SON XƏBƏRLƏR

Dostun düşmənçiliyi_ Bahəddin Həziyev

2021.10.20, 07:36
Dostun düşmənçiliyi_ Bahəddin Həziyev

Gunaz.tv
yazar_jqljiuel.jpg Bahəddin Həziyev [email protected]/* */ Dostun düşmənçiliyi Azərbaycan tutaq ki, pisdir. Gürcüstanı niyə dağıdırsınız? Təklif edirəm ki, daha Metyu Brayzanın təkzibinə inanmayaq. Hesab edək ki, Rusiya və Fransadan sonra üçüncü həmsədrin – Amerikanın da mövqeyi bizə aydındır. Qarabağda referendum Qarabağı vermək deməkdir. Brayza bundan əvvəl də dəfələrlə müxtəlif bəyanatlar verib. Sonra təkzib edib. Amma üzürü günahından betər olur. Bu qədər də olmaz. Əgər Qarabağdakı ermənilər öz taleyi ilə bağlı özləri qərar verəcəkdisə, niyə orada keçirilən «seçkilər»i Amerika tanımır? Orda indiyə qədər «prezident» də, «parlament» də, «bələdiyyə» də «seçib»lər (Yeri gəlmişkən, Azərbaycan miqyasındakı seçkiləri də belə dırnaq işarəsi içində yazmağı təklif edərdim). Amma Vaşinqton heç birini tanımayıb. Qarabağ erməniləri orda referendum da keçiriblər. Vaşinqton yenə də tanımayıb. Həm də tək Vaşinqton yox, İrəvandan başqa dünyanın heç bir paytaxtı tanımayıb. Hətta bu bəlanı Azərbaycanın başına açmış Rusiyanın özü belə tanımayıb. Tanımayıblarsa, deməli, əsas görməyiblər. Bu qədər seçkiləri tanımadığı halda nədən Amerika və dünya orada elə həmin tüfənglərin lülələri altında keçiriləcək daha bir referendumu tanımalıdır? Axı hardadır məntiq? Gördünüzmü, Metyu Brayzanın «Qarabağlılar özləri seçməldir: Azərbaycanın yurisdiksiyasında qalırlar, yoxsa müstəqil respublika olurlar» bəyanatı Abxaziyada və Cənubi Osetiyada necə böyük şadyanalıqla qarşılandı?! Məlumdur. Sepatçılar Kosovonun davamını istədilər və bu açıqlamadan da ümidləndilər. Yaxşı, biz bir yana. Tutaq ki, Azərbaycan pisdir, burada avtoritarizm var. İrana qarşı sanksiyalara qoşulmuruq. Rusiyaya qarşı siyasətimizi dəyişmirik. NATO-ya tərəf birmənalı xətt götürməmişik. Bunların hamısı bəllidir. Üstəlik də müsəlmanıq. Bəs Gürcüstana nə söz?! Saakşvili ki Amerikanın siyasi istixanalarında əkilib böyüdülmüş ştil idi, gətirib Gürcüstana əkdiniz. Ermənistanı qazanmaq üçün Azərbaycanı parçalamaq istəyirsiniz. Anladıq. Bəs Gürcüstanı niyə dağıdırsınız? Bu həmin Gürcüstan deyilmi ki, zirehli gödəkcə əvəzinə əyninizə geyinib Rusiyanın üstünə gedirsiniz?! Döyüşdən qabaq öz zirehli gödəkçənizi niyə elə özünüz dəlmə-deşik etmək istəyirsiniz?! (Hörmətli ABŞ səfirliyi, acizanə rica edirəm, bu məqaləni də tərcümə edib Dövlət Departamentinə göndərin. Hər halda özüm də, yəqin ki, göndərəcəyəm). Uzun illərdir ki, Azərbaycan iki nəticə ilə ovunur: birincisi, Amerika Birləşmiş Ştatları başda olmaqla dünya birliyi ərazi bütövlüyümüzü tanıyır; ikincisi, Ermənistandan başqa heçir dövlət Dağlıq Qarabağda keçirilən oyuncaq rejimi tanımır. Bunlar əslində bir-birindən doğur. Birini şübhə altına aldılar. Brayzanın bəyanatını deyirəm. Dağlıq Qarabağdakı ermənilərə öz taleyini həll etmək üçün referendum haqqı vermək Azərbaycanın ərazi bütövlüyünü tanımadığını birmənalı ifadə etməkdir. Bunun başqa adı yoxdur. O biri tərəfdən, axı haqqı elə haqqı çatana verərlər. Ruslar və farslar Ermənistanın dalında durdu, o da Qarabağa aşkar təcavüz edib qətliamlar törətdilər. İşğalçılıq siyasəti apardılar. Qarabağ erməniləri həmin işğala etiraz etmiş olsaydı, Rusiyanın əlində oyuncaq olmağa qərar verməsəydilər, bu haqqı qazanmış olardılar. Amma belə bir haqqı qazanmayıblar. Əgər Amerika, eləcə də, qoca Avropa demokratiyaları ermənilərə qazanmadıqları haqqı verəcəklərsə, versinlər. Güc sahibidirlər. Yəqin ki, Səfər Əbiyevin ordusu ilə NATO –ya qarşı vuruşmaq fikrimiz yoxdur. Bildiklərini, bacardıqların etsinlər. Ancaq Gode adlandırdıqları Allah xatirinə haqdan, ədalətdən danışmasınlar. Haqsızlıq etmələrindən çox haqsızlığı haqq kimi təqdim edəndə gözdən düşürlər. Azərbaycanlılar rus əsarətindən qurtarandan sonra Amerikanı özlərinə dost seçdilər. Ona görə də indi dostun düşmənçiliyindən yaman qorxurlar. Çünki azərbaycanlıların atalar sözündə deyildiyi kimi: «Dostun düşmənçiliyi yaman olur». bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar