SON XƏBƏRLƏR

Castin Trüdo: “Ukraynanın sənişin təyyarəsi İranın yer-göy raketi ilə vurulub” - 3 FOTO

2021.10.20, 07:36
Castin Trüdo: “Ukraynanın sənişin təyyarəsi İranın yer-göy raketi ilə vurulub” - 3 FOTO

Gunaz.tv

GünazTV: Kanadanın baş naziri Castin Trüdo yanvarın 9-da jurnalistlərə açıqlamasında iki gün əvvəl Tehranın beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulduğunu bildirib.

 

O deyib ki, bütün dəlil-sübutlar onu göstərir ki, sərnişin təyyarəsi İranın bilərəkdən və ya bilməyərəkdən atdığı raketlə vurulub: “Bizim dünyanın müxtəlif təhlükəsizlik qurumlarından, eləcə də öz kəşfiyyat orqanlarımızdan aldığımız məlumatlar onu göstərir ki, Ukraynanın sərnişin təyyarəsi İranın yer-göy raketi ilə vurulduqdan sonra süqut edib. Əlbəttə, raket səhvən də atılmış ola bilər. Lakin bizim bu barədə yeni və geniş bir araşdırma aparmağa ehtiyacımız var.

 

Mən bu barədə Ukrayna prezidenti ilə də danışmışam. O məni əmin edib ki, qəzanın səbəbləri barədə araşdırma aparılması üçün ekspertlər qrupu ilə tam əməkdaşlıq edəcəklər. Bizim xarici işlər nazirimiz iranlı həmkarı Məhəmmədcavad Zəriflə danışıb və məsələnin araşdırılması üçün kanadalı ekspertlərin İrana səfərinə şərait yaradılmasının vacibliyini vurğulayıb.

 

Bizim hazırda bir diplomatımız Türkiyəyə yola düşüb. İran rəsmiləri isə ona Tehrana gedib məsələni yaxından araşdırması üçün viza verəcəklərinə söz veriblər” –deyə, Kanadanın baş naziri Castin Trüdo əlavə edib.

 

Həmin gün, ABŞ prezidenti Donald Tramp da jurnalistlərlə görüşündə, Tehranda Ukrayna təyyarəsinin qəzaya uğramasına münasibət bildirib: “Ola bilsin ki, kimsə orada səhvə yol verib. Əminəm ki, bu bizim tərəfdən olmayıb. Bəziləri təyyarədə texniki nasazlıq yarandığını deyiblər. Həqiqətən də bilmirəm. Lakin düşünürəm ki, qəzanın səbəblərini öyrənmək üçün ən ideal variant odur ki, süquta uğramış təyyarənin qara qutuları ya "Boeing”ə, ya da Fransaya təhvil verilsin” –deyə, Donald Tramp bəyan edib.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan 63-ü isə həm İran, həm də Kanada vətəndaşları olub. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

Qeyd edək ki, təyyarənin İran raketi ilə vurulması barədə yayılan xəbərləri təkzib edən rəsmi Tehran, hadisənin təyyarədə yaranmış texniki nasazlıqdan baş verdiyini bildirir, məsələnin dəqiq araşdırılmasına mane olaraq, təyyarənin iki qara qutusunu "Boeing” şirkətinə və ya Fransaya təhvil verməkdən boyun qaçırır.

 

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar