SON XƏBƏRLƏR

Daha bir sənaye müəssisəsinin işçiləri əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər – Urmiyədə

2021.10.20, 07:36
Daha bir sənaye müəssisəsinin işçiləri əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər – Urmiyədə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda ağır iqtisadi vəziyyətlə əlaqədar yüzlərlə sənaye və istehsal müəssisəsi işini dayandıraraq istehsal dövriyyəsindən kənarda qalıb, fəaliyyətini çətinliklə davam etdirən müəssisələrin əksəriyyəti isə işçilərinin maaşını ödəmək iqtidarında deyil.

 

Son məlumata görə, “Urmiyə Polad Qrupu” müəssisəsinin işçiləri uzun müddətdir maaş ala bilmədikləri üçün Urmiyə Valiliyinin binası önündə etiraz aksiyası keçiriblər.

 

“İlna” xəbər agentliyində yayılan məlumata görə, aksiyaçılar 10 aydır maaş almadıqlarını bildirərək şirkət rəhbərliyinə kəskin etiraz bildiriblər. İşçilərin uzun müddətdir siğorta haqlarının ödənilmədiyi də bildirilir.

 

“Biz şirkət rəhbərliyi və Qərbi Azərbaycan Əmək İdarəsinə dəfələrlə müraciət etdik, lakin heç bir nəticə əldə olunmadı. Ona görə də bu dəfə valiliyə şikayət edirik. Biz validən istəyirik ki, şirkət rəhbərliyindən bizim gecikən əmək haqlarımızın ödənilməsini tələb etsin”- deyə etirazçılar bildirib.

 

 

“Urmiyə Polad Qrupu” müəssisəsinin işçiləri eyni problemlə bağlı bir il ərzində 8 dəfə etiraz aksiyası keçirib. İşçilər fevralın 24-də keçirdikləri aksiyada hökumət rəsmilərinin onlara olan laqeyd münasibətinə etiraz olaraq “Ölüm olsun fəhləyə - Salam olsun zalimə” şüarını səsləndirmişdir.

 

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın müxtəlif bölgələrində sənaye və istehsal müəssisələrinin bağlanması, işçilərin ixtisar edilməsi və onların əmək haqlarının ödənilməməsi faktlarına tez-tez rast gəlinir. İqtisadi vəziyyətin ildən ilə tənəzzülü nəticəsində çoxlu soydaşımız iş tapmaq məqsədilə İranın fars əyalətlərinə köçür. Bu isə Azərbaycanda demoqrafik vəziyyətin dəyişməsinə gətirib çıxarır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar