SON XƏBƏRLƏR

Dünya ombudsmanları Bakıya toplaşıb

2021.10.20, 07:36
Dünya ombudsmanları Bakıya toplaşıb

Gunaz.tv
Dünya ombudsmanları Bakıya toplaşıb siyas.jpg YUNESKO-nun dəstəyi ilə Ombudsmanların VI Beynəlxalq Bakı Konfransı işə başlayıb Dünən "Gülüstan" sarayında YUNESKO-nun dəstəyi ilə Ombudsmanların VI Beynəlxalq Bakı Konfransı işə başlayıb. "Qloballaşan dünyada insan hüquqları" mövzusunda keçirilən konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60 illiyinə və 18 iyun - Milli İnsan Hüquqları gününə həsr olunub. Toplantıda BMT-nin insan hüquqları üzrə ali komissarı, Avropa Şurasının insan hüquqları üzrə komissarının nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, bir sıra ölkələrin ombudsmanları, YUNESKO-nun baş ofisinin təmsilçiləri iştirak ediblər. Əvvəlcə prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciəti səsləndirilib. Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səsləndirdiyi müraciətdə qeyd olunur ki, hazırda dünya sürətli dəyişikliklər dövrünü yaşayır. Dəyişikliklər həm mədəniyyətdə, həm həyat tərzində, həm də sosial davranışda özünü büruzə verir. Bu isə öz növbəsində cəmiyyətdə mövcud olan hüquq sisteminə və mədəniyyətə təsir göstərir. Yeni durum hüquq institutlarının təkmilləşməsinə və yenilərinin formalaşdırılmasına da təkan verir. Müraciətdə o da qeyd olunur ki, Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Hələ 10 il bundan əvvəl ölkədə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramı təsdiq edilib. 2006-cı ildə isə insan hüquqlarının qorunması üzrə Milli Fəaliyyət Planı təsdiqlənib və hazırda uğurla icra olunur. Prezident müraciətində onu da bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün mənfi təsirlərinə baxmayaraq, ölkəmiz regionda və dünyada dinamik inkişaf edən dövlətə çevrilib. Buna paralel olaraq ölkədə demokratik islahatlar da həyata keçirilir: "Bununla yanaşı, Azərbaycan dövləti soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, işğal olunmuş torpaqların azad olunması üçün sarsılmaz iradəsini və gücünü nümayiş etdirəcək. Ümidvaram ki, ombudsmanlar və beynəlxalq təşkilatların nümayəndələri bu məsələlərə xüsusi diqqət yetirəcəklər və biz birlikdə insanların pozulmuş hüquqlarının bərpasına nail olacağıq". Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, konfransda insan hüquqlarının qorunması ilə bağlı təkliflər verilməlidir. "Mən düşünürəm ki, bu konfransda çox ciddi məsələlər müzakirə olunacaq və insan hüquqlarının qorunmasının yaxşılaşdırılması ilə bağlı təkliflər səsləndiriləcək" - deyə Ə.Həsənov vurğulayıb. O əlavə edib ki, insan hüquqları artıq beynəlxalq dəyərə çevrilib. Tədbirdə çıxış edən ombudsman Elmira Suleymanova qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. İnsan hüquqlarının qorunması ilə bağlı Milli Fəaliyyət Planının icrası çərçivəsində bu il mayın 19-dan iyunun 18-nə kimi Azərbaycanda insan hüquqları aylığı keçirilib. Aylıq çərçivəsində Ombudsman Aparatı ölkədəki bütün cəzaçəkmə müəssisələrindəki vəziyyətlə tanış olub. Ombudsman onu da xatırladıb ki, sözügedən Dövlət Proqramında insan hüquqlarının təmin edilməsi dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib. Ölkə prezidentinin sərəncamı ilə 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi rəsmiləşdirilib. E.Süleymanova əlavə edib ki, Ombudsman Aparatı hökumət strukturları ilə birlikdə ölkədə insan hüquqlarının pozulması ilə bağlı hər bir siqnalı araşdırır. Bu çərçivədə məhbusların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Son 5 il ərzində Ombusman Aparatının müraciəti əsasında 220-dən çox məhbus əfv olunub. Ombudsman Azərbaycanda insan hüquqlarının pozulması hallarının əsas səbəblərini də açıqlayıb. O qeyd edib ki, əsas səbəblərdən biri Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında qalmasıdır. "Erməni təcavüzü nəticəsində doğma yurdlarından qovulan qaçqın və məcburi köçkünlər hələ də kütləvi şəkildə insan hüquqlarının pozulmasından əziyyət çəkirlər" - deyə E.Süleymanova vurğulayıb. O, beynəlxalq ictimaiyyəti Azərbaycanın qaçqın və məcburi köçkünlərinin əzablarına son qoyulması istiqamətində səylərini əsirgəməməyə çağırıb. Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi ilə əlaqədar Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsini alqışlayıb. O qeyd edib ki, indiyədək BMT-nin xətti ilə Azərbaycanda bəyannamənin təxminən 5 min nüsxəsi yayılıb. Konfrans bu gün işini davam etdirəcək. İ.QULİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar