türk millətinə xas keyfiyyətlərin böyük rol oynadığını vurğulayıb: “Ən çətin anlarda, ən ağır şəraitdə toparlanaraq ayağa qalxmaq, heç bir işdən yorulmamaq, səbrlə, dəyanətlə hədəflərə doğru irəliləmək bu millətin xəmirində var. Mən bu ortaq ruhu, bu duyğu birliyini köksündə ay-ulduz daşıyan idmançılarımızda da, 70 milyonluq vətəndaşımızda da görürəm. Gələcəyə ümidlərimizi artıran da məhz bu hisslərimizin birliyidir”. Yens Lemann: “Türkiyə ilə qarşılaşmada həyatımı da verməyə hazıram” “Türkiyə ilə qarşılaşmada hər şeyimi, hətta həyatımı da verməyə hazıram”. Bu sözləri Almaniya milli komandasının qapıçısı Yens Lemann deyib. 39 yaşlı qolkiper bildirib ki, Avropa çempionatının Türkiyə ilə yarımfinal oyunu ərəfəsində yalnız bu matça köklənib: “İndi başımda yalnız yarımfinal oyunu ilə bağlı fikirlər var. Düşünmürəm ki, finala çıxsaq, yığmadakı gələcək karyeramı başa vuracağam. Mənə yığma karyeramla bağlı yekun qərar vermək üçün təzyiq edib tələsdirən yoxdur”. Slaven Biliç: “Türkiyə ilə oyundan sonra Lövün üz cizgilərini görmək istərdim” “Biz Avropa çempionatında həm Almaniyaya, həm də Türkiyəyə qarşı mübarizə aparmışıq. Ancaq Türkiyədən fərqli olaraq almanlarla oyunda çətinlik çəkmədən qalib gəldik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç deyib. Qitə birinciliyinin 1/4 finalında Türkiyəyə penaltilər seriyasında uduzduğu üçün yarışla erkən vidalaşan xorvatların çalışdırıcısı rəqibin təhlükəli olduğunu bildirib. S.Biliç vurğulayıb ki, “ay-ulduzlular”da mübarizə əzmi xüsusilə güclüdür: “Türkiyə ilə oyunda işimizin asan olacağını düşünürdük. Lakin gözləmədiyimiz halda rəqib güclü mübarizə əzmi nümayiş etdirərək bizi çempionatdan kənarlaşdırdı. Əgər Türkiyə finala çıxarsa, heç kim təəccüblənməsin”. 39 yaşlı çalışdırıcı Almaniyanın heyət baxımından üstünlüyünün nisbi olduğunu söyləyib: “Türkiyə yığmasında zədəli və cəzalı futbolçuların çoxluğu almanları daha da cəsarətləndirib. Ancaq türklərlə görüşdə final fiti səslənmədən heç bir hesabı üstünlük saymaq düzgün deyil. Çünki bizimlə oyunda da onlar tam heyətlə çıxış etmirdi. Yəqin nə demək istədiyimi anladınız: almanlar rəqibin zəif heyətlə oynamasına güvənməsinlər. Çox istərdim ki, yarımfinal başa çatandan sonra Almaniyanın baş məşqçisi Yoahim Lövün üz cizgilərini görüm”. Arda “Arsenal”ın hədəfində Türkiyə milli komandasının sol cinah yarımmüdafiəçisi Arda Turan İngiltərənin “Arsenal” klubunun maraq dairəsinə düşüb. London təmsilçisinin baş məşqçisi Arsen Venger 21 yaşlı futbolçunu almaq istədiklərini açıqlayıb. 59 yaşlı mütəxəssis klubun rəsmi internet saytına müsahibəsində deyib: “Etiraf edək ki, Kriştiano Ronaldonu ala bilmərik. Ancaq rəqib üçün ən azı Ronaldo qədər təhlükəli olan Arda Turan bizi çağırır”. A.Turanın dünya futboluna damğasını vuracağını bildirən fransalı çalışdırıcı Avropa çempionatında türkiyəli oyunçunu keçmiş yetirməsi Rober Piresdən də üstün sayıb. Onun fikrincə, “Qalatasaray”ın futbolçusu qitə birinciliyində çıxış edənlər arasında ən istedadlısıdır: “Avropa çempionatında Bəhrami, Podolski, Engelaar, Sərvət Çətin, David Vilya, Gökhan İnlər, Ərən Dərdiyok kimi oyunçuları bəyəndim, amma Arda Turan onların hamısından səviyyəlidir”. Adanada Terimə heykəl qoymaq istəyirlər Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin Adanada türk bayrağı və Atatürkün şəkli ilə birlikdə böyük plakatı asılıb. Şəhər mərkəzində bir binadakı eyvandan asılan 5x8 metr ölçülü plakatda “Adana səninlə qürur duyur” sözləri yazılıb. Bu plakatı asdıran “Pink” təşkilatı İdarə Heyətinin başçısı Namiq Kamal Biçər Adana Böyükşəhər Bələdiyyəsinin yer verəcəyi təqdirdə F.Terimə heykəl qoymaq istədiklərini də söyləyib. Dünya şəhərlərinin öz sənətçiləri və idmançıları ilə tanındığını deyən Biçər “Fatih Terim kimi bir idman adamının Adanadan çıxması qürurvericidir. İcazə verilərsə, Terimin istənilən formada bir heykəlini qoydurmaq istəyirik”- deyə bildirib. Dövlət türk futbolçulara xüsusi status verəcək Türkiyə millisinin üzvlərinə xüsusi statuslar veriləcək. Bu barədə Türkiyə hökumətinin iclasından sonra dövlət naziri Cəmil Çiçək məlumat verib. O, yığmanın aparıcı oyunçularına “Şərəf təqaüdü” və “Dövlət idmançısı” titulu verilməsini təklif edən qanunun qarşılaşmadan əvvəl qüvvəyə minməsini istədiklərini deyib. C.Çiçək Türkiyə bayrağını şərəflə dalğalandıran idmançılara bu titulun və təqaüdün verilməsi barədə qanun təklifinin bu gün parlamentdə müzakirə ediləcəyini deyib. “Dövlət idmançısı” titulunu qazananlar hava yollarının VİP salonlarından istifadə edəcək və xüsusi statusu olan yaşıl pasport alacaq. “Şərəf təqaüdü” alan idmançılar isə ictimai nəqliyyatdan pulsuz istifadə edəcək, bələdiyyəyə su pulunu endirimlə ödəyəcək. Son 20 ildə 40 min futbol azarkeşi infarktdan ölüb Milli komandaların müxtəlif çempionatlarda çıxışı ilə həmin ölkədə miokard infarktından ölmə faktları arasında birbaşa əlaqə var. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumatına görə, son 20 il ərzində müxtəlif yarışların canlı yayımı zamanı 40 min nəfər ekran qarşısında miokard infarktından dünyasını dəyişib. Maraqlıdır ki, milli komandanın qalib gəlməsi və ya məğlub olması insanların ürək-damar sisteminə eyni dərəcədə təsir edir. Ekran qarşısında vəfat edən azarkeşlərin tam yarısının ürəyi milli komandalarının qələbə çalmasından doğan sevinci hissinə tab gətirməyib. Qeyd edək ki, kardiologiyada “futbol infarktı” adlanan termin var. Son 20 il ərzində stadionlarda infarktdan 230 azarkeş dünyasını dəyişib. Son iki belə hal AÇ-2008-də qeydə alınıb. Avstriya-Almaniya matçından sonra 20 yaşlı avstriyalı qadın azarkeş stadionda dünyasını dəyişib. Türkiyə millisinin İsveçrə üzərindəki qələbəsindən sonra isə türk azarkeşin sevincdən ürəyi dayanıb. Həkimlərin hesablamalarına görə, milli komandanın matçı olan gün azarkeşlərin infarkt keçirməsi ehtimalı 3 dəfə artır. Oyunu izləyən zaman bəzi azarkeşlərin ürəyi dəqiqədə 160 dəfə döyünür ki, bu da sahədə olan oyunçuların ürək döyüntülərinin sayına bərabərdir. Lakin futbolçunun ürək döyüntüləri sürətlə nəfəs alıb-vermə, yəni mütəmadi oksigen qəbulu ilə müşayiət olunursa, azarkeşdə bu proses baş vermədiyindən onun infarkt vurma təhlükəsi artır. “Tvoy den” qəzetininin məlumata görə, Rusiya millisi Hollandiya yığmasını məğlub edəndən sonra Moskvada müxtəlif xəstəxanaların kardiologiya bölmələrinə ürək-damar sisteminin xəstəlikləri diaqnozu ilə təqribən 200 azarkeş gətirilib. Həkimlərin sözlərinə görə, matçdan sonra infarkt diaqnozu ilə xəstəxanalara gətirilən şəxslərin hamısı yaşı 35-ə qədər olan azarkeşlərdir. Həkimlər Avropa çempionatının oyunlarını televiziya qarşısında izləyən azarkeşlərə infarkt təhlükəsini azaltmaq üçün siqaret çəkməməyi, spirtli içki qəbul etməməyi, oyun bitəndən sonra təmiz havada gəzməyi məsləhət görürlər. Yunan futbolunun rəhbərindən Terimə dəstək Uzun illər Türkiyə ilə münasibətləri düşmənçilik səviyyəsində olan Yunanıstanda da hazırda Türkiyə millisinə azarkeşlik edənlər çoxluq təşkil edir. Adıçəkilən ölkənin futbol federasiyasının rəhbəri Vassilis Qaqatsis isə “ay-ulduzlu” komandanın çalışdırıcısı Fatih Terimə göndərdiyi SMS-lə türk komandasına sevgisini çatdırıb. Federasiya prezidentinin mesajında belə yazılıb: “Sevgili dostum Fatih, Türkiyə milli komandası AÇ-2008-də göstərdiyi oyunla Avropada öz sözünü dedi. Bir daha aydın oldu ki, komandanızın inanılmaz əzmkarlığı var və ağlagəlməz nəticələrlə liderliyə yüksəldiniz. AÇ-2008-də bundan sonra hansı nəticələrin qeydə alınmasından asılı olmayaraq turnirin qalibi sizsiniz. İnanıram ki, kubok Türkiyəyə gedəcək”. Türkiyə səfirliyindən azarkeşlərə minnətdarlıq jesti Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə yığmasının yarımfinala vəsiqə qazanmasının Bakı küçələrində də təmtəraqlı şəkildə qeyd olunması ilə bağlı açıqlama yayıb. Sənəddə bildirilir ki, “ay-ulduzlu” komandanın azarkeşlərinin Bakı küçələrində düzənlədiyi qələbə şənlikləri Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıca və digər türk diplomatlarına olduqca gözəl təsir bağışlayıb: “Oyun başa çatandan sonra Bakı küçələrində hər iki dövlətin bayraqlarının bir yerdə dalğalanması böyük fəxr və sevinc hissi ilə qarşılandı. Bakının ürəyinin Ankara, İstanbul və digər türk şəhərləri ilə eyni həyəcanla döyünməsi Türkiyənin sevincinin Azərbaycanın da sevinci olduğunu bir daha göstərdi”. Avstriyanın baş məşqçisi istefa verdi Avstriya və İsveçrədə davam edən futbol üzrə Avropa çempionatının ilk istefası reallaşıb. Yozef Hikersberger Avstriya milli komandasının baş məşqçisi postu ilə vidalaşıb. 60 yaşlı mütəxəssis istefa qərarını çox yorulması ilə əsaslandırıb: “Mən gedirəm. Çox yorulmuşam. Mənə sərbəst vaxt və istirahət lazımdır. İtirdiyim enerjini bərpa etməliyəm. Missiyam başa çatdı”. Qeyd edək ki, qitə birinciliyində B qrupunda yer alan Avstriya millisi Xorvatiya və Almaniyaya 0:1 hesabı ilə məğlub olsa da Polşadan xal almağı bacarıb - 1:1. Nəticədə cəmi 1 xalla kifayətlənən Y.Hikersbergerin komandası qrupda 3-cü yeri tutaraq 1/4 finala vəsiqə qazana bilməyib. Rusiyada yeni doğulan uşağa Qus Hiddink adı qoyulub Avropa çempionatında Rusiya milli komandasının uğurlu çıxışı bu ölkədə qeyri-adi şəkildə qeyd olunub. Novosibirsk vilayətinin Bolotnoye şəhərində doğulan oğlan uşağı yığmanın hollandiyalı baş məşqçisi Qus Hiddinkin şərəfinə adlandırılıb. Xmelevlər ailəsində dünyaya göz açan körpəyə Qus adı qoyulub. Vüsal MEHDİOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar