SON XƏBƏRLƏR

DREZDEN RƏSM QALEREYASINDA AZƏRBAYCAN TƏSVİRİ SƏNƏT NÜMUNƏLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR

2021.10.20, 07:36
DREZDEN RƏSM QALEREYASINDA AZƏRBAYCAN TƏSVİRİ SƏNƏT NÜMUNƏLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR

Gunaz.tv
DREZDEN RƏSM QALEREYASINDA AZƏRBAYCAN TƏSVİRİ SƏNƏT NÜMUNƏLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, iyunun 12-də ölkəmizin incəsənət və mədəniyyət tarixində ilk dəfə olaraq, Avropanın ən nüfuzlu incəsənət ocaqlarından sayılan Drezden Rəsm Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Zaman mərhələləri” adlı sərginin açılışı olmuşdur. Almaniyada Azərbaycan ili çərçivəsində keçirilən sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi və Drezden Dövlət İncəsənət Kolleksiyaları tərəfindən təşkil edilmişdir. Sərginin açılışında qalereyanın direktoru, professor Rot çıxış edərək, Drezden Qalereyasında Azərbaycan rəssamlarının ilk dəfə olaraq, belə geniş tərkibdə öz əsərləri ilə təmsil olunmasını ikitərəfli mədəni münasibətlər üçün böyük uğur adlandırmışdır. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov 30-dək Azərbaycan rəssamının əsərlərinin tanınmış Drezden Rəsm Qalereyasında nümayiş etdirilməsini Azərbaycan-Almaniya münasibətlərinin inkişafına töhfə kimi qiymətləndirmişdir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təsviri və tətbiqi sənət bölməsinin müdiri, professor Leyla Axundzadə Azərbaycandakı incəsənət cərəyanları və rəssamlıq məktəbləri barədə danışmış, ayrı-ayrı rəssamlar və rəsm əsərlərinə dair peşəkar şərh vermişdir. Sərgidə Azərbaycan rəssamlarının təsviri və tətbiqi sənət nümunələri, rəsm, qrafika və videomateriallardan ibarət əsərləri üç bölmədə nümayiş etdirilir. İlk bölmədə yaşlı nəslin, ikinci bölmədə orta nəsil və ya yaradıcılığı sovet dövrünə təsadüf edən rəssamların, sonuncu bölmədə isə yaradıcılığı müasir Azərbaycanla bağlı olan sənətkarların əsərlərinə tamaşa etmək mümkündür. İyunun 15-dək alman incəsənətsevərləri xalq rəssamları Tahir Salahov, Fərhad Xəlilov, Mirnadir Zeynalov və digərlərinin əsərləri ilə tanış olacaqlar. Drezden Rəsm Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi ilə Almaniyada Azərbaycan ili mədəniyyət proqramının ikinci mərhələsinə start verilmişdir. Mədəniyyət ilinin ikinci mərhələsi əsasən sərgilərin təşkilinə həsr ediləcəkdir. İyulun ortalarında Almaniya Federal Xarici İşlər Nazirliyinin “İşıqlı saray”ında “Azərbaycan” devizi altında vernisaj, avqustda isə Berlin Etnologiya Muzeyində “5000 illik Azərbaycan tarixi” adlı sərgi keçiriləcəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar