SON XƏBƏRLƏR

BU MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN!

2021.10.20, 07:36
BU MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN!

Gunaz.tv
BU MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN! ”Bayrağımız ideya qaynağımızdır” Əbülfəz Elçibəy Çağdaş Azərbaycan milli hərəkatı milli-mədəni fazda ciddi müvəffəqiyyətlər qazandıqdan sonra milli-siyasi müstəviyə keçiş sürəcinin ağrılarını, sancılarını yaşasa da, irəliləməkdə və artıq ciddi bir gerçəklik kimi qlobal dünya siyasətinin diqqət mərkəzinə çevrilməkdədir. Qurtuluş mücadiləsi vermiş və ya verməkdə olan millətlərin milli hərəkatlarının təcrübəsinə baxdığımızda çağdaş Azərbaycan milli hərəkatının yaşadığı bu ağrıların, sancıların sadəcə bizim hərəkata məxsus olmadığını, dolayısı ilə, yaşanması və aşılması gərəkən normal bir sürəc olduğunu görə bilərik. Şübhəsiz ki, ağrılı, sancılı bu sürəcin aşılmasında Azərbaycan aydınının və milli hərəkat fəallarının üzərinə ağır məsuliyyət və vəzifələr düşməkdədir. Çağdaş Azərbaycan milli hərekatının milli-mədəni fazdan milli-siyasi faza sürətli bir biçimdəkeçmişdir. Bu sürətli keçişi arxada buraxdığı sürəcdə qazandığı böyük nailiyyətlərlə yanaşı, həm də uluslararası siyasi şərtlərin olumlu bir biçimdə oluşması ilə izah etmək heç də yersiz olmaz. Ancaq bu sürətli keçiş müsbət yönləri ilə birlikdə, yeni mərhələyə yetərli hazırlığımızın olmaması ucbatından bir sıra sıxıntıları da bərabrində gətirmişdir. Keçmiş hərəkatlarımızın da təcrübəsinə dayanaraq, bu sıxıntıların düzgün təsbiti və ortadan qaldırılması çağdaş hərəkatımızın öz hədəflərinə doğru axsamadan irəliləməsi üçün olmazsa-olmaz şərtdir. Bəhsini etdiyimiz bu sıxıntılar, özəlliklə də nəzəri-ideoloji və siyasi planda özünü açıqca göstərməkdədir. Bu gün Azərbaycan milli hərəkatı bütün güclü tərəfləri ilə yanaşı, nəzəri-ideoloji planda hərəkatın təməl daşı kimi milli ideologiyanın əhəmmiyyətinin lazımi səviyyədə dərk edilməməsi, var olan tek milli ideologiyamızın-Müsavatçılığın yetərincə öyrənilməməsi, Azərbaycan milli hərəkatının ideoloji altyapısının möhkəmləndirilməmiş, yol xəritəsinin tamamlanmamış olması, bunların ortadan qaldırılması istiqamətində lazımı nəzəri fəaliyyətlərin aparılmaması, keçmişdəki hərəkatlarımızın, digər xalqlarin milli hərəkatlarının təcrübələrinin öyrənilməməsi və s. kimi, siyasi planda ise, milli təşkilatlanmanın yetərli səviyyədə olmaması, milli-siyasi kadrların yetərsizliyi və s. kimi ciddi və bir an öncə həll edilməsi gərəkən problemlərlə üz-üzədir. Burada hərəkatın gündən-günə geniş vüsət almasından qorxuya düşən fars şovinizminin ideoloji, siyasi və hətta fiziki anlamda basqılarının getdikcə artdığını da nəzərə alırsaq, Azərbaycan milli hərəkatının nə dərəcədə ciddi və taleəhəmmiyyətli bir dönəməcdən keçdiyinin fərqinə varmış olariq. Durum belə ikən, bu qədər ciddi problemlərlə üz-üzə ikən Azərbaycan milli hərəkatı ətrafinda yeni-yeni, həm də süni problemlərin yaradılmasının ən azından hərəkatımıza hər hansı bir yarar sağlamayacağı kəsindir. Son günlərdə sıx-sıx ortaya atılan və gündəmimizi süni bir şəkildə məşgul edən problemlərdən biri də ”Güney Azərbaycan milli bayrağı !!!” mövzusudur. Əslinde bu mövzunu gündəmə gətirənlərin hamısını da eyni kateqoriyada göstərmək doğru deyildir. Yaxşı niyyətlərinə heç şübhə etmədiyimiz, Azərbaycan milli hərəkatına tamamilə bağlı feallar olduqlarına inandığımız bir qrup bu gün Azərbaycanın güneyində cərəyan edən hərəkatın bir simvola ehtiyacı olduğunu, bu simvolun Azərbaycanın bütün potansiyelini bir araya gətirəcəyinə inandıqlarını ifadə edir və məlum tərhi Azərbaycan fəallarının müzakirəsinə verir. Bu qrupun öz təkliflərini ”milli bayraq” olaraq deyil, ”milli simvol” olaraq tanimlamaları, eləcə də, daha öncəki ”milli bayraq” təşəbbüskarlarından fərqli olaraq diktə yolu ilə deyil, tam konsensus yolu ilə təsdiq elətdirməyə çalışmaları təqdirəlayiq bir haldır. Ancaq, bu dəyərli fəallarımızın diqqətini bir necə nöqtəyə cəlb etməyi isə özümə borc hesab edirəm: 1. Bir hərəkəti, özəlliklə də uluslararası arenada sadəcə simvollar təmsil edə bilməz. Hər hansı bir hərəkət ideoloji altyapısının möhkəmliyi, ideallarrının, hədəflərinin aliliyi, potansiyelinin genişliyi, proseslərə təsir imkanlarının böyüklüyü, rəhbəriyyətinin güclülüyü, siyasi kadrlarının yüksək səviyyəsi və ..., eləcə də simvolları ilə birlikdə təmsil olunduqda daha güclü görünər. Demək ki, həll edilməsi gərəkən simvoldan daha öncəlikli problemlərə yönəlməmizdə yarar vardır. 2. Simvollar milli idealları, amalları əks etdirdiyində, milli varlığımızla bütünləşdiyində milli olar. Milli ideologiyani təmsil edən bayrağin çizgilərini əyib-büzməklə, onu qaralamaqla milli simvol yaradılmaz. 3. Simvolların illa da bayraq olması gərəkməz, ancaq milli hərəkata illa da bayraq formasinda bir simvol gərəkli ise, bu simvol-bayrağın tərhini hansisa bir terrahın fantaziyalarından deyil, qəhrəmanlıqlarla dolu tariximizdən götürmək daha məntiqli olmazmı? Məsəla Ulu Babəkin bayrağı. Ərəbin qara rəngindən Babəkin qırmızı rengli bayrağı daha yey deyilmi? ( diqqət: bu bir bayraq və ya simvol önərisi deyil, fikrimizi tamamlamaq üçün verilən bir örnəkdir). 4. Dialoq üçün belə sağlam bir mühitin formalaşmadığı, gərginliklər və ziddiyyətlərlə dolu bir dönəmdə önərilən bu və ya başqa hər hansı bir simvolun azərbaycan milli hərəkatı sıralarında yeni ziddiyyətlər və gərginliklərin qaynağı olmayacağından əminsinizmi? 5. Azərbaycan milli hərəkatının davamı və irəliləməsi üçün onu ideologiyası ilə, strateji hədəfləri ilə, taktiklər məcmuesi ilə, daxildəki və xaricdəki potansiyeli ilə, ictimai və siyasi təşkilatları ilə və s. bütöv bir sistem halına gətirmək, tərkib hissələrinin bir-biri ilə ahəngdar vəhdətini saglamaq günümüzün önəmli zərurətidir. Daban-dabana zidd olan ve bir arada olmaları mümkün olmayan ünsürləri isə eyni sistemin içərisinə yerləşdirmək sistemin öz içindən çöküşünü sağlamaqdan başqa bir işə yaramaz. Örnəyin, bir-birini inkar edən ”Bütöv Azərbaycan milləti” anlayışı ilə ”Quzey Azərbaycan milləti” və yaxud ”Güney Azərbaycan milləti” anlayıslarının eyni düşüncə sisteminin içində yer almasi mümkün deyildir. 6. Mən Sizlərin daha öncəki ”milli bayraq təşəbbüskarları”nın yaratdığı olumsuz ortamla bağlı qayğılarınızı tamamilə başa düşür və saygı ilə qarşılayıram. Ancaq, atalar demişkən, qanı qanla yumaq olmaz. Yanlışı eyni metodla düzəltməyə çalışmaq, nəinki yanlışı ortadan qaldırmaz, hətta Azərbaycan milli hərəkatında yanlışlar zincirinin oluşmasına zəmin yaradar. 7. Və son olaraq, yaxşı niyyətlə müzakirəyə çıxardığınız ”milli simvol” önərisinin Azərbaycan milli hərəkatının hədəflərinə və mənfəətlərinə qarşı çıxmaqdan çəkinməyən kəsimlər tərəfindən dərhal ”Güney Azərbaycan milli bayrağı!!!” tanımlaması ilə lanse edilməsi Sizlərə bir şeylər ifadə edirmi? Məsələni ”milli simvol” olaraq deyil, ”Güney Azərbaycan milli bayrağı” şəklində tanımlayan bir qrup ise, əslində müxtəlif niyyətlərlə mövzuya yanaşsalar da, biz şərti olaraq, hamısını eyni kateqoriyada ələ alır, hamısının yaxşı niyyətinə inanmaq istədiyimizi bəri başdan ifadə edirik. Ancaq niyyətin yaxşı olmasına inancımızın mahiyyətin doğru olduğu anlamına da gəlmədiyi hər kəsin məlumudur. Mahiyyəti incələməyə keçmədən öncə bayraq çeşidlərinə və bunların bir-biri ilə olan fərqinə ötəridə olsa, toxunmaqda yarar vardır. Günümüzdə, əsasən üç bayraq çeşidi ilə sıx-sıx rastlaşırıq: 1. dövlət bayrağı, 2. milli bayraq, 3. teşkilat bayrağı. Dövlət bayrağı: Dövlətlərin hakimiyyətini, suverenliyini təmsil edər. Dövlət bayrağı milli bayraq olmaya da bilər. Örnəyin, Kosova öz müstəqilliyini əldə etdikdən sonra dövlətin sınırları içərisində yaşayan digər etnik qrupların da varlığını nəzərə alaraq, parlament milli bayrağı deyil, yeni bir bayrağı dövlət bayrağı olaraq qəbul etdi. Milli bayraq: Bir millətin ideallarını, amallarını təmsil edər. Bir bayraq, əgər arxasında millətin milli ideologiyası, milli təfəkkür sistemi durmuşsa, milli bayraqdır. Milli bayraq dövlət bayrağı olmaya da bilər. məsəla, Sovetlər birliyi dönəmində Azərbaycan Respublikasının ayrıca dövlət bayrağı vardı, lakin bu bayraq kəsinliklə Azərbaycan milli bayrağı deyildi. Bu gün isə, 1918-dən bəri var olan milli bayrağimiz Azərbaycanın quzeyində həm də müstəqil Azərbaycan Dövlətinin bayrağıdır. Təşkilat bayrağı: Müxtəlif iqtisadi, ictimai, siyasi və b. qurum və quruluşları təmsil edər. Bu qısa müqəddimədən sonra, daha öncəki təşəbbüskarlara sorub cavabını ala bilmədiyimiz bir neçə sualı yeni ”Güney Azərbaycan milli bayrağı!!!” təşəbbüskarlarına yönəltməmizdə yarar vardir. 1. Bildiyimiz kimi, ”milli” sözü ”millət” kök sözündən yaranan, ”millətə məxsus”, ”millətə aid” anlamını ifadə edən bir sözdür. ”Güney Azərbaycan milli bayrağı” ifadəsi isə, Azərbaycan türkcəsi qramatikasına görə ikinci növ təyini söz birləşməsi olub Güney Azərbaycan millətinə(?) aid bayraq anlamına gəlməkdədir. Zənnimizcə işin buraya qədərini düzgün bir biçimdə çözə bildik. Çözə bilmədiyimiz məqam isə bu yeni ortaya çıxan ”Güney Azərbaycan milləti” ifadəsidir. Bu yeni millətin tanımı nədir? Özəllikləri nədən ibarətdir? Onu güneyli-quzeyli Azərbaycan türk millətindən fərqləndirən məqamlar hansılardır? 2. İrəli sürdüyünüz bu ”Güney Azərbaycan milləti” anlayışını fars şovinizmi və rus imperiyasının sadəcə siyasi-inzibati mənada parçalaya bildiyi, ancaq dili ilə, mədəniyyəti ilə, mənəviyyatı ilə, amalları və idealları ilə bütöv olan bir milləti mənəvi və ideoloji baxımdan parçalamağa, dolayısı ilə farsın və rusun başlatdığı, ancaq tamamlaya bilmədiyi bir işi tamamlamağa xidmət edən bir anlayış olaraq görmürsünüzmü? Sizcə, bu anlayiş, rus imperiyası və fars şovinizminin ortaq iradəsi qarşısında qeydsiz-şərtsiz təslimçilik, çarəsizcə beyət psixologiyasının tam ifadəsi deyildirmi? Azərbaycanın quzeyinin və güneyinin ayrı-ayrı siyasi otoritələrin altında olması Quzeydə yaşayanlarla Güneydə yaşayanların ayrı-ayrı millətlər olması anlamına gələ bilərmi? Bizcə gəlməz. Necə ki viyetnamlılar gəlmədi, necə ki almanlar gəlmədi. Sizcə? 3. Yuxarıda qeyd etdiyimiz kimi, milli bayraq millətin milli təfəkkür sistemini əks etdirər. Azərbaycan milli ideologiyasının simgəsi olan üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımızdan fərqli bir ”Güney Azərbaycan milli bayrağı” ortaya çıxarılırsa, ayrı bir fikir sistemini, ayrı bir milli ideologiyanı təsil edir deməkdir. ”Güney Azərbaycan milli bayrağı”nın arxasında duran ideologiyanın əsasları nədən ibarətdir? 4. Milli bayrağımızın, həm də Azərbaycan Respublikasının dövlət bayrağı olması uluslararası platformada hər hansı bir sorun qaynağı deyildir. Hüququn aliliyini hər zaman ön planda tutan dövlətlərin sınırları içərisində Güneydən olan soydaşlarımızın üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımız eşliyində keçirdiyi saysız aksiyaların heç birində heç kimsə onlara ”bu bir hüquq pozuntusudur” deyə müraciət etməmişdir. Finlandiya kimi bir hüquq dıvləti sınırları içərisində yaşayan İsveç kökənlilər (toplam əhalinin 10%-ini təşkil edir.) məxsus günlərdə İsveç dövlət bayrağını qaldırarlar. Hələ bu günə qədər kimsə onları uluslararası hüququ pozmaqda ittiham edərək bu haqlarından imtina etməyə dəvət etməmişdir. Görəsən, uluslararası hüququ əsas gətirərək (əsassızdır), gündəmə gətirdiyiniz ”Güney Azərbaycan milli bayrağı” dartışmaları var olan milli bayrağımızı və onun təmsil etdiyi ideyaları Azərbaycanın güneyində cərəyan edən hərəkatımızın yaddaşından silməyə yönəlik cəhdlərin tərkib hissəsi ola bilərmi? ”Güney Azərbaycan milli bayrağı canfəşanlığının son günlərdə M. Ə. Rəsulzadə və onun ideyalarına qarşı daha intensiv bir şəkildə aparılan məqsədli fəaliyyətlərlə eyni zamanda ortaya çıxması sadəcə bir təsadüfdən ibarət ola bilərmi? 5. Makedoniya öz müstəqilliyini əldə etdikdən sonra milli bayrağını dövlət bayrağı olaraq qəbul etdi. Ölkə sınırları içərisində yaşayan makedon vətəndaşlarının bu bayraqdan təsirlənəcəyini düşünən Yunanistan bu mövzudan duyduğu rahatsızlığı uluslararası arenaya daşıdı. Bunun nəticəsində bayrağını dəyişdirməzsə, müstəqilliyinin tanınmayacağı təhdidlərinə qədər varan basqılara baxmayaraq, müstəqilliyinin tanınmaması bahasına olsa belə, Makedoniya öz bayrağını dəyişdirmədi. Çünki bayraq asan yaradılmır(Bayraqları bayraq yapan üstündəki qandır). Çünki bayraq bizdə sanıldığı qədər ucuz deyildir. Hər kəs əlinə bir neçə rəngli qələm alıb bu millətə milli bayraq yaratmağa çalışırsa, bayraq qavramımız sudan belə ucuza düşməzmi? 6. Kürdlər ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı siyasi hakimiyyətlər altında yaşamalarına, dillərinin bir-birini anlamayacaq dərəcədə fərqli olmalarına və s. baxmayaraq, hər vasitədən istifadə edərək (o cümlədən bayraqdan) özlərini vahid bir millət kimi dünyaya təqdim etmişlər. 1920-ci ildə bu günkü Türkiyə kürdləri içərisindən çıxdığı iddia edilən bayrağı 1945-1946-da İran kürdlərinin qurduğu ”Mahabad dövləti” rəsmi dövlət bayrağı olaraq qəbul etdi. Həmin bayraq bu gün İraqın quzeyində yaradılan muxtar kürd dövlətinin bayrağı olmaqla birlikdə, həm də bütün kürdlərin milli bayrağı olaraq təqdim edilməkdədir. Kürdlərdə vəziyyət belə ikən, bizim sıralarımızda bəzilərinin bütün vasitələrdən istifadə edərək, Azərbaycanın güneyi ilə quzeyi arasında süni fərqliliklər yaratma cəhdləri nə anlama gəlir? Bu zehniyyət kimə xidmət edir? yazının bu bölümündə üzümü dəyərli oxucuma tutub onlara səslənmək istəyirəm: Hörmətli oxucu! Gündəmimizi məşğul edən məlum mövzunun təşəbbüskarları(həm simgə olaraq təklif irəli sürənlər, həm də bunu bayraq olaraq tanımlayanlar) bilərəkdən və ya bilməyərəkdən gözümüzün önündə cərəyan etmiş cox yaxın tariximizi təhrif edərək, milli öndərimiz Ə. Elçibəyin adından istifadə edərək təşəbbüs-təkliflərini qəbul etdirməyə çalışırlar. Nə deyirlər? Deyirlər ki, ” Ə. Elçibəy Bütöv Azərbaycan Birliyi tərəfindən çap olunan ”Muxtəsər Azərbaycan Tarixi” kitabında yer alan tərhi gördüyünə görə və BAB kitabxanası seriyasından verildiyinə görə, demək ki, onu qəbul etmişdir”. Bir qrup isə daha da irəli gedərək iddia edir ki, Ə. Elçibəy kitabda olan bu tərhi Azərbaycanın güneyi üçün bəzilərincə ”Güney Azərbaycan milli hərəkatının simvolu, bəzilərincə ise ”Güney Azərbaycan milli bayrağı” olaraq təklif etmişdir. Təhrifə yol verilməməsi və həqiqətin ortaya çıxması naminə, həm Bütöv Azərbaycan Birliyi sədrinin-Ə.Elçibəyin birinci müavini olaraq, həm də illərlə Elçibəylə bir yerdə yaşayan və onun, özəlliklə də Güneylə bağlı düşüncələri ilə çox yaxından tanış olma fürsətini yaxalamış sıravi bir Azərbaycan türkü kimi mövzu ilə ilgili bir sıra məqamlara aydınlıq gətirməyi özumə özümə borc bilirəm: 1.yuxarıda adi keçən kitab, kəsinliklə BAB tərəfindən çap olunmamışdır. Sadəcə olaraq, kitabın müəllifi BAB Sədrinin ideoloji məsələlər üzrə müavini Arif Rəhimoğluna (Allah uzun ömür versin. Yaşayır və istəyən müraciət edib soruşa bilər) müraciət edərək kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir saxınca olub olmadığını soruşmuşdur. Arif bəy həmin kitabı Elçibəyə götürərək müəllifin ricasını ona çatdırmışdır. Elçibəy kitabı incələdikdən sonra möhtəvanı bəyəndiyini, kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir saxınca olmadığını ifadə etmişdir. Məlum tərhdə ay-ulduzun nədən qara rəngdə olduğunu sorduğunda ise, Arif bəy ”bu gün Güney əsarətdədir. Güney istiqlalını qazandığında mən də ay-ulduzu ağardacağam” deyə müəllifin fikrini Bəyə Çatdırmışdır. Elçibəy ”bu da bir fikirdir” deyib məsələnin üstündən keçmişdir. Diqqət edərsəniz, bu dialoqda simvoldan və ya bayraqdan kəsinliklə söhbət getmir. Sadəcə olaraq, Elçibəy Güneyin istiqlalı arzusu ilə bağlı muəllifin xəyal gücünə hörmətlə yanaşaraq, ”bu da bir fikirdir” demişdir. 2. Kitabın kimin tərəfindən sponsorluq edildiyi, kimlər tərəfindən çap və nəşr olunduğu, eləcə də müəllifinin gerçək kimliyi bizə tamamilə məlumdur. Lakin siyasi etika gərəyi, özləri istəmədiyi müddətcə bu bizdə saxlı qalacaqdır. 3. Yuxarıda nöqtəsinə, vergulunə qədər verdiyimiz dialoqda, eləcə də adı çəkilən kitabda bayraq və ya simvol deyə tək bir sözün belə keçmədiyi halda, sadəcə BAB kitabxanası seriyasından gedən bir kitabda yer aldığına görə hər hansı bir rəsm əsəri və ya tərhin Elçibəyin Güneyə bayraq və ya simvol önərisi kimi təqdim edilməsini təşəbbüsün ideya babası və ya ideya babalarının məntiq zəifliyi ilə izah etmək sadəlövhlük olar deyə düşünürük. 4. ”Dil təfəkkürün yansımasıdır. Biz ”Güney Azərbaycan” və ya ”Quzey Azərbaycan” dediyimizdə təfəkkürümüzdə Azərbaycanın parçalanmışlığını qəbul etmiş, rus imperiyası və fars şovinizminin iradəsinə boyun əymiş kimi görünürük” deyə bizləri bu sözlərin yerinə ”Azərbaycanın güneyi”, ”Azərbaycanın quzeyi” kimi ifadələri işlətməyə çağıran Elçibəy Azərbaycanın güneyi üçün milli bayrağımızdan fərqli bir ”milli bayraq” təklif edərmi? Ayrı-ayrı millətlərin ayrı-ayrı milli bayraqları ola biləcəyini, eyni millətin isə sadəcə bir milli bayrağı ola biləcəyini bizlərə öyrətdiyi halda, Azərbaycanın güneyinə ayrıca bir milli bayraq təklif etməsi Elçibəyin özü-özünü inkar etməsi anlamına gəlməzmi? Elçibəyin özü özünü inkar edən bir lider olduğuna inanırsınızmı? 5. Elçibəy irsini araşdırıb öyrənənlər bilirlər ki, Elçibəyin bayraq mövzusu ilə bağlı təfsirə ehtiyacı olmayan konkret fikirləri vardır. bunlardan bəziləri: *...Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq. Oraya bu bayraq gedəcək. (Elçi düşüncələri, səhifə: 115) * Mən demişəm ki, bu bayraq Təbrizdə dalğalanacaq. Onu mərəndli də, təbrizli də, gəncəli də, bərdəli də sanca bilər. Onu sancan adamı mən bağrıma basacağam və o mənim qardaşım olacaq. Ancaq, onu mən sancsam, bu mənim böyük xoşbəxtliyimdir, ən böyük şərəfimdir. (Bütöv Azərbaycan Yolunda, səhifə: 280) * Mən əminəm ki, yaxın vaxtlarda üçrəngli bayrağımız Azərbaycanın güneyində də dalğalanacaq. Azərbaycanın güneyində, əslində onu gizli olsa, daşıyırlar. (Bütöv Azərbaycan Yolunda, səhifə: 327) Son söz: Gəlin millətimizin qan bahasına, can bahasına əldə etdiyi dəyərləri birlikdə qoruyaq. Bu millətin ayını, ulduzunu qaraltmayın, işıq-ideya qaynaqlarını qurutmağa çalışmayın. Cızdır, yanarsınız! Saygılarımla: Çingiz Göytürk 13.07.2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar