SON XƏBƏRLƏR

CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR ALOVLANA BİLƏR

2021.10.20, 07:36
CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR ALOVLANA BİLƏR

Gunaz.tv
33512_1 CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR ALOVLANA BİLƏR Azərbaycan, Gürcüstan və Ermənistanın hərbi xərclərinin kəskin artımı Qərbi narahat edir. SIPRI yeni hesabatını açıqladı C.SÜMƏRİNLİ Qərb ekspertləri Gürcüstan, Ermənistan və Azərbaycanda hərbi xərclərin artım dinamikasından çox narahatdırlar. "Tbilisi 7 il müddətində hərbi xərclərini 28 dəfə artırıb və bu gün büdcənin 5 faizini bu məqsədlərə xərcləyir. Bu, dünyada ən yüksək göstəricilərdəndir. Azərbaycanın hərbi xərcləri 2006-cı illə müqayisədə, demək olar, 1,5 dəfə artıb. Yerevan isə hərbi məqsədlərə çox da böyük olmayan məbləğ - ildə 272 milyon dollar sərf edir. Amma bu ölkə Rusiyadan və İrandan əlavə yardım alır ki, bu da onun silahlanmaya çəkdiyi xərcdən bir neçə dəfə çox ola bilər". Bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2007-ci illə bağlı bu günlərdə yaydığı növbəti kitabında dərc olunub. Təşkilatın mütəxəssisləri xüsusi diqqəti Cənubi Qafqazın üç dövlətinin hərbi idxalının artmasına yönəldir və bunu Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı "dondurulmuş münaqişələr"lə əlaqələndirirlər. Qərb ekspertlərini bu müharibələrin yenidən alovlanması təhlükəsi narahat edir. Qeyd edək ki, SIPRI hər il hesabat xarakterli kitab nəşr edir. Bu kitaba dünyanın hər bir ölkəsi üzrə məhz silahlanma, büdcə artımı və sairə məsələlər barədə məlumatlar daxil edilir. Bu kitab dünyada hərbi sahədə nüfuzlu nəşr hesab edilir. Kitabın hazırlanmasında mətbuatdakı məlumatlardan, ekspertlərin və dövlət strukturlarının nümayəndələrinin açıqlamalarından istifadə olunur. Xatırladaq ki, SIPRI-nin ötən ilin eyni vaxtında yaydığı hesabatda Azərbaycan və Belarus yüksək hərbi xərclərə malik olan ölkələr kimi qiymətləndirilirdi. "SIPRI-də belə düşünürlər ki, istənilən ölkənin hərbi xərclərinin miqdarı üçün müəyyən standartların olması vacibdir. NATO çərçivəsində belə bir standart var ki, hərbi büdcə ümumdaxili məhsulun 2 faizi kimi təyin edilməlidir. Amma bunu Azərbaycana şamil etmək çətindir. Çünki ötən bir il ərzində Azərbaycanda ümumdaxili məhsulun həcmi 40 faizdən çox artıb. Ona görə də Azərbaycan bu baxımdan Ermənistan da daxil olmaqla digər ölkələrlə müqayisədə daha yaxşı mövqeyə malikdir", - deyə SIPRI-nin təmsilçilərindən biri bu yaxınlarda "Ayna"ya bildirib. Xatırladaq ki, ötən ilin avqustunda Niderlandın keçmiş müdafiə naziri, SIPRI-nin məşvərətçi şurasının üzvü doktor Villem F. van Eekelen "Ayna"ya bildirmişdi ki, təmsil etdiyi təşkilat Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. "Məlumdur ki, postsovet məkanındakı dondurulmuş münaqişələr ucbatından kifayət qədər böyük maddi vəsait məhz müdafiə xərclərinə sərf edilir. Bu da yaxşı deyil. Ona görə də bizim marağımız bu bölgələrdə sabitliyin, təhlükəsizliyin təmin olunmasından ibarətdir". O zaman cənab Eekelen Rusiyanın Ermənistana silah ötürməsindən təəssüfləndiyini bildirmişdi. "Rusiyanın belə hərəkətlər etməsini, sadəcə, böyük təəssüf hissi ilə qarşılayırıq. Fikrimcə, vəziyyətdən irəli gələn ehtiyac olmadan kiminsə silahlarının sayının artırılması, ümumilikdə hərbi baxımdan gücləndirilməsi prosesinə yol vermək düzgün deyil", - deyə o qeyd etmişdi. Cənubi Qafqaz ölkələrinin hərbi xərclərinin kəskin artımı ilə bağlı vəziyyəti şərh edərkən SIPRI eksperti əməkdaşımıza bildirmişdi ki, büdcələrin üzərində şəffaflığın təmin olunması böyük əhəmiyyət kəsb edir. "Məhz büdcə maddələri üzrə hansı sahəyə nə qədər maddi vəsait ayrıldığı şəffaf şəkildə, aydın göstərilməlidir: təlimlərə nə qədər, sosial rifaha nə qədər və s. Ayrı-ayrılıqda hər sahəyə nə qədər maddi vəsait ayrıldığını görəndən sonra biz düşünə bilərik ki, bu şəkildə fəaliyyət göstərilməsi düzgündür, ya yox. Fikrimcə, şəffaflığın təmin olunması zamanı məxfiliyə yol vermək olmaz. Mümkün qədər açıqlığı, aşkarlığı təmin etmək lazımdır ki, insanlar məlumatlı olsunlar. Əgər insanlar aydın şəkildə görsələr ki, bu pullar nəyə xərclənir, o zaman onların silahlı qüvvələrə etimadı artacaq". SIPRI-nin məlumatına görə, 2007-ci ildə dünya ölkələri orduya 1,3 trilyon dollar xərcləyib. Bu göstərici 2006-cı illə müqayisədə 6 faiz, 1998-ci illə müqayisədə isə 45 faiz artıb. Bununla bahəm, beynəlxalq silah satışı göstəriciləri də artıb. 2003-2007-ci illərdə onun həcmi 2002-2006-cı illərlə müqayisədə 7 faiz artıb. Qurum bildirir ki, "silah yarışması"nın lideri ənənəvi olaraq ABŞ olub. Bu ölkə hərbiyə 578 milyard dollar xərcləyib (2006-cı ildə 528 milyard dollar). ABŞ-ın hərbi xərclərinin artımı İraq və Əfqanıstanda hərbi əməliyyatlarla, eyni zamanda, bu ölkənin silahlı qüvvələrinin müasirləşdirilməsi prosesi ilə əlaqələndirilir. SIPRI ekspertlərinin hesablamalarına görə, ABŞ-ın hərbi kompleksə ayırdığı vəsait xərclər diqqətçəkəndir. Bu maddə üzrə çəkilən xərclər ölkədə adambaşına 1,9 min dollar təşkil edir. Ruslar isə 2007-ci ildə hərbi ehtiyaclara 45,6 milyard dollar xərcləyiblər. Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu rəqəm 35,4 milyard dolları aşmırdı. Ukrayna isə ötən il silahlı qüvvələrə 4,1 milyard dollar xərcləyib. Lakin ukraynalı ekspertlər bu rəqəmin yanlış olduğunu bəyan ediblər. Ordu təhqiqatları və silahsızlaşdırma mərkəzinin eksperti Mixail Samus bildirib ki, qeyd edilən rəqəmlər təkcə hərbiyə deyil, bütün güc blokuna çəkilən vəsaiti özünə daxil edir. Onun sözlərinə görə, gerçəklikdə Ukraynanın hərbi büdcəsi 2 milyard dollardan artıq deyil. "İnflyasiyanı nəzərə aldıqda bu, ümumdaxili məhsulun 1 faizindən artıq təşkil etmir", - deyə ekspert bildirib. ABŞ-dan sonrakı mövqeni Böyük Britaniya tutur. London hərbi istiqamətə 70 milyard dollar xərcləyib. "Bu ölkə Avropada hərbiləşmənin liderinə çevrilib", - deyə SIPRI bəyan edir. Asiyada isə silahlanaya daha çox Çin vəsait ayırır. 2007-ci ildə bu ölkə bu istiqamətdəki hədəflərə 66 milyard dollar sərf edib. Halbuki, bu ölkə 2006-cı ildə hərbi məqsədlərə 50 milyard dollar ayırmışdı. Ümumiyyətlə, Çin 2003-2007-ci illər üzrə dünyanın ən nəhəng silah idxalçısı hesab edilir. SIPRI-nin məlumatlarına görə, dünya silah bazarının 12 faizi onun payına düşüb. Çinin ardınca isə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Cənubi Koreya gəlib. Rusiya silah ixracatçısı olan ölkələrin reytinqində ikinci mövqeni tutmaqda davam edir. SIPRI onun payını 1/4 nisbətində qiymətləndirir. ABŞ isə silah bazarının 31 faizinə nəzarət edir. Rusiyanın 2003-2007-ci illərdə silah ixracaatı belə görünür: bütün çatdırılmaların 45 faizi Çinin, 22 faizi Hindistanın, 5 faizi Venesuelanın, 4 faizi Əlcəzairin payına düşür. Ekspertlər ötən il dünyada 14 miqyaslı silahlı toqquşmanın qeydə alındığını bildirirlər. Bu ərazilərin sırasına Somali, Kolumbiya, Peru, Filippin, Myanma, Şri-Lanka, Türkiyə, İsrail, İraq və Rusiya düşüb. Rusiya hökumətinin Çeçenistandakı "antiterror əməliyyatı"nın bitməsi barədə verdiyi açıqlamalara baxmayaraq SIPRI hesab edir ki, bu, Avropa ərazisində yeganə münaqişə olaraq qalır. Mərkəz ekspertləri Çeçenistanın planetdəki 14 qaynar nöqtədən biri olduğunu qeyd edirlər. Amerika qitəsinin ölkələri 2007-ci ildə müdafiəyə 640 milyard dollar sərf edib (10 il ərzində 63 faiz artım). Bu planda Yaxın Şərq - 91,5 milyard (artım 62 faiz), Asiya - 219 milyard (artım 52 faiz), Afrika - 18,5 milyard dollar (10 il bundan əvvəlki ilə müqayisədə 1,5 dəfə çox) xərc çəkiblər. Təkcə Avropa, demək olar ki, hərbi xərcləri artırmayıb - 370 milyard dollar (artım 16 faiz). SIPRI bildirir ki, son 9 ildə hərbi xərclərin artması üzrə birincilik Şərqi Avropaya aiddir. Bu artımın lokomotivi Rusiya hesab edilir. Son 5 ildə onun regionun hərbi xərclərindəki payı 86 faizə çatıb. Xatırladaq ki, SIPRI-nin ötən il dərc olunmuş hesabatında 2005-2006-cı illərdə Şərqi Avropa ölkələri hərbiləşməyə daha çox meyilli kimi göstərilirdi. SIPRI təhlilçilərinin proqnozlarına görə, dünya "hərbi əzələ"lərini gücləndirməkdə davam edəcək. 2008-ci ildə silahlanmaya çəkilən xərclər 1,5 trilyon dollar təşkil edəcək. "Mövcud maliyyə-iqtisadi böhran bunda az rol oynamır. Bir sıra ölkələr istehsal tempini saxlamaq və işsizlik səviyyəsini azaltmaq üçün silah istehsalının artırılmasından istifadə edir", - deyə SIPRI bildirir. Xatırladaq ki, 2006-cı ildə dünyada hərbi məqsədlərə 990 milyard avro xərclənmişdi. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar