SON XƏBƏRLƏR

Bu gün AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

2021.10.20, 07:36
Bu gün AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

Gunaz.tv
Bu gün AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə olunacaq aspa_110108.jpg Dünən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb. APA-nın məlumatına görə, iyunun 23-dən 27-nə kimi davam edəcək sessiyada iştirak etmək üçün Milli Məclisin AŞPA-da nümayəndə heyətinin üzvləri iyunun 21-dən Strasburqdadır. Deputatlarla yanaşı, sessiya çərçivəsində keçiriləcək bəzi tədbirlərdə iştirak etmək üçün Azərbaycanın bir sıra hüquq müdafiəçiləri və müxalifət nümayəndələri də Strasburqa gedib. Deputatlar dünən Gürcüstan və Makedoniyada keçirilmiş seçkiləri müşahidə etmiş missiya rəhbərlərin məruzəsini dinləyib, daha sonra İsveçin xarici işlər naziri Karl Bildt AŞ Nazirlər Komitəsi adından AŞPA-ya müraciət edib, Qara dənizin ətraf mühitinin çirklənməsi ilə bağlı mübarizə məsələsi müzakirə olunub. Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələr iyunun 24-də, "Türkiyədə demokratik institutların vəziyyətinə dair məruzə isə iyunun 26-da dinləniləcək. Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsi ilə bağlı müzakirələrdə iştirak edəcək. Qeyd edək ki, Ermənistanda demokratik institutların fəaliyyəti haqqında məsələ də sessiyanın gündəliyinə növbədənkənar məsələ kimi salınıb. Monitorinq Komitəsinin sədri Sergey Qolovatıy bəyan edib ki, fevralda keçirilmiş prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı AŞPA-nın qətnaməsi Ermənistanda kifayət qədər yerinə yetirilmədiyi üçün bu məsələ ilə bağlı sessiyada növbədənkənar dinləmələr keçirilmək məqsədəuyğundur. Sessiyadan əvvəl AŞPA sədri Luis Maria de Puç dünən Strasburqda mətbuat konfransı keçirib. Luis Maria de Puç AŞPA-nın yay sessiyasının gündəmindəki məsələlər haqda danışıb. Azərbaycanla bağlı məsələyə toxunan AŞPA rəhbəri bildirib ki, həmməruzəçilərin hesabatını gözləmək lazımdır. O, sessiyadan sonra Azərbaycan, Ermənistan və Moldovaya səfər edəcəyini deyib. Kosovo mövzusunda sualı cavablandıran sədr hazırda Avropa Şurasının Kosovonun təşkilata inteqrasiyasına dair strategiyası olmadığını söyləyib: "Bu məqam hələ yetişməyib. Digər tərəfdən, Kosovo bunun üçün rəsmi müraciət etməyib. Avropa Şurası daxilində Kosovo məsələsinə münasibətdə yaranmış fikir ayrılıqlarını da nəzərə almaq lazımdır". Luis Maria de Puçun sözlərinə görə, indiki mərhələdə Kosovonun AŞ-yə inteqrasiyasından danışmaq tezdir. Qeyd edək ki, dünən AŞPA sessiyası çərçivəsində qurumun Siyasi Bürosunun iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Büronun iclasında sessiyanın gündəliyinin təsdiqləndiyini bildirib: "Gündəliyə Azərbaycanla yanaşı Ermənistanda da demokratik institutların fəaliyyətinə dair dinləmələrin keçirilməsi ilə bağlı məsələ daxil edildi. Bildiyiniz kimi, Ermənistan üzrə həmməruzəçilər bu ölkədə son vəziyyəti dəyərləndirmək üçün Ermənistana getməli idilər. Siyasi Büroda onların məruzəsi dinlənildi və qərara alındı ki, iyunun 25-də Ermənistanda vəziyyətə dair fövqəladə müzakirələr keçirilsin. Çünki AŞPA-nın məlum qətnamə və tövsiyələrindən sonra bu ölkədə demokratik institutların fəaliyyətinə dair irəliləyiş əldə olunmayıb". Səməd Seyidov Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsinin müzakirəsinin sabah keçiriləcəyini bildirib: "Siyasi Büronun iclasında prezident seçkiləri ilə bağlı ilkin məlumat verdik və iyun sessiyasından sonra ölkəmizdə keçiriləcək seçkiləri izləmək üçün AŞPA-nın müşahidə missiyası formalaşmağa başlayacaq. Bu sessiya çərçivəsində müxtəlif görüşlərimiz olacaq, AŞPA prezidenti ilə görüşüm nəzərdə tutulub". Səməd Seyidov AŞPA prezidenti Luis Mariya de Puçun ayın əvvəlində regiona səfər edəcəyini bildirib: "Biz AŞPA prezidenti ilə bir çox məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, Dağlıq Qarabağ üzrə Alt Komitənin tərkibi hələ təsdiqlənməyib. Biz artıq müvafiq məktubu təqdim etmişik, Ermənistan tərəfdən isə bu ölkədə baş verən problemlərlə bağlı müəyyən problemlər var. Ümumiyyətlə deyə bilərəm ki, bu sessiya çox maraqlı keçəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar