SON XƏBƏRLƏR

Cümhuriyyət qurucuları Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə

2021.10.20, 07:36
Cümhuriyyət qurucuları Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə

Gunaz.tv
Cümhuriyyət qurucuları Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə N. YAQUBLU 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və Milli-demokratik dövlət quruculuğu prosesində Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin müstəsna xidmətləri vardı. M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi və M.B.Məmmədzadənin təbirincə desək: "Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqudur". Yaxın dostu və silahdaşı, İranda Məşrutə hərəkatından tanıdığı, İran Məclisinin sədri və İranın Londonda böyük elçisi olmuş Seyid Həsən Tağızadə onun haqqında bu sözləri yazırdı: "Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə namdar insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Böylələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz". Şərəfli ömür yolu keçmiş, yalnız Azərbaycanda deyil, bütün Şərqdə və Türk dünyasında görkəmli dövlət xadimi kimi tanınmış Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində axund ailəsində dünyaya göz açmışdı. İlk təhsilini maarifpərvər ziyalılarımızdan olan S.M.Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi ikinci "Rus-müsəlman məktəbində almışdı. M.Ə.Rəsulazdə hələ gənc ikən siyasi həyata atılmış, 1902-03-cü illərdə üzvləri "Müxtəlif rus liseylərində və digər orta məktəblərdə oxuyan Azərbaycan-Türk tələbələrindən ibarət gizli bir dərnək" təşkil etmişdi. Rəsulzadənin yaratdığı həmin dərnək "Müsəlman Gənclik Təşkilatı" adı altında müəyyən fəaliyyət dövründən sonra Rusiya hökumətindən milli mədəni hüquqlar almaq ümidində idi. "Müsəlman Gənclik Təşkilat"ının təşviqat-təbliğat işində "Hümmət" qəzeti mühüm rol oynamışdı. Qeyd edək ki, azərbaycanlı fəhlələri geniş dairədə inqilabi mübarizəyə cəlb etmək məqsədilə 1904-cü ilin axırlarında RSDFP-nin Bakı Komitəsi nəzdində "Müsəlman" sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdı. "Hümmət"in baniləri arasında M.Ə.Rəsulzadə, Mirqasımov, M.H.Mövsümov, M.H.Hacınski və b.vardı. Lakin az sonra, 1905-ci ildə Rusiyada başlanan inqilabi hadisələrdən sonra Rəsulzadə və silahdaşları bolşeviklərin məram və məqsədlərindən Azərbaycana heç bir fayda olmayacağını başa düşüb onlardan uzaqlaşdılar. M.Ə.Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə çıxan "Şərqi Rus"qəzetində çap olundu. "Bakıdan məktub" başlığı altında nəşr edilən bu məqalədə o, elmin, təhsilin, məktəbin vacibliyinə toxunurdu. M.Ə.Rəsulzadənin çap olunan ikinci mətbu yazısında "Müxəmməs" şerində isə elmin, savadlanmanın vacibliyi problemi açıqlanırdı. M.Ə.Rəsulzadənin 1905-08-ci illər arasında Bakıda çıxan qəzet və jurnallardan "Şərqi-Rus", "Hümmət", "Dəvəçi-qoç", "İrşad", "Təkamül", "Yoldaş","Tərəqqi", "Füyuzat" və b. mətbuat orqanlarında mövcud rejim əleyhinə onlarla yazısı çap olunub. Müəyyən müddət o, "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdu. 1908-ci il dekabrın 5-də M.Ə.Rəsulzadənin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. 1907-08-ci illərdə Rusiyada başlanan Stolıpin irticası Bakıya da öz təsirini göstərdi və tezliklə burada inqilabi fikirli adamlara qarşı təqiblər başladı. Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə İrana mühacirət etmək məcburiyyətində qaldı. M.Ə.Rəsulzadə ilkin vaxtlar İranda "Tərəqqi" qəzetinin xüsusi müxbiri kimi fəaliyyətə başladı. Onun "Tərəqqi" qəzetində "İran məktubları" başlığı ilə çap edilən yazıları böyük diqqətə səbəb oldu. Cəmi 43 publisistik məqalədən ibarət olan bu yazılar "İran məktubları" rubrikası ilə verilmişdi. Bu məktublar əsrin əvvələrindəki İran siyasi mühitini və M.Ə.Rəsulzadənin İrandakı fəaliyyətini öyrənmək üçün son dərəcə qiymətli mənbələrdir. Qeyd edək ki, 1910-cu ildən Tehranda M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan "İrani-növ" qəzeti İranda müasir Avropa üsulu ilə çap edilən ilk mətbuat orqanı idi. M.Ə.Rəsulzadə Tehranda İran məşrutə hərəkatı xadimləri ilə görüşmüş, Səttarxan və Bağırxanla təmasda olmuş, İranda ilk demokratik islahatların təbliğatçısı kimi fəaliyyət göstərmişdi. Bu mənada onun İrandakı fəaliyyət dövrünün, zəngin mətbu irsinin araşdırılmasına ehtiyac var. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (ümumi bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı. Qeyd edək ki, bu dövrdə artıq Bakıda Müsavat Partiyası qurulmuşdu və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra Partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi. Bu illərdə M.Ə.Rəsulzadənin "Dirilik" jurnalında çap edilmiş məqalələri də ictimai əhəmiyyəti baxımından diqqəti daha çox cəlb edirdi. Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilmişdi. M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində "Açıq söz" qəzetinin böyük əhəmiyyəti olmuşdu. "Açıq söz" qəzeti 1915-ci ilin oktyabr ayının 2-də Bakıda nəşrə başladı. Qəzetin adının altında yazılmışdı: "Siyasi-ictimai və ədəbi Türk qəzetəsi". Qəzetin baş məqaləsi "Tutacağımız yol" adlanırdı. Müəllifi M.Ə.Rəsulzadə olan bu yazıda mühüm bir problem açıqlanırdı: "Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi. "Dünyanın xəritəsi hərbdə dəyişəcək" - deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir". Qeyd edək ki, Rusiya müsəlmanlarının 1917-ci ilin mayın 1-dən 11-dək Moskvada keçirilən birinci Ümumrusiya qurultayı da milli mədəni inkişafın formalaşmasında mühüm rol oynadı. Qurultayda M.Ə.Rəsulzadənin "Ərazi Muxtariyyəti" ideyası ilə çıxışı böyük maraqla qarşılandı. Hətta qurultayda iştirak edən türkmən şairlərindən biri məzmunlu çıxışı ilə bağlı M.Ə.Rəsulzadəyə bir şeir də həsr etmişdi. 1918-ci ilin mayın 27-də isə Zaqafqaziya Seyminin buraxılması ilə bağlı bura daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Milli Şurasını elan etdi. Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. Ümumi səsvermə nəticəsində M.Rəsulzadə Milli Şuranın sədri seçildi. Mayın 28-də isə Milli Şura Azərbaycan istiqlalını bütün dünyaya elan etdi. M.Ə.Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq yazırdı: "O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən milli olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır". Şübhəsiz ki, Müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan parlamentinin yaradılması oldu. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin çağırılması ilə əlaqədar olaraq Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" müraciətnaməsi də hazırlanmışdı. Parlamentin ilk iclasını da M.Ə.Rəsulzadə giriş nitqi ilə açdı: "Möhtərəm millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən inqilab bu böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hüriyyət və istiqlal haqları idi..." Azərbaycan Parlamentinin işində M.Ə.Rəsulzadə böyük fəallıq göstərirdi. Parlament iclaslarında fəal iştirak edən M.Ə.Rəsulzadə başçılıq etdiyi Müsavat fraksiyasının fəaliyyət proqramları haqqında tez-tez məlumatlar verirdi. Bu məlumatlarda ümumi bir məqsəd qarşıya qoyulurdu - Gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının qonşu dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi respublikada hüquqi-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması. Təəssüflər ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdi. Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K (b) P MK, ölkə komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından Parlamentə 12 saatlıq ultimatum verdilər. Axşam saat 19:30-da Parlamentin fövqəladə iclasında M.Hacınski komissiya adından bildirdi ki, kommunistlərin ultimatumunun bütün şərtləri M.Ə.Rəsulzadə istisna olmaqla komissiya tərəfindən qəbul edilir. 1920-ci ilin Aprelin 27-sində baş verən hadisələrdən sonra M.Ə.Rəsulzadə yaxın əqidə dostları ilə gizli fəaliyyətə başladı. O, gizli şəraitdə yaşamaq məcburiyyətində qalmışdı. 1920-ci il avqustun 17-də onu Lahıc yaxınlığındakı Qaraməryəmdə həbs edib Bakıya gətirdilər. M.Ə.Rəsulzadə həbsxanada olarkən keçmiş mübarizə dostu Stalin Bakıda onunla görüşdü və həbsxanadan azad etdirib, özü ilə birgə Moskvaya apardı. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi. O, burada Milli Mərkəz təşkil edib, bütün siyasətçiləri bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən "Yeni Qafqaziya" jurnalını nəşr etdi. Az müddət içərisində "Azərbaycan Cümhuriyyəti, keyfiyyət-təşəkkülü, şimdiki vəziyyəti" əsərini yazıb çap etdirdi. Əsər böyük maraqla qarşılandı. Vyanada çıxan "Doyçe Ostrey - Xişe Taqes Saytunq" qəzetində, Türkiyədə çap edilən məşhur "Tan", "İqdam", "Axşam", "Əməl" mətbu orqanlarında əsərə yüksək qiymət verilirdi. İkinci Dünya müharibəsi illərində də M.Ə.Rəsulzadə azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər gördü. Qeyd edək ki, Almaniya hökuməti əski mühacirlərlə əlaqələr qurmağa daim cəhdlər göstərirdi. 1942-ci ilin aprelində Şulenberqin vasitəçiliyi ilə Fransada, İtaliyada, Balkanlarda, Türkiyə və İsveçrədə yaşayan bir çox millətçi-mühacirlər Berlinin məşhur "Adlon" mehmanxanasına toplaşıb yığıncaq da keçirmişdilər. İkinci dünya müharibəsi illərində almanlar isə M.Ə.Rəsulzadə ilə hər vasitədə işbirliyinə çalışırdılar. Lakin o, Azərbaycanın müstəqilliyinin elan edilməsinin alman siyasəti ilə uzlaşmadığını görüb oradan Buxarestə getdi. Müharibənin sonlarına yaxın M.Ə.Rəsulzadənin başçılığı altında Münhendə "Azərbaycan Demokrat Birliyi" adlı cəmiyyət quruldu. Cəmiyyət azərbaycanlı əsirlərin xilasında böyük rol oynadı. Qeyd edək ki, M.Ə.Rəsulzadə Türkiyəyə qayıtdıqdan sonra əski legionçuların və mühacirlərin bir mərkəz ətrafına toplanmasını vacib sayırdı. Elə bu məqsədlə də o, 1949-cu ilin fevralın 1-də Ankarada Azərbaycan Kültür Dərnəyini yaratdı. Dərnəyin ilk toplantısında doktor İbrahim Bədəl Məhəmməd Əmin Rəsulzadənin yaradılan qurumun Fəxri Başqanı seçildiyini elan etdi. Qeyd edək ki, M.Ə.Rəsulzadə ömrünün sonuna qədər Dərnəyin Fəxri sədri olaraq qaldı. M.Ə.Rəsulzadə 1955-ci ildə Ankarada vəfat etdi. Nəsiman YAQUBLU www.525.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar