SON XƏBƏRLƏR

Don Koats: “Əl-Qaidə İrandan idarə olunur”

2021.10.20, 07:36
Don Koats: “Əl-Qaidə İrandan idarə olunur”

Gunaz.tv

GünAz TV: Amerika Milli Kəşfiyyat İdarəsinin rəhbəri Don Koats DAİŞ-in hələ ki, tam məhv edilmədiyini və Əl-Qaidə İrandan idarə olunduğunu deyib.

 

Ötən həftə Don Kostsın Senatda qlobal təhdidlərlə bağlı verdiyi şifahi hesabat “FDD’s Long War Journal” tərəfindən yayımlanıb. Hesabatda qeyd edilir ki, Amerika rəhbərliyinin dediklərinin əksinə olaraq, DAİŞ tam olaraq məhv edilməyib. DAİŞ terrorçuları hələ də Suriya və İraq kimi ölkələrdə qalıblar və onlar digər ölkələrə sızmağa çalışırlar.

 

Eləcə də, ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən yayımlanmış xəritədə rəsmi olaraq “Əl-Qaidə” terror təşkilatının İrandan idarə olunduğu isbat edilir. “Əl-Qaidə” üzvləri xüsusən İranın Əfqanıstan və Pakistanla həmsərhəd bölgələrində fəaliyyət göstərirlər.

 

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbərinin hesabatında “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinin İrandan bu təşkilatı idarə etdiyi vurğulanır.

 

Xatırladaq ki, 2018-ci ildə BMT-nin bu təşkilata üzv ölkələrin verdiyi kəşfiyyat materialları əsasında hazırladığı hesabatda da “Əl-Qaidə” rəhbərlərinin İranda nəzərə çarpacaq fəaliyyətinin olduğu qeyd edilirdi.

 

Qeyd etmək lazımdır ki, İran “Əl-Qaidə” və “Taliban” kimi bir çox terror təşkilatlarına hərbi və maddi yardım göstərir. İranlı rəsmilər “Əl-Qaidə”yə yardım etdiklərini inkar etsələr də, rəsmi Tehranın Talibanla əməkdaşlığının olmasını etiraf edirlər. 2018-ci ilin dekabr ayının sonlarında Əfqanıstana rəsmi səfərə gedən İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani də ölkəsinin Taliban ilə əməkdaşlıq etdiyini etiraf etmişdi. Bu isə Əfqanıstanın ciddi narazılığına səbəb olmuşdu.

 

Daha sonra yanvar ayında İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səsləndirdiyi “Talibanın Əfqanıstanın gələcəyində rolu olmalıdır” fikri iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu. Əfqanıstan rəsmiləri öz reaksiyalarında Zərifin və İran XİN-in Taliban qruplaşmasının sözçüsü vəzifəsini icra etdiklərini bildirmişdilər.

 

Amerika Birləşmiş Ştatları və beynəlxalq ictimaiyyət dəfələrlə İranı “Əl-Qaidə” və digər terror təşkilatlarını himayə etməkdə günahlandırıb. İranın bu təşkilatlara göstərdiyi yardımlarla bağlı maddi sübutlar da beynəlxalq ictimaiyyət tərəfindən BMT-yə təqdim edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar