SON XƏBƏRLƏR

Danimarkada sui-qəsd planı hazırlayan ETTELAAT əməkdaşı həbs edilib. Danimarka Tehrandakı səfirini geri çağırıb

2021.10.20, 07:36
Danimarkada sui-qəsd planı hazırlayan ETTELAAT əməkdaşı həbs edilib. Danimarka Tehrandakı səfirini geri çağırıb

Gunaz.tv

 GünAzTV: Danimarkada mühacirətdə yaşayan iranlı müxaliflərə qarşı sui-qəsd planı hazırlayan ETTELAAT əməkdaşı həbs edilib. Bu barədə Danimarka xarici işlər naziri Anders Samuelsen oktyabrın 30-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, İran xəfiyyə orqanlarının Danimarkada yaşayan “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən olan Həbib Cəbrə qarşı sui-qəsd planı ifşa edilərək qarşısı alınıb: “İran rejimi bu terror planının arxasında olub. Mən, məsələ ilə bağlı məşvərət aparmaq üçün Tehrandakı səfirimizi geri çağırmaq qərarına gəlmişəm. Hesab edirik ki, İran təhlükəsizlik qüvvələrinin Danimarka ərazisində kiməsə qarşı sui-qəsd planı hazırlayıb həyata keçirməsi qəbuledilməzdir.

 

Biz, İranın ölkəmizdə hazırladığı bu sui-qəsd planını avropalı tərəfdaşlarımızla bir araya qoyacaq, Avropa Birliyini İrana qarşı yeni sanksiyalar qoymağa vadar etməyə çalışacağıq. Biz həmçinin baş vermiş olayla bağlı İranın Kopenhagendəki səfiri Murtuza Muradiyanı Xarici İşlər Nazirliyinə çağıraraq, onların ölkəmizdə terror aktına cəhdini şəffaf və kəskin şəkildə pisləmiş, İran tərəfindən buna açıqlama gətirilməsini tələb etmişik”.

 

Danimarkanın xarici işlər naziri Anders Samuelsen

 

Həmçinin Danimarka Təhlükəsizlik Xidmətinin rəisi Finn Borch Andersen, oktyabrın 30-da jurnalistlərə bildirib ki, sui-qəsd planına görə oktyabrın 21-də yaxalanan şəxs, ETTELAAT əməkdaşı olan İran əsilli Norveç vətəndaşıdır: “Biz İran xüsusi xidmət orqanlarının Danimarka torpağında terror və sui-qəsd planı təhlükəsi ilə üz-üzə qalmışıq. Aydın məsələdir ki, bu bizim üçün qəbuledilməzdir və hesab edirik ki, İranın bu kimi addımlarının qarşısı alınmalıdır. Həmin şəxsin yaxalanması üçün İsveç və Norveç xüsusi xidmət orqanları da bizimlə əməkdaşlıq edib”.

 

Finn Borch Andersen, sui-qəsd planına görə həbs edilən ETTELAAT əməkdaşının adını açıqlamayıb.

 

Danimarka Təhlükəsizlik Xidmətinin rəisi Finn Borch Andersen

 

Xatırladaq ki, bir il əvvəl, Xuzistan əyalətinin müstəqilliyi uğrunda mübarizə aparan “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən olan Əhməd Nisi (Əhməd Mövla Əbu Nahiz) Hollandiyanın Haaqa (Lahə) şəhərində İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib.

 

Hadisə 2017-ci il, noyabrın 8-i axşam saat 17 radələrində baş verib. Naməlum silahlı şəxslər, ailəsi ilə birlikdə Haaqa şəhərində yaşayan Əhməd Nisiyə qaldığı evin qarşısında səssiz tapançadan bir neçə dəfə atəş açıblar. Başından və sinəsindən 3 güllə yarası alan 54 yaşlı ərəb lideri yerindəcə həlak olub. Hücumçular hadisə yerindən qaçıblar.

 

ETTELAAT tərəfindən qətlə yetirilmiş "Əl-Əhvaz Azadlıq Hərəkatı"nın keçmiş liderlərindən olan Əhməd Nisi

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar