SON XƏBƏRLƏR

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatı başlayacaq

2021.10.20, 07:36
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatı başlayacaq

Gunaz.tv

GünAz TV: İyunun 14-də Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

 

"Report"un yaydığı məlumata görə, XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi "Lujniki" stadionunda keçiriləcək. Təbdirdə britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina çıxış edəcəklər.

 

Mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq. Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

İyulun 15-də yekun vurulacaq dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva ("Lujniki" və "Spartak"), Kalininqrad ("Kalininqrad" stadionu), Sankt-Peterburq ("Sankt-Peterburq" stadionu), Nijni Novqorod ("Nijni Novqorod" stadionu), Volqoqrad ("Volqoqrad Arena"), Kazan ("Kazan Arena"), Samara ("Samara Arena"), Saransk ("Mordoviya Arena"), Rostov-Don ("Rostov Arena"), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda ("Yekaterinburq Arena") yerləşən 12 stadionda keçiriləcək.

 

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma - Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa (Ləhistan), Portuqaliya, Serbiya, Fransa, İsveçrə (Suis), Xorvatiya, İsveç (Sued) və Danimarka təmsil edəcək.

 

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

 

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.

 

 

DÇ-2018-in hakimləri

DÇ-2018-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında türkiyəli FIFA referisi Cüneyt Çakır da var:

Avropa, UEFA (10): Cüneyt Çakır (Türkiyə), Byorn Kuypers (Hollandiya), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya), Antonio Mateo Laos (İspaniya), Şimon Marçinyak (Polşa), Feliks Brıx (Almaniya), Milorad Majiç (Serbiya), Kleman Türpen (Fransa), Sergey Karasyov (Rusiya)

 

Şimali Amerika, CONCACAF (6): Mark Geyqer, Haier Marrufo (hər ikisi ABŞ), Hoel Agilar (Salvador), Sezar Ramos (Meksika), Rikardo Monterro (Kosta-Rika), Con Pitti (Panama)

 

Cənubi Amerika, CONMEBOL (6): Sandro Riççi (Braziliya), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Enrike Kaseres (Paraqvay), Xulio Baskunyan (Çili), Andres Kunya (Uruqvay)

 

Afrika, CAF (6): Bakari Qassama (Qambiya), Yanni Sikazve (Zambiya), Qehad Qrişa (Misir), Mehdi Abid Şərif (Əlcəzair), Didu Malanq (Seneqal), Bamlak Tessema Ueyesa (Efiopiya)

 

Asiya, AFC (5): Ravşan İrmatov (Özbəkistan), Alireza Faqani (İran), Navaf Şukralla (Bəhreyn), Ryudzi Sato (Yaponiya), Məhəmməd Abdulla (BƏƏ)

 

Okeaniya, OFC (2): Matt Konqer (Yeni Zelandiya), Norber Oata (Fransa Polineziyası)

 

Mundialın rekordları

Ən çox çempion olan ölkələr: Braziliya - 5 (1958, 1962, 1970, 1994, 2002), Almaniya - 4 (1954, 1974, 1990, 2014), İtaliya - 4 (1934, 1938, 1982, 2006)

 

Ən böyük hesablı qələbə: Macarıstan - Cənubi Koreya 9:0, Yuqoslaviya - Zair 9:0

 

Ən erkən qol: Hakan Şükür - 10,8 saniyə, Türkiyə - Cənubi Koreya 3:2 (2002)

 

Mundiallarda ən çox iştirak edənlər: Antonio Karvaxal (Meksika, 1950-1966), Lotar Matteus (AFR, Almaniya, 1982-1998), Canluici Buffon (İtaliya, 1998 - 2014) - 5 mundial

 

Ən çox oyun keçirən: Lotar Matteus - 25 oyun

 

Ən yaxşı bombardir: Miroslav Kloze (Almaniya 2002-2014) - 16 qol

 

Bir mundialda ən çox qol vuran: Jüst Fonten (Fransa, 1958) - 13 qol

 

Bir oyunda ən çox qol vuran: Oleq Salenko (Rusiya, 1994) - 5 qol, Rusiya - Kamerun 5:1

 

Ən gənc futbolçu: Pele (Braziliya, 1958) - 17 yaş 249 gün

 

Ən yaşlı futbolçu: Fərid Mondraqon (Kolumbiya, 2014), 43 yaş 3 gün

 

Ən yaşlı qol müəllifi: Roje Milla (Kamerun, 1994) - 42 yaş 39 gün

 

Futbolçu kimi ən çox dünya çempionu: Pele (Braziliya) - 3 qat (1958, 1962, 1970)

 

Futbolçu və məşqçi kimi ən çox dünya çempionu: Mario Zaqallo (Braziliya) - 4 qat (1958,1962,1970,1994)

 

Tam medal komplektinə sahib olanlar: Frants Bekkenbauer, Xorst-Diter Xettqes, Volfqanq Overat, Miroslav Kloze (hamısı Almaniya)

 

Ən çox iştirak edən yığma: Braziliya - 20 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)

 

Finalda ən çox oynayan yığma: Almaniya - 8 dəfə

 

Ən çox oyun keçirən məşqçi: Helmut Şön (Almaniya, 1966 - 1978) - 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)

 

Baş məşqçi kimi ən çox dünya çempionu olan: Vittorio Pottso (İtaliya) - 2 dəfə (1934 və 1938)

 

Ən çox oyun idarə edən hakim: Ravşan İrmatov (Özbəkistan) - 8 dəfə (2010 və 2014)

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar