SON XƏBƏRLƏR

Bu gün Beynəlxalq Ana Dili Günüdür

2021.10.20, 07:36
Bu gün Beynəlxalq Ana Dili Günüdür

Gunaz.tv

GünAz TV: 21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

 

Bu gün İranda olduğu kimi, ana dili qadağan edilmiş millətlər üçün daha dərin və fərqli məna daşıyır. Güney Azərbaycanda hər il Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir, lakin bu tədbirlərin təşkilatçıları İran rejiminin xüsusi təqib və təzyiqlərinə məruz qalır. Təxminən hər il Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda soydaşımız rejim tərəfindən saxlanılır və müxtəlif təzyiqlərə məruz qalır.

 

Güney Azərbaycan türkləri dünya ictimaiyyəti və ölkə rəhbərliyinin diqqətini ana dilində təhsil məsələsinə cəlb etmək üçün çeşidli cəhdlərə baş vurur, ancaq millətin bu haqlı tələbi heç bir şəkildə təmin olunmur, mədəni fəallara polis dəyənəkləri, təzyiqlər və həbs cəzası ilə qarşılıq verilir.

 

Beynəlxalq Ana Dili Günü ərəfəsində divarlara “Türk  dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dili rəsmi dil kimi tanınsın”, “Yaşasın Azərbaycan”, “Ana dilim - Türk dili”, “İran türklər üçün zindandır” və s. kimi şüarların yazılması, bu zəmin braşura və vərəqələrin paylanması adi hala çevrilib.

 

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar ölkənin daxilində olduğu kimi, xaricdəki azərbaycanlılar da İranda türk dilində təhsil tələbi ilə bir çox tədbirlər həyata keçirir.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar