SON XƏBƏRLƏR

Cənubi Koreyanın “Daelim”sənaye şirkəti İranla bağladığı 2 milyard dollarlıq müqaviləni ləğv edib

2021.10.20, 07:36
Cənubi Koreyanın “Daelim”sənaye şirkəti İranla bağladığı 2 milyard dollarlıq müqaviləni ləğv edib

Gunaz.tv

 GünAzTV: Cənubi Koreyanın “Daelim”sənaye şirkəti, iyunun 1-də bəyanat yayaraq İsfahanın neftayırma təsisatının genişləndirilməsi üçün iki il əvvəl İranla bağladığı 2 milyard dollarlıq müqaviləni ləğv etdiyindən xəbər verib.

 

“Daelim” şirkətinin yaydığı bəyanatda bildirilir ki, müqavilənin ləğvi, İran tərəfinin İsfahanın neftayırma təsisatının genişləndirilməsi üçün nəzərdə tutulan vəsaiti təmin etməkdə çətinlik çəkməsi və Amerikanın İrana qarşı tətbiqinə başladığı yeni sanksiyalarla əlaqədardır.  Qeyd edək ki, İsfahanın neftayırma təsisatı gündə 375 min barel neft istehsal etmək qabiliyyətinə malikdir. Bu isə İranın istehsal etdiyi neftin 22 faizini təşkil edir.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Tramp bildirib ki, Amerikanın bu razılaşmadan çıxmasından sonra, Vaşinqton İrana qarşı sanksiyaları daha da gücləndirəcək. Son həftələr, dünyanın bir sıra nəhəng şirkətləri, Amerikanın İrana qarşı yeni sanksiyalarını nəzərə alaraq, Tehranla əməkdaşlığı dayandırıblar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar