SON XƏBƏRLƏR

Çətəçilərlə “Sepah” Azərbaycan dövlətinə qarşı təxribat aparmaqda oxşar mövqedən çıxış edir

2021.10.20, 07:36
Çətəçilərlə “Sepah” Azərbaycan dövlətinə qarşı təxribat aparmaqda oxşar mövqedən çıxış edir

Gunaz.tv

GünAz TV: Ötən ay Rza Pəhləvinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə Vaşinqtonda keçirilən mərasimdə öz istəyi ilə iştirak etməsi İranın təhlükəsizlik qüvvələri, Ettelaat və onun əlaltılarının sözgedən qürurverici mərasim və Azərbaycan dövlətinə qarşı təxribat aparmaları üçün bəhanəyə çevrildi.

 

Davamlı olaraq Azərbaycana qarşı təxribatla məşğul olan çətəçi banda mərasimlə bağlı bir yazı paylaşaraq onu “şərab rəqsi mərasimi” adlandırmışdır.

 

Bundan sonra İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) adlanan terrorçu qrupa bağlı “Təsnim” xəbər agentliyi çətəçilərin yazısını təkmilləşdirmək məqsədi ilə yalan və böhtanlarla dolu yazı yaydı. “Bakı; anti-İran millətçiliyinin qızışdırılmasından Pəhləvi səltənətinin qalıqları ilə qucaqlaşmaya qədər” yazısının mətni  çətəçilərin yazısına həddindən artıq oxşayır, hər ikisi də mütaliə olunduqda, onların eyni mövqedən irəli gəldiyi müşahidə olunur.

 

“Təsnim” agentliyi panfarsistlərin iddialarına uyğun olaraq Azərbaycanın mədəniyyət və kimliyini İran kimliyi adlandırıb və keçmiş vəliəhdin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü mərasiminə öz istəyi ilə qatılmasını Azərbaycan Respublikasının İrana qarşı düşmənçiliyi kimi təqdim edib.

 

Çətəçilərin üstüörtülü şəkildə mərasimdə iştirak edən şəxslərə qarşı səsləndirdikləri yalan ittihamlar, bu yazıda da gözə dəyir. Məsələn, İsraillə irtibatda olmaq, Qeyri-Hökumət Təşkilatı “Aypək”lə əlaqədə olmaq və s. bütün bunlar çətəçilərlə “Sepah”ın nə qədər eyni mövqedən çıxış etdiyini nümayiş etdirir.

 

Paniranistlərin tanınmış simalarından olan Həsən Etimadinin çətəçilərin İsveçdə keçirdiyi iclasa qatılması

 

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı sərfiri Rza Pəhləvinin mərasimə dəvət edilmədiyini, onun öz istəyi ilə mərasimə qatıldığını açıqlayıb. Bu hadisə əslində çətəçilərin Azərbaycan dövlətinə qarşı təxribat aparması və qürurverici mərasimin iştirakçılarını aşağılaması üçün bəhanə oldu.

 

Sözügedən təxribatçı banda bir neçə dəfə müxtəlif yerlərdə tədbir keçirib. Tapşırıq əsasında keçirilən tədbirlərə hər kəsin Azərbaycan düşməni kimi tanıdığı və paniranist olan şəxslər dəvət edilib. Misal üçün, 2016-cı ildə İsveçin Stokholm şəhərində keçirilən sözdə seminara Azərbaycan düşmənlərindən biri olan Həsən Etimadi rəsmən dəvət edilmişdir.

 

İndi bu sual ortalığa çıxır ki, siz həqiqətən də iddia etdiyiniz kimi Azərbaycan təşkilatısınızsa, o zaman Azərbaycana düşmənçilikdə Rza Pəhləvidən seçilməyən Həsən Etimadi nə üçün sizin tədbirinizə dəvət edilib?! Aydın məsələdir ki, təxribatçı bandalara yalnız banda və şəxsi mənafeləri mühümdür, onlar öz hədəflərinə çatmaq üçün istənilən şəxs və ya qrupla gizli müamilə edərlər. Həsən Etimadinin tədbirə dəvət olunması bu iddianın sübutudur. Bununla yanaşı “Sepah”ın saytında Azərbaycana qarşı yayılan yazı ilə sözügedən bandanın yazısının həddindən artıq oxşar olması bu ikisinin Azərbaycan Milli Hərəkatının daxilində paralel cərəyanlar yaratmaq və Azərbaycana qarşı təxribatlar aparmaqda birgə hərəkət etdiyini göstərir. Demək ki, sözügedən bandanın Azərbaycana qarşı təxribatları Ettelaat Nazirliyi və “Sepah”ın təhlükəsizlik bölümünün diktəsi ilə baş verir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar