SON XƏBƏRLƏR

“Chieftain” tankları ətrafında qalmaqal: London məhkəməsi İranın apelyasiya şikayətini təmin etməyib

2021.10.20, 07:36
“Chieftain” tankları ətrafında qalmaqal: London məhkəməsi İranın apelyasiya şikayətini təmin etməyib

Gunaz.tv

GünAz TV: İranla Birləşmiş Krallıq arasında “Chieftain” tankları ətrafında yaranmış fikir ayrılığı daha da dərinləşib.

 

Şah dövründə iki ölkə arasında imzalanmış, 600 milyon fund sterlinq dəyərində olan müqaviləyə əsasən, rəsmi London Tehrana 1750 ədəd “Chieftain” tankı təhvil verməli idi. İrana 185 ədəd tank verilsə də, 1979-cu il inqilabından sonra Britaniya tərəfi yeni qurulmuş teokratik hökumətə silah satmaqdan imtina etmişdi.

 

Ötən gün London Ali Məhkəməsində keçirilmiş prosesdə sözügedən müqavilə ilə əlaqəli İranın 20 milyon fund sterlinq faiz əldə etmək üçün qaldırdığı vəsatət təmin edilməyib. Prosesdə həmçinin iyul ayında keçirilmiş məhkəmənin İrana müqavilədən əldə edilmiş pulun geri qaytarılmasının zəruri olmadığıyla bağlı çıxardığı hökmü ləğv edib.

 

İranın Londondakı səfiri Həmid Bəidinejad isə Britaniyanı İrana olan borcun ödənməsi prosesini qəsdən təxirə salmaqda günahlandırıb.

 

Məhkəmə dövlət şirkətlərindən birindən 500 milyon fund sterlinq məbləğində pul müsadirə etsə də, sanksiyalar səbəbindən bunu İrana köçürə bilmir.

 

Britaniya mediasının məlumatına görə, tərəflər son ödənələcək məbləğ barədə ortaq məxrəcə gələ bilməyiblər. Buna görə də, ötən gün Ali Məhkəmə növbəti prosesi 6 ay sonraya təyin edib.

 

Həmid Bəidinejad iddia edib ki, ingiltərəli rəsmilər İrana olan borcun qaytarılmasını zəruri hesab etsələr də, prosesi icra edən hüquqşünaslar məhkəmənin uzanmasıyla, vəsaitin ödənməsinin təxirə düşməsi üçün mümkün bütün vasitələrdən istifadə edirlər.

 

Xatırladaq ki, bir müddət əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, hazırda İranda həbsdə olan Nazənin Zağərinin azadlığa çıxması üçün Britaniya hökuməti onlara sözügedən tankların alışıyla bağlı ödənmiş pulların qaytarılmasını təklif edib. Lakin rəsmi London bu iddianı təkzib etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar