SON XƏBƏRLƏR

Dünya : Abxaziya problemi ətrafında sülh işartıları görünür?!

2021.10.20, 07:36
Dünya : Abxaziya problemi ətrafında sülh işartıları görünür?!

Gunaz.tv
Dünya : Abxaziya problemi ətrafında sülh işartıları görünür?! abh_111.jpg Abxaziya problemi ətrafında sülh işartıları görünür?! Tbilisi və Moskva bu məsələdə qarşılıqlı loyallıq nümayiş etdirirlər Abxaziya ətrafında Rusiya və Gürcüstan arasında olan münaqişə yaxın vaxtlarda öz həllini tapa bilər. Rusiya prezidenti Dmitri Medvedevin bəyanatları və yerli qəzetlərin məlumatları belə deməyə əsas verir. Belə ki, D.Medvedev ötən həftə keçirilmiş Rusiya–AB sammitində bildirib ki, özünü müstəqil elan etmiş qondarma Abxaziya ətrafında tezliklə sülh atmosferi bərqərar olacaq. O, həmçinin söyləyib ki, Avropa Birliyi kimi Rusiya da münaqişənin zor tətbiq etmədən siyasi yollarla, təhlükəsizlik məsələlərinə riayət etməklə həllinin tərəfdarıdır. Ümumiyyətlə, Avropa da Abxaziyanın statusu ətrafında Rusiya–Gürcüstan arasındakı gərginliyin azaldılmasının tərəfdarıdır. Bu qondarma qurum SSRİ dağıldıqdan sonra Gürcüstandan ayrılaraq öz müstəqilliyini elan edib. Tbilisi isə Moskvanı Abxaziya və Cənubi Osetiyanın yerli orqanlarına ciddi dəstək verməkdə və bu əraziləri sonda Rusiya Federasiyasının tərkibinə qatmaqda günahlandırır. Bu səbədən də iki ölkə arasında böhran həddi silahlı münaqişəyə qədər də gedib çatıb. Təbii ki, Qafqaz kimi geostrateji bir bölgədə, karbohidrogen ehtiyatların Qərb bazarlarına bu koridor vasitəsilə daşındığı bir vaxtda müharibə qığılcımlarının görünməsi Qərb ölkələri böhranın tezliklə aradan qaldırılmasına hesablanmış "əzələli" bəyanatlar veriblər. Buna görə də, münaqişə tərəfləri də açıq şəkildə bir–birlərinə hərbi jest göstərməkdən çəkinir və münaqişənin aradan qaldırılması istiqamətində təkliflər də irəli sürüblər. Bu dəfə isə daha bir təklif ortaya çıxıb, amma təsdiqini hələ ki, tapmayıb. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Gürcüstan yaranmış böhrandan çıxmaq üçün Rusiyaya təkliflər verib. "Kommersant" qəzetinin verdiyi informasiyada bildirilir ki, təkliflər özündə regionu Gürcüstan və Rusiya təsir sferalarına bölünməsini ehtiva edir: "Belə olan şəraitdə Gürcüstanın şimalında Rusiya sülhməramlılarının və separatçıların iştirakı ilə vəziyyət nəzarətə götürülür. Bunun əvəzində isə Tbilisi Cənub Qal və Oçamçir rayonlarından Rusiya sülhməramlılarının çıxarılmasını və bu ərazilərə əvvəllər yaşamış gürcülərin qaytarılmasını tələb edir. Bununla yanaşı, Abxaziya Gürcüstanın ərazisi kimi qalır. Lakin bu bölgəyə geniş muxtariyyat statusu verilir". Amma bu məsələ ilə bağlı mənbə nə Rusiya, nə də Gürcüstan rəsmilərindən mövqe öyrənə bilməyib. "Kommersant"ın verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze bu təklifləri həmkarı Qriqori Karasinə təqdim edəcək. Qeyd edək ki, Abxaziya dünya ictimaiyyəti tərəfindən Gürcüstanın ərazisi kimi qəbul edilir. Bu da məlumdur ki, 1990–cı ildən başlayaraq, Rusiyanın bu əraziyə sülhməramlı qüvvələr yerləşdirməsi Abxaziyanın yarırəsmi statusunu müəyyənləşdirib. Bu arada Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan–Rusiya münaqişəsində Avropa Birliyinin tərəf kimi çıxış etməsi üçün Brüsselə müraciət edib. Almaniyaya səfəri zamanı gürcü lideri deyib ki, bu status xüsusilə Berlinə yaraşır. Qeyd edək ki, Berlinə səfəri zamanı Mixail Saakaşvili özünü diplomat kimi apararaq Moskvanın ünvanına sərt mesajlar verməkdən yayınıb. Rusiyanın yeni prezidenti Dmitri Medvedev üçün o, ancaq xoş sözlər söyləyib: "O, müasir insandır, daha ehtiyatlı və diqqətlidir. Sələfindən fərqli olaraq, o, məsuliyyəti dərk edir və Rusiyanı modernləşdirmək istəyir. Biz onunla əməkdaşlıq etməliyik". Medvedev isə Saakaşvili ilə ilk görüşündə Rusiyanın Avropa ilə qarşıdurma yaratmaq istəmədiyinə dair mesajlar verib. Almaniyanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, yeni əməkdaşlıq cəhdlərinin uğurlu olması üçün hər iki tərəfin razılığı əldə edilməlidir. Lakin Avropa artıq aktiv təzyiqləri işə salmağa başlayıb. Bundan başqa, Abxaziya münaqişəsinin həlli istiqamətində BMT çərçivəsində Almaniyanın rəhbərliyi ilə dövlət qrupları işləyir. Xatırladaq ki, iki ölkə arasında ciddi qarşıdurma 2003–cü ildən sonra başlayıb. Bu ilə qədər isə Rusiya və Gürcüstan arasında böhran latent xarakter daşıyırdı. Amma cari ildə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya ilə əlaqələrin genişləndirilməsi haqqında qərar verməsindən sonra münaqişə açıq mərhələyə keçdi. Daha sonra, Gürcüstanın pilotsuz kəşfiyyat təyyarəsi vuruldu, Tbilisi isə öz növbəsində qeyri–qanuni silah tranziti ilə məşğul olan dörd Rusiya sülhməramlısını saxladı. Müstəqil müşahidəçilər regionda baş verən bu kimi aktual proseslərə ciddi yanaşırlar. Məsələn, bir neçə həftə öncə, Beynəlxalq Böhran Qrupu dərc etdirdiyi hesabatda göstərib ki, Qafqazda müharibə riski artır. Kifayət qədər nüfuzu olan bu qeyri–hökumət təşkilatı münaqişənin eskalasiyasında məsuliyyəti Rusiya və Gürcüstan arasında bölür. Hətta hesabatda yazılır ki, Gürcüstan müharibəyə hazırlaşır. Ramil VƏLİBƏYOV yeniazerbaycan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar