SON XƏBƏRLƏR

Ceyms Mattis: “Hardakı xaos və qarma-qarışıqlıq var, orda İranın əlini görürsünüz”

2021.10.20, 07:36
Ceyms Mattis: “Hardakı xaos və qarma-qarışıqlıq var, orda İranın əlini görürsünüz”

Gunaz.tv

GünAzTV: Amerikanın müdafiə naziri Ceyms Mattis, dekabrın 15-də jurnalistlərə açıqlamasında, İranın regionun sabitliyinə qarşı yönəlmiş siyasətindən, onun husilərə verdiyi ballistik raketlərindən və onları silahlandırmasından danışıb.

 

Mattisin bu açıqlaması, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haleyin İranın Orta Şərqdə  sabitliyi pozmasından və husilərin ay yarım əvvəl Ər-Riyada atdığı raketdən danışmasından bir gün sonraya təsadüf edib.

 

Ceyms Mattis bildirib ki, İranın regionda həyata keçirdiyi təxribat xarakterli məqsədlərinin ifşa olunması istiqamətində diplomatik  səylərin aparılması vacibdir: “Beynəlxalq ictimaiyyətin İranın bölgədə yürütdüyü bu siyasətinin mahiyyətindən xəbəri olmalıdır. İran, Yəməndəki husilərə silah və raket göndərməyi davam etdirir. Bu isə BMT Təhlükəsizlik Qətnamələrinə qarşı zidd addımdır. İranın hazırda regionda gördüyü bütün işləri qanunsuzdur. Çünki İranın bu  əməlləri yalnız günahsız insanların ölümünə səbəb olur. Elə buna görə də, hesab edirik ki, İran İslam Respublikasının bölgədə gördüyü işlərin ifşa olunması, dünya birliyinin və onun sağlamlığının xeyrinədir.

 

Təəssüflər olsun ki, bu gün bölgədə, hardakı xaos və qarma-qarışıqlıq var, siz orda İranın əlini görürsünüz. Bunun isə qarşısı alınmalıdır”.

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, dekabrın 14-də Pentaqonda jurnalistlərlə görüşündə İranın Orta Şərqin sabitliyini pozmasından, regionda terrorçu qruplaşmalara dəstəyindən və radikal şiə-husiləri silahlandırmasından danışıb.

 

Haley bildirib ki, dünya birliyi İranın ikinci Şimali Koreya çevrilməsinə imkan verməməli, nə qədər ki gec deyil, onun regionun sabitliyinə qarşı yənəlmiş dağıdıcı hərəkətlərinin qarşısını almalıdır: “Hazırda mənim arxamda gördüyünüz bu raket, Yəməndəki husilərin noyabrın 4-də Ər-Riyadın qeyri-hərbi hava limanına atdığı ballistik raketinin qalıqlarındandır. Bu raketin üzərində İranın “Şəhid Baqiri Sənaye Qrupu”nun nişanı var və raketin özəllikləri İranın istehsal etdiyi digər raketləri ilə eynidir. Raketin qalıqları isə araşdırılması üçün Səudiyyə Ərəbistanından Amerikaya göndərilib.

 

Bu sübutlar göstərir ki, İranın nüvə sazişindən (“Bərcam”dan) sonrakı rəftarı nəinki dəyişməyib, əksinə bu ölkə Yəmən, İraq, Suriya və Livanda öz dağıdıcı fəaliyyətini davam etdirir. Rəsmi Tehranın bu hərəkətləri, onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğu halda, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini pozur.

 

Bu gün, Orta Şərqdə elə bir terrorçu qruplaşma yoxdur ki, İran ona dəstək verməsin və ya onunla əlbir olmasın. Təəssüflər olsun ki, İranın keçmişdəki rəftarında yaxşılığa doğru heç nə dəyişməyib və bu ölkə beynəlxalq terrorizmə dəstəyini bu gün də davam etdirir. Vaşonqton isə beynəlxalq bir koalisiya yaratmaqla İranın bu təhdidlərinin qarşısında dayanmaq niyyətindədir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar